Yaralı əsgərlərini xilas edərkən şəhid olan “Qarabağ” ordenli kapitan

Manşet QARABAĞ
Spread the love

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq dastanı yazan igidlərimizdən biri də şəhid tağım komandiri Elçin Tağıyevdir.

Elçin Ağaqulu oğlu Tağıyev 1989-ci il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 1995-ci ildə həmin kənddəki orta məktəbin birinci sinfinə gedib. Hərbə uşaq yaşlarından maraq göstərən E.Tağıyev 2004-cü ildə 9-cu sinfi bitirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Bu hərbi məktəbi də əla qiymətlərlə bitirərək 2007-ci ildə Ali Hərbi Məktəbə daxil olub və zabit kimi hərbi xidmət fəaliyyətinə başlayıb.

“Report”un Muğan bürosu onun qəhrəmanlıq hekayəsinə bir daha işıq salmaq üçün onun Biləsuvar rayonunun Zəhmətabad kəndindəki ata ocağına üz tutub.

Əsgərləri Elçini qayğıkeş komandir kimi xatırlayır. Hər bir əsgərinə xüsusi diqqət göstərər, şəxsi heyətin sağlamlığını nəzarətdə saxlayardı. Onu sevdirən də elə bu xüsusiyyətləri idi. Döyüş meydanında da bir an belə tərəddüd etmədən əsgərlərini təhlükədən qurtarar, özünü düşünməzdi. Bir neçə uğurlu əməliyyatda iştirak edən 31 yaşlı şəhid kapitan Elçin Tağıyev 17 nəfərlik düşmən qrupunun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərib.

Hərbi həkim olan qardaşı Yalçın Tağıyev deyir ki, Elçinlə eyni istiqamətdə döyüşüblər: “Hər gün bir-birimizdən xəbər tuturduq. Sonuncu dəfə oktyabrın 1-də danışdıq. Sonra Elçinin taboru Talış istiqamətində gedən döyüşlərə qatıldı. Həmin döyüşlər zamanı yaralansa da, ilk növbədə yaralı əsgərlərin çıxarılmasını əmr edib. Uzun sürən xilasetmə əməliyyatında kapitan Elçin Tağıyev şəhid olub.

Şəhidin anası Ayna Tağıyeva iki hərbçi oğlundan birini, böyük övladını müharibədə itirsə də, övladının igidliyi ilə fəxr edir: “Oğlum üzümü ağ edib, düşmən qarşısından geri çəkilməyib. Ölümündən əvvəl ona mayor hərbi rütbəsi verilmişdi. Özündən sonra üç övladı yadigar qalıb”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla bir sıra hərbi qulluqçular “Qarabağ” ordeni ilə təltif ediliblər. Onlardan da biri şəhid kapitan Elçin Ağaqulu oğlu Tağıyevdir.