YAP Siyasi Şurası Milli Məclisin buraxılması haqqında qərar qəbul edib – növbədənkənar seçki olacaq

Əsas Manşet HADİSƏ
Spread the love
Bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclasında Milli Məclisin buraxılmasına dair qərar qəbul olunub.
DunyaninSesi “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.
Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.
Qeyd edək ki, bu gün saat 14.00-da YAP-ı təmsil edən millət vəkilləri partiyanın mərkəzi qərargahında toplantı keçirəcəklər. Onların hakim partiya Siyasi Şurasının tövsiyəsi əsasında Prezident İlham Əliyevə müraciət edəcəkləri gözlənilir.
Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.
Yeri gəlmişkən, Milli Məclisin Daxili Nizamnaməsinin “Milli Məclisin buraxılması” adlı 23-2-ci maddəsində deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 98 (1)-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya MəhkəməsininAzərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdəAzərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır”.
Növbədənkənar seçkilərdə seçilən Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.
Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan parlamentinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Musa Umudov