Yanvardan dollar 2 manat OLACAQ?

Əsas Manşet İQTİSADİYYAT
Spread the love

Son zamanlar yayılan qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda yanvar ayında növbəti dəfə devalivasiya baş verə bilər. Yayılan iddialara görə, dollar 2 manata qədər yüksələcək, müxtəlif oktanlı benzinin, hətta dizel yanacağının qiyməti də bahalaşacaq.

Bəs görəsən bu iddialar nə dərəcədə realdır? Ölkədə devalivasiya gözlənilirmi?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan manatının rəsmi məzənnəsi inzibati qaydada tənzimlənir və bizdə bazar iqtisadiyyatı qanunları çalışmır. Yəni manatın məzənnəsi nə birjalarda, nə gündəlik onlayn valyuta satışlarında müəyyənləşdirilmir: “Manatın məzənnəsi Mərkəzi Bankın inzibati tənzimləmə mexanizminə görə tənzimlənir. Bizdə manata təsir edən əsas amil neft qiymətləridir. Neft qiymətlərinin hələlik çox yüksək səviyyədə olması, manata bəlli dərəcədə sabitlik gətirib. Bunu nəzərə alsaq, əgər inzibati qaydada dəyişiklik olmasa, o zaman məzənnənin dəyişdirilməsinə lüzum yoxdur. Təhlükəli məqamlardan biri ondan ibarətdir ki, manatın dəyəri yerində qalsa da, alıcılıq qabiliyyəti sürətlə aşağı düşür. Yəni infilyasiya proseslərinin daha sürətlə getməsi, ən azı devalivasiya qədər təhlükəli bir prosesdir. Ona görə də, biz fərqli gedişatın şahidi oluruq”.

Natiq Cəfərli əlavə edib ki, hələlik manatın məzənnəsi inzibati qaydalarla dəyişməz qalır: “Bunun nə vaxta qədər davam edəcəyini demək çətindir. Çünki məzənnə daim eyni qaydada qala bilməz, çünki bunun fəsadları daha ağır olur. Biz bunu 2005-2015-ci illər arasında müşahidə etmişik. Təxminən 10 il manatın məzənnəsi sabit qaldıqdan sonra, 3 dəfə devalivasiya baş verdi. İndi də manatın məzənnəsi uzun illər sabit qala bilməz. Bir müddət sonra bu dəyişəcək. Amma məzənnə dəyişikliyi iqtisadi əsaslarla deyil, Mərkəzi Bankın verdiyi inzibati qaydalarla olacaq”.

Dünyanınsəsi.Az