Xarici diplomatlar Navalnının işi üzrə məhkəməyə gəlib

DÜNYA Hit
Spread the love

Rusiya Xarici İşlər Nazirliyi bunu daxil işlərə müdaxilə adlandırıb

Moskvada ABŞ, Böyük Britaniya, İsveçrə, Latviya və digər ölkələrin diplomatları da daxil olmaqla, xarici səfirliklərin 20-yə yaxın nümayəndəsi müxalif siyasətçi Aleksey Navalnının məhkəmə iclasına gəlib. Məhkəmədə Rusiya Federasiyasının Federal Penitensiar Xidmətinin Navalnının şərti cəzasının həqiqi cəza ilə əvəz edilməsinə dair təqdimatına baxılır.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Maria Zaxarova xarici diplomatik nümayəndələrin məhkəməyə gəlişinin “suveren dövlətin daxili işlərinə müdaxilə” hesab edir.

“Ənənəvi olaraq xarici məhkəmələrdə diplomatlar öz vətəndaşlarını dəstəkləyir. Qərblilər Navalnını “özününkü “kimi qəbul etsələr də, o, Rusiya Federasiyasının vətəndaşıdır” – deyə o, Facebook səhifəsində yazıb.

Rusiya Federasiyası Prezidentinin Mətbuat Katibi Dmitri Peskov bundan əvvəl Rusiyadakı xarici diplomatların ölkənin daxili işlərinə qarışmamalı və məhkəməyə təzyiq cəhdi kimi qiymətləndirilə biləcək hərəkətlərə yol verməməli olduğunu deyib. Onun sözlərinə görə, diplomatlar “diplomatik münasibətlər haqqında Vyana Konvensiyası çərçivəsində, lakin çərçivədən kənara çıxmamaqla hərəkət etməkdə sərbəstdirlər”.

İsveç Xarici İşlər Naziri ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Rusiya rəsmilərini Navalnını sərbəst buraxmağa çağırıb.

“Qonşular həmişə bir-birləri ilə səmimi danışmağı bacarmalıdırlar. Mən xüsusən də bu həftəsonu keçirilən etiraz və nümayişlərdən sonra Rusiyada demokratiya və insan haqları ilə bağlı vəziyyətin pisləşməsindən narahatlığımı bildirmişəm. Navalnının azad edilməsinə çağırmışam və kimyəvi maddələrdən istifadənin yolverilməz olduğunu qeyd etmişəm. Bu, Avropa İttifaqının ortaq mövqeyidir” – deyə o, Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Ann Linde Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşdən əvvəl “Navalnıya hücum”, onun saxlanılması və etiraz aksiyaları zamanı rəsmilərin hərəkətlərini müzakirə etməyi planlaşdırdığını bildirib.