XANKƏNDİNİ KİMLƏR QARIŞDIRIR? – Və ya Arutunyana qarşı aksiyalarda əsas məqsəd nədir? + VİDEO

Manşet QALMAQAL
Spread the love

Ötən gün Xankəndində qondarma rejimin başçısı, separatçı Araik Arutunyanın istefası tələbilə etiraz aksiyası keçirilib. “AzPolitika.info” xəbər verir ki, nə qondarma quruma aid orqanların, nə də Rusiya sülhməramlılarının heç bir reaksiya vermədiyi, müdaxilə etmədiyi aksiyada Arutunyana və Nikol Paşinyana qarşı kəskin ifadələrin yer aldığı şüarlar səsləndirilib.

Sözügedən aksiyanın məhz Ermənistanda baş tutan və N.Paşinyanın partiyasının birmənalı qələbəsilə tamamlanan seçkidən dərhal sonraya təsadüf etməsi olduqca maraqlı görünür.

Məlum olduğu kimi, A.Arutunyan seçki günü N.Paşinyanın seçki qərargahına baş çəkmişdi və seçki dövründə də ona olan dəstəyini gizlətmirdi. Seçkidən sonra qondarma qurumun başçısı Paşinyanı təbrik etdi, bundan öncə isə Paşinyanın özü Arutunyana dəstək mesajları səsləndirmişdi.

 

 

Bir sözlə, Paşinyanla Xankəndindəki separatçı qurumun başçısı seçki dönəmində və seçkidən sonra bir-birilərinə tam dəstək nümayiş etdirdilər. Ancaq Arutunyandan fərqli olaraq, qondarma qurumun “təhlükəsizlik şurası”na başçılıq edən müharibə canisi, general Vitali Balasanyan Ermənistandakı seçkidə sabiq prezident, digər hərbi cani Robert Koçaryanı dəstəkləyirdi.

Hətta erməni mətbuatının yazdığına görə, məhz Balasanyan Qarabağdan köç etmiş ermənilər başda olmaqla, insanların Koçaryanın mitinqlərinə gətirilməsini təşkil edirdi. Seçkidə Ermənistanda “Qarabağ klanı” adlanan separatçı-kriminal ünsürlər bütün qüvvələrini səfərbər etmişdi və bu prosesdə Balasanyan da az rol oynamamışdı.

 

 

Lakin həm Ermənistandakı, həm də Qarabağdakı məlum qüvvələrin bütün səylərinə baxmayaraq, Paşinyan seçkini qazandı. Bu nəticədən isə ən çox “Qarabağ klanı” və sözsüz ki, onun havadarı olan Rusiyadakı məlum dairələr narazı qaldı. Məlum olduğu kimi, Koçaryan nəticələri tanımaqdan imtina edərək, Konstitusiya Məhkəməsinə şikayət edib. Və Ermənistandakı bu prosesə paralel olaraq da, Xankəndində Paşinyanla həmrəylik nümayiş etdirən Arutunyana qarşı etiraz aksiyaları başlayıb. Açıq görünür ki, proses eyni mərkəzdən idarə olunur və Paşinyana qarşı yönəlib. Sanki Ermənistanda biabırçılıqla uduzan separatçı-kriminal ünsürlər Xankəndində Paşinyandan heyfini çıxmaq istəyir.

Bu, həmçinin İrəvandakı hökumətin Xankəndindəki separatçılara təsir imkanlarını minimuma endirməyə yönəlib. Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərindəki qondarma qurumun birmənalı olaraq İrəvandan asılı olmayan və Moskvanın real idarəçiliyinə sığınan forma almasına hesablanıb. Bu baxımdan sözügedən aksiyaların V.Balasanyan və onu idarə edən mərkəz tərəfindən təşkil edildiyi şübhə doğurmur.

 

 

Arutunyana qarşı etiraz aksiyalarının məqsədli şəkildə təşkil olunduğunu həmin mitinqlərdəki şüarlar da təsdiqləyir. Belə ki, Arutunyan və Paşinyan ““artsax”ı türklərə verməkdə” günahlandırılır.

Qeyd oluinur ki, müharibə günlərində onlar erməniləri aldadaraq, guya savaşda qalib gəldikləri barədə yalan məlumatlar yayıblar. Etirazçılar deyirlər ki, Arutunyan “artsax”ı təmsil edə bilməz.

Müharibənin bitməsindən az qala 8 ay ötəndən sonra Qarabağdakı ermənilərin bütün bu qeyd olunanları yada salmaları, yumşaq desək, müəmmalı görünür. Nədənsə, məcburiyyət qarşısında Qarabağda qalmış və eləcə də sonradan Rusiya tərəfindən Ermənistandan daşınan ermənilər məhz indi, Koçaryanın seçkidəki məğlubiyyətindən sonra Paşinyanla Arutunyanın müharibədəki yalanlarını yada salıblar…

 

 

Açıq görünür ki, Koçaryanın başçılıq etdiyi “Qarabağ klanı” başda olmaqla, Ermənistandakı mafioz siyasi qüvvələr və onların məlum havadarları Xankəndində Paşinyana düşmən mövqedə dayanan rejim yaratmaqda maraqlıdır. Onsuz da Balasanyan qətiyyən Arutunyana tabeçilik göstərməkdə maraqlı görünmürdü və onların arasında gizli qarşıdurma sezilirdi. İndi isə bu qarşıdurma açıq müstəviyə keçir.

“Qarabağ klanı” adlandırılan separatçı-kriminal ünsürlərin məlum havadarlarının bu prosesdə kimin tərəfində durduğunu isə xüsusi izah etməyə ehtiyac yoxdur.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanda hakimiyyəti ələ keçirə bilməyən “Qarabağ klanı” və onu arxasındakı qüvvə yaxın müddətdə Arutunyanın devrilməsi üçün bütün vasitələrə əl atacaq. Bununla paralel Paşinyan hökumətinin bütün istiamətlər üzrə hər hansı uğuq qazanmasının qarşısını almağa çalışacaqlar…

C.Məmmədov

“AzPolitika.info”

 

Dünyanınsəsi.Az