
Xankəndidəki quldurların başına KİM KEÇƏCƏK… – Rəsmi Bakı istənilən bir yeni seçimin qarşısını almalıdır…
Xəbər verildiyi kimi, sentyabrın 8-də Azərbaycan Respublikasının faktiki olaraq Rusiyanın birbaşa hərbi-siyasi dəstəyi ilə 32 yaşlı separatçı-terrorçu hayk rejiminin və dolayısıyla Ermənistanın işğalı altında olan ərazisindəki qanunsuz “parlament” bu günlərdə istefa vermiş Araik Arutyunyanın yerinə yeni “prezident” seçəcək.
Qarabağdakı hayklar deyirlər ki, qondarma “təhlükəsizlik şurası”nın keçmiş katibi və hazırda “dövlət naziri” vəzifəsini tutan “Samvel Şahramanyan bir sıra səbəblərə görə konsensus namizədə çevrilib. Birincisi, partiyasızdır, heç vaxt tutduğu vəzifəyə görə (əsasən yüksək vəzifələrdə olub) daxili siyasi çəkişmələrə, intriqalara qarışmayıb, bütün həmkarları ilə hər mənada dürüst olub.”
DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Faktinfo” nəşri yazır.
Məhz deyilənlərə “görə də Şahramanyanın hörməti var və onun namizədliyini dəstəkləyib-dəstəkləməmələrindən asılı olmayaraq, xüsusən də qarşılıqlı anlaşma baxımından onun namizədliyi ilə bağlı konsensus var. Həm Qarabağda, həm də Ermənistanda Şahramanyanın Artsaxın keçmiş prezidentləri Bako Saakyan və Arkadi Qukasyanın namizədi olduğu nə qədər deyilsə də, bizdə olan məlumata görə, reallıq bir az fərqlidir. Məsələ ondadır ki, Araik Arutyunyan və digər siyasi qüvvələr, o cümlədən parlamentdənkənar qüvvələr də ona rəğbət bəsləyirlər. Üstəlik, hətta başqa planları olan Samvel Babayan belə bu vəziyyətdə gizlətmir ki, onun Samvel Şahramanyana qarşı heç bir iddiası yoxdur və onun problemləri “proqram xarakterlidir və Artsaxın gələcəyi ilə bağlıdır”. Artsaxdakı hadisələrin hansı şəraitdə inkişaf edəcəyindən və siyasi intriqaların nə olacağından asılı olmayaraq, əslində Artsaxda Şahramanyan ətrafında geniş ictimai-siyasi konsensus formalaşdığı görünür”- deyə erməni nəşri davamında bildirir.
Bu arada “Hraparak” qəzeti də S.Şahramanyanın Xankəndində “prezident”liyə ən real namizəd olduğunu vurğulayır.
“Hər şey qaydasında getsə , Samvel Şahramanyanın birinci turda prezident seçiləcəyi istisna edilmir. Amma o, parlament müxalifətini nəzərə almalı və seçilməsi müqabilində vəzifə formatında müəyyən rıçaqlardan imtina etməlidir”- Ermənistan nəşri belə yazır.
Bundan əlavə, nəşr Putinin milyarder “desantı” Ruben Vardanyanın yeni qurulan hökumətdə vəzifə tutmayacağını və Araik Arutyunyanın qohumlarından birinin məhz onun öz istefasından öncə “dövlət naziri” təyin etdiyi S.Şahramanyanın yerinə keçəcəyinin istisna olunmadığını bildirir…
Xatırladaq ki. Samvel Şahramanyanın Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyanın adamı olması haqda məlumatlar var. Bunu Xocalı qatilinin İrəvandakı son 2 sentyabr mitinqində S.Şahramanyanı tərifləməsi də təsdiqləyir…