Vasitəçi dövlətlər “Qarabağda seçki yolverilməzdir” bəyanatını verəcəkmi?

Manşet SİYASƏT
Spread the love

Azərbaycanı müharibədən çəkindirməyə çalışan həmsədrlər erməni separatçılarının “prezident seçkisi” şousuna göz yumurlar; Fazil Mustafa: “Cəmiyyəti bütün vasitələrlə torpaqların işğaldan azad olunmasına hazırlamalıyıq!..”

Azərbaycanı müharibədən çəkindirməyə çalışan həmsədrlər erməni separatçılarının “prezident seçkisi” şousuna göz yumurlar; Fazil Mustafa: “Cəmiyyəti bütün vasitələrlə torpaqların işğaldan azad olunmasına hazırlamalıyıq!..”
Hərçənd elə Qafqaz və Qarabağ münaqişəsi üzrə nüfuzlu britaniyalı ekspert Tomas de Vaal Paşinyanın yalanlarını alt-üst etmişdi. “Aman Allahım, hətta keçmiş Azərbaycan prezidenti (Mütəllibov) sözlərinin təhrif olunduğunu desə də, keçmiş erməni prezident (Sərkisyan) Xocalıda həqiqətən qırğın törətdiklərini etraf etsə də…”  – Tomas de Vall demişdi.
Bu mənada, görünür, erməni cinayətlərinin vaxtaşırı beynəlxalq səviyyədə xatırlanmasında fayda var, əks təqdirdə, işğalçı tərəf “mələk” donuna bürünüb qətliamlarda və işğalda əlinin olmadığını həyasızcasına iddia edəcək.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev ile ilgili görsel sonucu
Bu arada Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun baş katibi Antonio Quterreşə rəsmi məktub ünvanlayıb. Diplomat BMT rəhbərinə müraciətində yazır ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edəndən və BMT-yə daxil olandan sonra onun qoşulduğu ilk beynəlxalq müqavilələrdən biri Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyadır (Virtualaz.org). Diplomat vurğulayıb ki, beynəlxalq birlik Xocalıda və Azərbaycanın digər şəhər, qəsəbə və kəndlərində baş vermiş hadisələr barədə düşünməlidir. Azərbaycana qarşı təcavüzün gedişində törədilmiş dəhşətli cinayətlərə görə İrəvanın məsuliyyət daşımasını inadkarlıqla inkar etməsi beynəlxalq hüquqa və insan hüquqlarına meydan oxumaq, möhkəm sülhə və həqiqi barışığa doğru aparan yolda birbaşa maneədir”.
Y.Əliyev sonda həmin məktubun gündəliyin 31, 32, 37, 68, 75, 83 və 130-cu bəndləri üzrə Baş Assambleyanın və Təhlükəsizlik Şurasını sənədləri kimi yayılmasını xahiş edib. Ermənistan rəhbərliyi isə destruktiv fəaliyyətini davam etdirməkdədir. Hazırda rəsmi İrəvan var gücünü ortaya qoyub ki, işğal altındakı Dağlıq Qarabağda növbəti “prezident seçkiləri”ni keçirsin və özünə yaxın adamı oyuncaq qurumun başına gətirsin. Elə N.Paşinyanın Qarabağa növbəti səfəri də bu oyuna hazırlıq məqsədi güdür. Separatçı rejimin oyuncaq “xin rəhbəri” Masis Mailyan da “seçki”də iştirak niyyəti barədə anons edib.
Təbii ki, Azərbaycan bu prosesə seyrçi qala bilməz.  Bu mənada ermənilərin destruktiv fəaliyyətinin qarşısını almaq üçün intensiv fəaliyyət tələb olunur. Azərbaycan və Ermənistan XİN rəhbərləri Bratislavada həmsədrlərin vasitəçiliyi ilə bir araya gəliblər və yekun olaraq növbəti görüşlə bağlı anlaşma əldə edilib. Lakin aydın görünür ki, erməni tərəfinə növbəti və növbətçi görüş Qarabağdakı “seçki” şousunu reallaşdırmaq üçün lazımdır, bu isə Azərbaycanın ərazi bütövlüyünün təhdidi istiqamətində növbəti addım olacaq.
N.Paşinyan ile ilgili görsel sonucu
Azərbaycan ərazilərində klounluq edən, özünə yaxın caniləri separatçı qurumun başına gətirməyə çalışan N.Paşinyan isə öz ölkəsində sərt hücumlarla baş-başa qalıb. Belə görünür ki, Nikol daxildəki gərginliklərdən və özünə yönəlik hücumlardan diqqəti növbəti dəfə məhz Qarabağ kartını işə salmaqla yayındırmaq istəyir.
Erməni siyasi icmalçısı Mirzo Araratyan ölkəsinin hazırki rəhbərliyini və erməni deputatları kəskin surətdə tənqid atəşinə tutub. Axar.az xəbər verir ki, Araratyan öz məqaləsində düz bir il əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan Milli Məclisinə seçkilər keçirdiyini qeyd edib. “Bu heyvan hər kəsi Milli Məclisin var olduğu müddətdə ölkəyə investisiya qoyuluşunun olmayacağına əmin etdi. Daha sonra Paşinyan meymunluq etməyə başladı və nəticədə Ermənistan tarixi ərzindəki ən rüsvayçı parlamentinə sahib oldu”, – deyə siyasi icmalçı bildirib.
O, hazırda Ermənistan xalqını Lulu Badalyan, Lena Nazaryan, Alen Simonyan, Taqui Kazaryan, Qayane Abramyan, Qoar Abacyanın marixuana aludəçisi olan əri Kristina Poqosyan, Ovik Aqasaryan və digər “qrant yeyənlərin” təmsil etdiyini qeyd edib ki, onlardan iyirmi nəfəri Soros Fondunun peşəkar üzvləridir. “Amerika səfiri hakimiyyətə Nikol Paşinyanı gətirdi, o isə başına bu biabırçı məxluqları yığdı. Ötənilki seçkilərin legitim olması tamamilə cəfəngiyatdır. Seçkilərdə rüşvət halları ilə yanaşı, şantaj, terror və digər mümkün mexanizmlərdən istifadə olunurdu”, – deyə Araratyan qeyd edib.
Çox təəssüf ki, beynəlxalq aləm hələ də Ermənistan rəhbərliyinin şoularına və təxribatçı davranışlarına sıradan bir məsələ kimi yanaşır. Elə bu yazını hazırlayarkən Qvatemala parlamentinin nümayəndə heyətinin  Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə gəldiyi barədə xəbər yayıldı. Qvatemalanın dünya düzənində siyasi çəkisi yoxdur, amma istənilən halda söhbət Azərbaycan qanunlarına zidd mövqedən gedir. Ermənilər çox istəyir ki, bu kimi səfərlər adiləşsin və sonda öz niyyətlərinə çatsınlar.
Bu arada Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinə Avropa Parlamentinin bəzi üzvlərinin qanunsuz səfərlərinə etiraz bildirilib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından verilən məlumata görə, İcma və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndə heyətlərinin Brüsseldə keçirdikləri görüşlərdə sözügedən məsələ diqqət mərkəzində saxlanılıb. Avropa Parlamentinin üzvü, Avronestin sədri Andrius Kubilius, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini, parlamentari Rasa Jukneviçiene və CEPS-in rəhbəri Karel Lannoo ilə görüşlərdə bildirilib ki, Avropa Parlamentinin bəzi deputatlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi bu qurumun nüfuzuna ciddi xələl gətirir. Avropa Parlamentinin üzvləri qeyd ediblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə aparılan danışıqları diqqətlə izləyirlər.
“Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda keçirilən ”seçkilər”in konstitusiya və hüquqi çərçivələrini tanımır”. Bunu isə Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Avropa Parlamentinin Bolqarıstandan olan üzvü İlhan Küçükün Ermənistan tərəfindən bu ilin sentyabrında işğal edilmiş Azərbaycan ərazilərində keçirilmiş qondarma “seçkilər” barədə səsləndirdiyi suala cavabında deyib. Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” Sammitinin bəyannamələrində açıq şəkildə göstərilir ki, Avropa İttifaqı bütün tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməyə sadiqdir. “Eynilə Avropa İttifaqı Dağlıq Qarabağda qondarma ”seçkilər”in konstitusiya və hüquqi çərçivələrini tanımır. Bu cür prosedurlar Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə xələl gətirə və ya danışıqlar prosesinə təsir göstərə bilər”, – deyə Moserini bildirib.
Bu məntiqlə Dağlıq Qarabağda 2020-ci ildə keçiriləcək “seçki”yə də Avropa Birliyi və digər qurumlar bənzər bəyanatla reaksiya verəcəklər. Bu isə çıxış yolu deyil. Hansı ki, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Avropa Birliyi ilə əməkdaşlığın ilkin şərti Azərbaycanın ərazi bütövlüyünə münasibət məsələsidir. Ərazilərimizdə işğalçıların “seçki” keçirmək cəhdinə, sadəcə, bir bəyanatla reaksiya vermək isə təbii ki, bizi təmin edə bilməz, ən azı separatçıların Avropa qurumlarında, yaxud Avropa paytaxtlarında görünməsinə son vermək lazımdır!
  Elxan Şahinoğlu ile ilgili görsel sonucu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Avropa Birliyinin mövqeyini təqdir etdi, amma zəruri xatırlatmalarını da dilə gətirdi: “Əlbəttə ki, belə sənədlərin qəbulu vacibdir. Çünki bizim haqq işimizə dəstək anlamını daşıyır. Amma önəmli olan bu sənədlərin reallaşmasıdır. Çox təəssüf ki, bu istiqamətdə addımlar atılmır”.
E.Şahinoğlu beynəlxalq aləmin passiv yanaşmasını da xüsusi vurğuladı: “Nə Avropa ölkələri, nə beynəlxalq təşkilatlar münaqişənin həllini sürətləndirmir. Önəmli olan budur. Yoxsa bütün bəyanatlar, bütün qətnamələr Azərbaycanın xeyrinədir, münaqişənin ədalətli həllini diktə edir. Sadəcə, çox təəssüf ki, beynəlxalq təşkilatlar bu sənədlərin reallaşdırılması mexanizmini dilə gətirmirlər”.
Bratislava görüşündən sonra həmsədrlərin “müharibə yolverilməzdir” məzmunlu bəyanatla çıxış etməsi də qəbulolunmazdır. Hansı ki, bu mövqe separatçıların və işğalçıların maraqlarının təmin olunmasına yönəlib.
Fazil Mustafa ile ilgili görsel sonucu
Böyük Quruluş Partiyasının sədri, beşinci çağırış Milli Məclisin deputatı Fazil Mustafa isə hesab edir ki, həmsədrlərin bu cür bəyanatları bizim üçün sürpriz olmamalıdır:  “Onların bilavasitə işi də Azərbaycan xalqında ruh düşkünlüyü yaratmaq, torpaqların geri qaytarılmasının mümkünsüzlüyü barədə düşüncə aşılamaqdır. Müharibəni istəyən əslində yalnız Azərbaycan xalqıdır. Çünki dinc yolla Qarabağın qaytarılması perspektivi günbəgün azalmaqdadır. Ona görə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin erməni sözçülüyünə əhəmiyyət vermək lazım deyil. Cəmiyyəti bütün vasitələrlə torpaqların işğaldan azad olunmasına hazırlamalıyıq!”
Əslində ictimai rəy məhz savaşa köklənib. Görünür, beynəlxalq qurumlar da bundan narahat olduqları üçün anti savaş çağırışları edirlər. Ancaq əgər onlar müharibə istəmirlərsə, öncə “Qarabağda prezident seçkiləri yolverilməzdir!” bəyanatı ilə çıxış etməli və rəsmi İrəvanı seçim qarşısında qoymalıdırlar. Amma çətin ki, belə bir bəyanat olsun.
Görünən budur ki, Azərbaycanı müharibədən çəkindirməyə çalışan Minsk Qrupunun həmsədrləri nədənsə erməni separatçılarının “prezident seçkisi” şousuna göz yummaqdadır. Beynəlxalq hüquqa zidd addımlara qarşı sanksiya qərarı verməli olan paytaxtlarsa susur…
Elşad Paşasoy