Vaşinqtonda həmsədrlərin iştirakı ilə Mirzoyan-Bayramov görüşü

Əsas Manşet SİYASƏT
Spread the love

Xəbər verildiyi kimi, ötən gün BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilib. Bu görüş barədə Azərbaycan XİN-in yaydığı məlumata əsasən bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

 

Həmsədrlərin ATƏT-in rəsmi saytında bu gün yerləşdirilən birgə bəyanatı da təxminən eyni məzmundadır. Bəyanatda deyilir ki, Minsk Qrupunun həmsədrləri İqor Xovayev (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Yerevana və Bakıya “situasiyanın deeskalasiyasına dair konkret məqsədyönlü tədbirlər, habelə mümkün sonrakı addımlar” təklif ediblər.

“Həmsədrlər və nazirlər Azərbaycanla Ermənistan arasında həll edilməmiş məsələlərin geniş çevrəsini müzakirə ediblər”,-bəyanatda deyilir.

Qeyd edək ki, bu Azərbaycanla Ermənistan arasında 44 günlük Qarabağ müharibəsinin başa çatmasından sonra həmsədrlərin iştirakı ilə baş tutan ilk görüşdür. Və bu formatda görüşlər müharibədən hələ xeyli müddət əvvəl dayandırılmışdı və erməni tərəfinin hərəkətləri danışıqlar prosesini dalana dirəmişdi. Nəticədə Azərbaycan öz torpaqlarını hərbi yolla azad etdi və avtomatik olaraq Minsk Qrupunun fəaliyyətini davam etdirib-etdirməməsi mövzusu gündəmə gəldi.

Azərbaycan dövlətinin bu məsələdəki mövqeyi hələ ötən ildən, müharibənin başa çatmasından sonra ortaya qoyulub, üstəlik tamamilə aydın və məntiqli mövqe kimi. Prezident İlham Əliyev ötən ilin dekabrında, müharibənin başa çatmasından sonra nəhayət regiona səfər edən həmsədrləri qəbul edərkən Minsk Qrupu həmsədrlərinin ünvanına haqlı, tutarlı iradları səsləndirdi. Və bildirdi ki, 30 ilə yaxın Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün heç bir iş görməyən vasitəçilərin fəaliyyətinə artıq faktiki olaraq ehtiyac qalmır. Çünki Azərbaycan özü bu problemi həll edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirib.

Lakin o vaxtdan etibarən xüsusən də ABŞ və Fransa rəsmiləri tərəfindən vaxtaşırı olaraq “Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün Minsk Qrupu çərçivəsində danışıqların bərpa edilməsinə” çağırışlar səslənməkdədir. Azərbaycan isə hər dəfə bu çağırışlara cavab olaraq xatırladır ki, münaqişə həll olunub, “Dağlıq Qarabağ” adında ərazi artıq mövcud deyil və nəticədə Minsk Qrupunun “münaqişənin nizamlanması” adı altında fəaliyyətinə də ehtiyac qalmayıb.

Minsk Qrupu isə qalır və hələ buraxılmayıb. Və indi uzun fasilədən sonra həmsədrlər nəhayət Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edə biliblər. Bəs bu görüş ABŞ və Fransa rəsmilərinin israrlı çağırışlarında deyildiyi kimi, “münaqişənin yekun nizamlanması üçün danışıqların” bərpasıdırmı?

 

Cavabı həm Azərbaycan XİN-in, həm həmsədrlərin bəyanatında axtarmağa çalışaq. Bu bəyanatlarda “Qarabağ” və “münaqişə” sözləri yer almayıb. Hər iki bəyanatda Azərbaycanla Ermənistan arasında mövcud problemlərin, münasibətlərin normallaşdırılmasına yönəlmiş addımların müzakirəsindən söhbət gedir.

Başqa sözlə, Azərbaycan indi Minsk Qrupu çərçivəsində ancaq Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyasından tutmuş kommunikasiyaların açılması və yekun sülh sazişinin hazırlanması məsələlərini müzakirə edə bilər. Yəni söhbət birmənalı şəkildə münaqişəsonrası situasiyadan gedir. Hansı ki, Azərbaycan tərəfi bu situasiyanın normallaşması üçün başlıca aktyorlar olaraq Rusiya və Türkiyə ilə yanaşı beynəlxalq institutların, o cümlədən Minsk Qrupunun də rolunu inkar etmir. Münaqişə isə arxada qalıb və onun “nizamlanması” barədə danışmağa da ehtiyac yoxdur.

Məhz bu səbəbdən, rəsmi Bakının qəti mövqeyini nəzərə alaraq həmsədrlər də öz birgə bəyanatlarında “Qarabağ” və “münaqişə” sözlərindən istifadə etməyiblər. Yəni Nyu-Yorkdakı Mirzəyan-Bayramov görüşü (həmsədrlərin iştirakı ilə) heç bir halda “münaqişənin yekun nizamlanmasına dair danışıqlar” hesab edilə bilməz.

Siyasət şöbəsi

Dunyaninsesi.Az