“Vahid Ələkbərov Kəlbəcərin bərpası üçün 1 milyard dollarından keçə bilməz?..”

Əsas Manşet MÜSAHİBƏ
Spread the love
“Yaxşı, buna ürəyi gəlmirsə, heç olmasa, bir 5-10 milyon xərcləyib həmin torpaqlar uğrunda canlarını qoymuş bir 100 qazini müalicə etdirsin, şəhid ailələrinə yardım etsin…”
“Təbii ki,  eyni fikirlər  öncə Azərbaycanın özündə yüksək vəzifələrdə oturub rəsmən varidatlarını gizlədən qeyri-leqal milyarderlərimizə də aiddir…”
“Azərbaycanın dünyada, o cümlədən Rusiyada ermənilərinkindən qat-qat zəngin və nüfuzlu, özü də varidatları rəsmən açıqlanan leqal milyarderləri, milyonçuları var. Amma bəzilərini istisna etməklə, əksəriyyətinin öz vətənlərinə – Azərbaycana qarşı məhəbbəti, dəstəyi qətiyyən hiss olunmur. Son günlər ermənilər vurhavur Ara Abramyandan danışır. Amma Rusiyada bizim Vahid Ələkbərov, Araz Ağalarov kimi nüfuzlu, milyarder iş adamlarımız fəaliyyət göstərir. Di gəl ki…”
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq, istiqlalçı deputat Cümşüd Nuriyev söyləyib.
“Vahid Ələkbərovun varidatı, son məlumatlara görə, 25 milyard dolları ötməkdədir. O istəsə, işğaldan yeni azad olunmuş rayonların, məsələn, Kəlbəcərin, Ağdamın, Füzulinin və s. bərpası üçün 1 milyardından keçə bilməz? Yaxşı, buna ürəyi gəlmirsə, heç olmasa, bir 5-10 milyon xərcləyib həmin torpaqlar uğrunda canlarını qoymuş bir 100 qazini müalicə etdirsin, şəhid ailələrinə yardım etsin… Mənim ümidim bir az “AzNar”ın sahibi Fərhad Əhmədovadır. Onun əsli Qubadlıdandır. Bəlkə o, nəsə edə…”- deyə sabiq deputat bildirib.
“Bəlkə Rusiyadakı milyarderlərimiz Azərbaycana dəstək  vermək istəyirlər, amma Putindən ehtiyat edirlər?” sualına cavabında isə Cümşüd Nuriyev belə deyib:
“Xeyr, bu, boş söhbətdi… İstəsələr, hər şey edərlər. Hamısının, o cümlədən, Vahid Ələkbərovun Azərbaycanda onlarla törəmə şirkəti var. Onlar vasitəsilə pul köçürə bilərlər… Hər şey etmək olar. Sadəcə, istək, qeyrət gərəkdir… Təbii ki,  eyni fikirlər Azərbaycanın özündə yüksək vəzifələrdə oturub rəsmən varidatlarını gizlədən qeyri-leqal milyarderlərimizə də aiddir…”
Sultan Laçın