Vətən müharibəsinin dilsiz qəhrəmanları – Türkiyə və İsrailin “gözəgörünməz” rabitə sistemləri…

Hit QARABAĞ
Spread the love
Rabitə qoşunlarının əldə etdiyi yeni vasitələr
Ənənəvi tədarükçülər
Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərində Azərbaycan tərəfi bir neçə rabitə vasitəsini ilk dəfə ictimaiyyətə təqdim etdi. Bu avadanlıqların nümayişi ilə bağlı hələ  təlimlər başlamazdan əvvəl bəzi ehtimallar irəli sürmüşdüm.
Artıq uzun illərdir ki, Azərbaycan Silahlı Qüvvələrinin rabitə avadanlıqları ilə təminatında əsas tədarükçü rolunda Türkiyə və İsrail çıxış edir. Kifayət qədər etibarlı və davamlı olan məhsulların Vətən Müharibəsi zamanı da xüsusiyyətlərini təsdiq etməsi, bu istehsalçıların Azərbaycan ilə əməkdaşlığının gələcəkdə də davam edəcəyini göstərir.
Yeni məhsullar
Rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərində təqdim edilən yeni rabitə vasitələri də ənənəvi tədarükçülərin məhsullarıdır. İlk dəfə olaraq rabitə qoşunları həm Türkiyənin ASELSAN şirkətinin istehsalı olan PRC-5433 EHKET və PRC / VRC-9661, həm də İsrailin  “Elbit Systems” şirkətinin “E-LynX PNR-1000”, “Tadiran PRC-710”, o cümlədən “PRC-930 HDR”, “VRC-950 HDR” və “VRC-990 HDR” radiostansiyalarını ictimaiyyətə rəsmən nümayiş etdirdi. Bu vasitələrin Vətən Müharibəsində də aktiv istifadə edildiyi ehtimal edilir.
Bir neçə hissədən ibarət olacaq bu məqalədə oxuculara həmin radistansiyaların istehsalçısı, təyinatı, konstruksiyası, üstünlükləri, texniki xüsusiyyətləri və imkanları barədə ayrı ayrılıqda məlumat veriləcək.
Türkiyənin rabitə imkanları
Türkiyənin milli şifrələmə sisteminə malik rabitə vasitələri TSQ-dən başqa  xarici ölkələrə, o cümlədən Azərbaycana da ixrac edilib. Türkiyə bu gün bütün quru, hava və dəniz platformalarında öz milli və orijinal rabitə sistemlərinin dizaynını, inkişafını və istehsalını həyata keçirən nadir ölkələr arasındadır.
ASELSAN 
1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin informasiya və rabitə ehtiyaclarının milli imkanlarla qarşılanması məqsədilə Türkiyə Silahlı Qüvvələrini Güçləndirmə Dərnəyinin (TSKGV) tərkibində yaradılan ASELSAN şirkəti üzun müddətdir ki,  dünyanın ən böyük 100 müdafiə sənayesi şirkətlərinin siyahısında yer alır.   ASELSAN 7000 nəfərlik mühəndis ilə Türkiyənin ən böyük müdafiə sənaye məqsədli elektronika məhsulları istehsal edən şirkətidir. Onun əsas müştəriləri arasında Türkiyədən başqa tərəfdaş ölkələr, o cümlədən Azərbaycan və Pakistan Silahlı Qüvvələri də yer almaqdadır.
ASELSAN yerli və xarici bazarların rabitə və informasiya, PUA, RLS və REM, elektro-optik, avionika, yerüstü və dəniz silah sistemləri, HHM və raket sistemləri, idarəetmə və nəzarət texnologiyaları, nəqliyyat, təhlükəsizlik, səhiyyə və s. kimi ehtiyaclarını qarşılamaq üçün çox geniş fəaliyyət və məhsul istehsal sahələrinə malikdir.
23 il Azərbaycanda 
ASELSAN şirkətinin Azərbaycanda ofisi 1998-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində şirkətin Azərbaycanın güc strukturları ilə əməkdaşlığı dinamik inkişaf nümayiş etdirir. Prezidenti İlham Əliyev tərəfindən aprelin 1-də ASELSAN şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünün qəbul edilməsi də əlaqələrin müsbət tendensiyasının göstəricisidir. ASELSAN-ın Bakı ofisi Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edir, tələbələrə təlim verməklə bərabər universiteti elektronika avadanlıqları hədiyyə etməklə dəstəkləyir.
PRC-5433 ENKET
PRC-5433 ENKET radiostansiyası SDNR (“Software Defi ned Networking Radio”- “Proqram təminatlı şəbəkə radiostansiyası”) tipli yeni nəsil vasitə olaraq yüksək sürətli məlumat ötürülməsini təmin etmək üçün nəzərdə tutulur. ENKET qısaltması “Elektronik Harp Korumalı El Telsizi”, yəni “elektron müdaxilədən qorunmaya malik əl radiostansiyası” deməkdir.
PRC-5433 radiostansiyası 30-512 MHz arasında geniş diapazon tezliyi və yüksək səviyyəli elektron müdaxilədən qoruma xüsusiyyətləri ilə daha çox imkanlar və xüsusiyyətlər təmin edir. PRC-5433 radistansiyaları təmir oluna bilir  və texniki baxışdan keçirilir. Onun fəaliyyətini xüsusi yerli proqram təminatı həyata keçirir. Bu radiostansiyaların Azərbaycana Vətən Müharibəsinin ilk günlərində tədarük edildiyi ehtimal edilir.
Üstünlükləri
Eyni radiostansiyada fərqli tezliklərdən istifadə edərək, bir neçə rabitə vasitəsi əlaqə saxlanıla bilir;
Taktiki səviyyəli digər tip radiostansiyalar ilə rabitə yaratmaq üçün uyğundur;
Radiostansiyanın tezlik formatı yenilənə bilir;
Vasitəyə yeni tezlik formatı və xüsusiyyətləri əlavə edilə bilir;
PRC-5433 ENKET bütün strateji və taktiki səviyyədə rabitə əlaqəsini təmin etmək qabiliyyətinə malikdir;
İstifadəçi tələbatına uyğun rabitə rejimini seçməkdə sərbəstdir, bunun üçün istifadəçidən müvafiq interfeys proqramını və tezlik rejimini seçmək kifayətdir.
Təhlükəsizliyi
Yüksək səviyyədə elektron müdaxilədən qorunma tədbirləri ENKET-ə üstün təhlükəsizlik qabiliyyətini təmin edir.
Konstruksiyası
Dünyadakı analoqları ilə müqayisədə yüngül kütlə, kiçik qabarit və münasib qiymət üstünlüklərinə malik olan EHKET, yüksək sürətli səs-məlumat-video mübadiləsi, elektron müdaxilədən mühafizəsi, türk milli şifrələmə sistemi, yüksək qətnaməli daxili kamerası, yüngül magnezium korpusu, tam IP və şəbəkə dəstəkli konstruksiyası ilə ən alt bölmələrdən komanda mərkəzlərinə qədər rabitə imkanları təqdim edən radiostansiyadır.
Texniki xüsusiyyətləri
1.77 düymlük və 128 x160 qətnaməli rəngli RGB TFT displey;
Quraşdırılan dinamik;
Yüksək səviyyəli elektron müdaxiləyə qarşı sistemlər (COMSEC və TRANSEC);
Daxili  proqram təminatı ilə şifrələmə;
Tezlik sıçrayışı;
Qırmızı / Qara məlumatların ayrılması;
Sürətli təmizləmə;
İstifadəçi girişinə şifrəli nəzarət;
Məlumatların yüksək sürətlə və onlayn ötürülməsi;
Səs və məlumatların sinxronlaşdırılması;
Seçilmiş abonent xaricində daha iki abonentlə paralel əlaqə qurmaq imkanı;
Daxili GNSS qəbuledicisi;
13 meqapiksellik daxili kamera;
8 qiqabaytlıq daxili yaddaş;
Əvvəlcədən nizamlanan sürətli çıxış kanalları;
Xüsusi proqram təminatı;
Daxili test imkanı;
İnternet və audio interfeysi;
Tezlik zolağı: 30-512 MHz;
Çıxış gücü: 5 W (maksimum).
Fəaliyyət rejimi və xüsusiyyətləri
Genişzolaqlı şəbəkə rejimində:
– Sabit tezlik zolağı: 225-512 MHz;
– Tezlik sışrayışı rejimində tezlik zolağı: 50-512 MHz;
– Şifrələnmiş və səs / məlumat rejimində rabitə tezliyinin sıçrayış imkanı;
– İlkin xəta korreksiyası;
– TDMA bazalı konstruksiya;
– OFDM modulyasiya rejimi;
– Sinxron səs və məlumat mübadiləsi;
– Yüksək tezlikli sıçrayış imkanı;
– Müstəqil dinamik şifrələmə və modulyasiya kanalı;
– Özünü test və format edən modul (MANET);
– Avtomatik və dinamik IP paketə yönləndirmə.
Səs xidməti
– Eyni tezlikli 4 radiostansiya ilə qarşılıqlı səsli ötürmə;
– İştifadəçinin seçdiyi vahid abonentə, məhdud qrupa və efirə yayımlanan zəng imkanı.
Məlumat xidməti
– IP uyğunluğu;
– Yüksək səviyyəli məlumat mübadiləsi;
– Tezlik sıçrayışı + şifrəli rejim.
Davamı var…
Ədalət Verdiyev, Hərbi ekspert