“Televiziyada olan dəyişiklikləri çoxdan gözləyirdik. Hər dəfə müsahibələrimdə bildirmişəm ki, nə vaxta kimi bizim televiziyalarımızda “o olmaz, bu olmaz”lar olacaqsa, verilişlərə baxılmayacaq. Çünki senzuramız rəsmi olmasa da, müəyyən qaydada senzuramız var ki, “bu mövzu məsləhət deyil, toxunmayın”.
Bu sözləri musavat.com-a açıqlamasında tanınmış teleaparıcı İlkin Həsəni deyib.
O, teleaparıcılara qoyulan senzuradan da şikayət edib: “Qonşu Türkiyə və Rusiya kanallarını açanda biz vəziyyətin tamamilə başqa olduğunun şahidi oluruq. İstənilən nazir, deputat haqqında danışıb, tənqidlərini edirlər. Bizdə isə bu baryerləri “İctimai” televiziya darmadağın etdi.
Ümid edək ki, digər telekanallarımızda da bunu görəcəyik. Mənim də belə bir layihəm var idi. Amma “olmaz”lara görə ərsəyə gətirə bilmədim. Nə qədər şou-biznes haqqında danışmaq olar? Ona görə də televiziyadan bir az uzaqlaşdım. İndi daha çox kamera arxasındayam”.
İ.Həsəni ötən il yaradılan Bədii Şuraların televiziyalara fayda vermədiyini də bildirib: “Yəni hər hansı bir ciddi fəaliyyəti yoxdur. Düzdür, bizim televiziyamızda fəaliyyət göstərən Bədii şurada başbilənlərimiz yetərincədir, amma televiziya hər gün inkişaf edir, eynən əlimizdə istifadə etdiyimiz telefonlar kimi. On il bundan əvvəl baxmaq istədiyin şey artıq səni maraqlandırmır. Ona görə də Bədii Şura cavan, kreativ beyinlərdən ibarət olmalıdır”.
Aktyor 2019-cu ildə film çəkməməsinin səbəbini maliyyəyə bağlayıb: “Bu il heç bir film çəkmədik. Çünki maliyyə problemləri ilə üzləşdik. Biz komediyalarımızı kinoteatrlamıza gətirənlərdən olduq. Amma sonra o qədər çoxaldı ki, o komediyalara baxmayan tamaşaçılar belə, çəkilən komediyaları pisləməyə başladılar.
Bu da, təbii ki, izləyicilərin sayına mənfi təsir göstərdi və onların sayı kifayət qədər azaldı. Ölkəmizin kinoteatrlarında da məntiqsiz davalar oldu. Biletlərin artırılması kimi məqamlar isə, izləyicilərin sayını azaltdı. Filmlərimizə gələn tənqidlər komandamız tərəfindən normal qarşılandı. Tənqid olmayan yerdə inkişaf da yoxdur”.
İlkin Həsəni Yeni ildən sonra izləyicilərinə komandası ilə bərabər maraqlı bir layihə təqdim edəcəyinin də anonsunu verib: “İşlərimizdə müəyyən çətinliklər və problemlər var. Onu bildirməməyə çalışıb, işlərimizi davam edirik. Yeni ildən sonra, yəni yanvar ayından bir “Youtube” layihəmiz var. Hazırda onun üzərində çalışırıq. Layihə “gündəlik xəbərlərlə bağlıdır, baş verən hadisələrlə əlaqədardır, bir neçə insanın fikri ilə fərqli bir yanaşma olacaq”.
Həsəni məşhur rejissor və aktyor Kənan Mahmudovla yaşadığı qalmaqaldan da danışıb: “Aramızda yaşanan qalmaqaldan sonra Kənanla bir-birimizi görməmişik. Hər şey göz önündə idi. Qınayanlar da kimi nəyə görə qınamaq lazım olduğunu bildilər. Kənanın ildə bir-iki dəfə bu cür çılğınlıq dövrü olur. Üst-üstdə yığılmış problemlərinin nəticəsində qurban dost-tanışları olur. Bu dəfə isə Kənanın “qarmağı”na mən İlkin Həsəni keçdim (gülür). Bir neçə ay bundan öncə qızımla birgə çəkilmiş fotonu “Instagram” hesabında paylaşdım. Kənan isə həmin şəklə “Allah saxlasın” rəyini yazdı. Mən də cavab olaraq “Çox sağ ol” yazdım”.