Ukraynada Qafqaz Müsəlman Korpusu yaradılıb – FOTOREPORTAJ

HADİSƏ Hit
Spread the love

Ukrayna Silahlı Qüvvələrinin nəzdində, Prezident Ofisi yanında özünü müdafiə hissəsi kimi Qafqaz Müsəlman Korpusu yaradılıb.

Korpusun komandiri onlardan reportaj hazırlayan “Report”un Şərqi Avropa bürosuna bildirib ki, şəxsi heyət Ukrayna vətəndaşlarıdır:

“Təcavüzkar düşmən – Rusiya Federasiyası müstəqil Ukraynanın ərazisinə hücum edib və onun ərazisinin bir hissəsini işğal edib, düşmənçilik edir, qeyri-insani metodlardan istifadə edərək ukraynalıları öldürür. Biz Qafqaz müsəlman korpusunun döyüşçüləri bu müharibədə Ukrayna tərəfdən vuruşmağı özümüzə borc bilirik. Çünki biz Ukrayna vətəndaşıyıq və onun ərazi bütövlüyünü, onun xalqını qorumalıyıq. Müsəlman korpusu Ukrayna müsəlmanlarını birləşdirmək və onların bu müharibədə Ukrayna tərəfdən döyüşməsinə imkan yaratmaq məqsədilə yaradılıb. Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan korpus əsasən Qafqaz millətlərindən, Qafqazdakı müxtəlif respublikalardan olan döyüşçülərdən, müsəlman ərəb və tatarlardan – bir sözlə, bu müharibədə Ukrayna tərəfindən iştirak etmək istəyən bütün müsəlmanlardan ibarətdir”.

Korpus komandiri həmçinin Ukraynaya gəlib Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşənlərə müraciət edib: “Bəlkə də bunu bilməməzlikdən, məlumatsızlıqdan edirsiz. Amma düşünmək lazımdır. Axı Rusiya hərəkətləri ilə çoxlu bədbəxtlik gətirir, Ukrayna xalqına qarşı, bir növ, soyqırımı həyata keçirir və siz də buna vasitəçi olursunuz. Düşünün bu barədə. Axı sizlər ləyaqətli əcdadlarınızın nəslinin davamçılarısınız. Əcdadlarınız isə əsrlər boyu Rusiya ilə döyüşüblər. Ukrayna tərəfə keçib bu müharibədə Ukraynaya kömək edə bilmirsinizsə, heç olmasa, kənara çəkilin, qıraqda qalın. Ən azı dualarınızla bizə kömək ola bilərsiniz. Əminik ki, bu dualar eşidiləcək. Çünki bu dualar məzlumlardan yanadır. Allah isə məzlumları köməksiz buraxmır. Ədalətin tərəfində durun”, – o əlavə edib.

Qeyd edək ki, Qafqaz Müsəlman Korpusu Korpus Rusiyanın bu ölkəyə qəfil hücumundan sonra ölkədə yaşayan müsəlman etniklərin müraciəti əsasında yaradılıb. Rəsmi məlumatda bildirilir ki, yeni yaradılan korpusun əsas heyəti 2014-2016-cı illərdə Donbasın işğalı zamanı vuruşan əsgərlərdir. Hazırda nəinki Qafqaz müsəlmanlarına mənsub Ukrayna vətəndaşları, o cümlədən tatarlar da daxil olmaqla digər etnik millətlərə məxsus Ukraynada yaşayan müsəlmanlar döyüşlərdə iştirak etmək üçün korpusa müraciət edir. Korpusun bölükləri əsasən xüsusi döyüş tapşırıqlarını yerinə yetirir. Korpusda Ukraynada yaşayan azərbaycanlılar da yer alır. Korpusun fəaliyyət dairəsi bütün döyüş gedən ərazilərdə xüsusi tapşırıqlar üzrə həyata keçirilir.