Ukrayna: Rusiyanın hava hücumlarından sonra milyonlarla insan işıqsız, susuz və istiliksiz qalıb

DÜNYA Əsas Manşet
Spread the love

Ukrayna paytaxtı və onun ətrafında milyonlarla sakin Rusiyanın hava hücumları nəticəsində elektrik enerjisi və mərkəzi istilik sistemində fasilələr kimi problemlərlə qarşılaşıb. Kyivdə bazar günü temperatur sıfır dərəcəyə yaxın olub. Havanın temperaturunun gün ərzində mənfi səviyyədə olacağı gözlənilir.

Ukrenerqo şirkəti dağıdılmış elektrik enerjisi obyektlərinin təmirinin davam etməsinə baxmayaraq, soyuq hava şəraitinin istehlakçıların elektrik enerjisinə tələbatını tədricən artırdığını bildirib.

Şirkətin bildirdiyinə görə, elektrik enerjisi istehsalçıları Rusiyanın çərşənbə günü raket zərbələrindən sonra hələ də elektrik enerjisinin tam həcmdə verilməsini bərpa edə bilmir. Buna görə də istehlakın məhdudlaşdırılması rejimi hələ də qüvvə qalır.

Rusiyanın keçən çərşənbə günü raket hücumları Ukrayna infrastrukturuna müharibə başlayandan bəri ən böyük zərər vurub, milyonlarla insan işıqsız, susuz və istiliksiz qalıb.

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü axşam Ukraynanın 27 regionundan 14-də elektrik enerjisindən istifadəyə məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb. Onun bildirdiyinə görə, məhdudiyyətlər regionların hər birində 100 mindən çox istehlakçıya təsir göstərib. Kyiv və qonşu rayonlar zərərçəkən rayonlar arasındadır.

Ukraynanın ən böyük özəl enerji tədarük şirkətinin filialı olan YASNO şirkətinin baş icraçı direktoru Sergey Kovalenko Kyivdə vəziyyətin yaxşılaşdığını, lakin hələ də “son dərəcə çətin” olaraq qaldığını bildirib. Onun sözlərinə görə, şəhər sakinlərinin əksəriyyəti gündə ən azı dörd saat elektrik enerjisi ilə təmin olunmalıdır.

Kyiv meri Vitali Kliçko bildirib ki, hamı üçün elektrik enerjisi tam təmin edilməsə də bütün şəhərdə su təchizatı bərpa olunub.

Ukraynada bəzi sakinlər gündə yalnız bir neçə saat elektrik enerjisi ilə təmin olunur.

Ukrayna qüvvələri tərəfindən bu yaxınlarda Rusiya qüvvələrindən geri alınan Xerson şəhərinin böyük hissəsi noyabrın 27-də elektrik enerjisiz qalıb. Rəsmilər əhalinin cəmi 5 faizinin yenidən elektrik şəbəkəsinə qoşulduğunu və elektrik enerjisi aldığını bildirib.