“TÜRKİYƏNİN GƏNCƏDƏ HƏRBİ BAZASI OLSAYDI…” – “Hərbi əməliyyatları qətiyyən dayandırmaq olmaz”

Əsas Manşet SİYASƏT
Spread the love

Moskvada imzalanan atəşkəs razılaşmasından heç 1 sutka keçməmiş Gəncə şəhəri raket atəşinə tutuldu, 9 dinc sakin həyatını itirdi, 35 nəfər yaralandı. Vəziyyəti təhlil edən ekspertlər baş verənləri Ermənistanın Azərbaycanı təxribata çəkmək və Rusiyanı açıq şəkildə prosesə qoşmaq cəhdi kimi qiymətləndirir.

 

 

Siyasi təhlilçi Zərdüşt Əlizadə “pressklub”a bildirib ki, Ermənistanın bu cür davranışı əlacsızlıqdan və məyusluqdan irəli gəlir. Onun fikrincə, Ermənistan bu cür yollarla Azərbaycanı ölçülüb-biçilməmiş hərəkətə təhrik etmək, bununla da prosesin miqyasını genişləndirib, başqa ölkələri də cəlb eləmək niyyəti güdür. Amma politoloq hesab edir ki, Azərbaycan eyni tərzdə davranmamalı, Ermənistan ərazisini, orada yaşayan mülki əhalini vurmamalıdır. Cəbhə bölgəsində isə hərbi əməliyyatları davam etdirməlidir: “Bunun cavabı Qarabağ cəbhəsində, beynəlxalq təşkilatların dəhlizlərində və iclas zallarında olmalıdır. Azərbaycan bu cinayətləri dünyaya nümayiş etdirib deməlidir ki, özünü zavallı göstərib yalvaran Ermənistan, əslində, yırtıcı, barbar tərəfdir. Azərbaycan rəhbərliyinin ermənilər kimi hərəkət edib, Ermənistan ərazisində mülki əhalini vuracağını düşünmürəm. Biz soyuqqanlı davranmalı, düşünülmüş addımlar atmalıyıq. Çalışmaq lazımdır ki, mülki əhali arasında mümkün qədər az itki olsun. Amma Dağlıq Qarabağdakı ordumuz hücum əməliyyatlarını davam etdirməlidir, dayanmamalıdır. Çünki qarşı tərəf vaxt udub, ordunu tənzimləmək istəyir. Robert Koçaryan Qarabağa gedib, komandirləri yığıb soruşmuşdu ki, müharibənin gedişində dönüş yaranması üçün nə lazımdır? Ona böyük bir silah siyahısı verib demişdilər ki, bizə həm də vaxt lazımdır. O da Rusiyanın səfiri ilə görüşüb, bunu çatdırmışdı. Səfir Lavrova, o da Putinə… Ona görə də Rusiyadan Ermənistana təyyarələrlə silah daşınır. Eyni zamanda, Putin hər iki ölkənin xarici işlər nazirini çağırıb, humanitar atəşkəs müqaviləsi imzalatdırdı”.

Politoloq hesab edir ki, Gəncənin vurulma səbəblərindən biri də azərbaycanlılar arasında vahimə yaratmaqdır.

 

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da o fikirdədir ki, Gəncəni raket atəşinə tutmaqda məqsəd həm də mülki əhalini qorxutmaqdır. Onun sözlərinə görə, başqa səbəblər də var: “Mülki əhalinin hədəfə alınmasının bir neçə səbəbi var. Səbəblərdən biri Rusiyanı açıq şəkildə prosesə qatmaqdır. İstəyirlər ki, Azərbaycan cavab versin, bunlar da car çəksinlər ki, Ermənistan ərazisi vuruldu. Bu halda, həm Rusiya ilə hərbi anlaşmaya görə, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə əsasən Rusiya Ermənistana yardım etməlidir. Daha bir səbəb mülki əhalini qorxutmaqdır. 90-cı illərin taktikasıdır. Amma mülki əhali qorxmur, insanlar evlərini tərk eləmirlər. Üçüncü səbəb də var. Dağlıq Qarabağ cəbhəsində ermənilərin ciddi uğursuzluqları var. Bunu kompensasiya etməkdən ötrü öz cəmiyyətlərinə göstərməyə çalışırlar ki, baxın, biz Azərbaycanın şəhərlərini də vura bilirik”.

Amma E.Şahinoğlu hesab edir ki, Azərbaycan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər ölkələri xəbərdar edib, adekvat cavab verməli, atəş nöqtələrini susdurulmalıdır. Ekspertin fikrincə, tutarlı cavab verilməsə, yenə Gəncəni, Mingəçeviri raket atəşinə tutacaqlar: “Ola bilsin ki, bu, həm də nəbz yoxlamasıdır. Düşünürlər ki, Azərbaycan adekvat cavab verməz, çünki ortada Rusiya amili var. Amma Rusiyanı da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələri də xəbərdar etməliyik ki, Ermənistan təxribat törədir, əgər vursa, biz də atəş nöqtələrini susduracağıq. Ondan sonra inanmıram ki, onlar bir də risk eləyib, bizim şəhərləri vursunlar. Yox, əgər bunu eləməsək, nədənsə çəkinsək, onlar yenə vuracaqlar. Gəncənin qisası alınmalıdır”.

E.Şahinoğlunun fikrincə, heç bir halda, hərbi əməliyyatları dayandırmaq olmaz. Hətta Rusiyanın təzyiqləri qarşısında da geri çəkilmək düzgün deyil. Onun sözlərinə görə, cəmiyyətdə gözləntilər böyükdür və əməliyyatların dayanması parçalanmaya səbəb ola bilər: “Bundan sonra biz atəşkəsə getsək, mənasız sülhə razılaşsaq, cəmiyyətdə ruh düşkünlüyünə, parçalanmaya gətirib çıxara bilər. Dövlət başçısı özü hədəfləri böyüdüb, deyib ki, sona qədər gedəcəyik. Türkiyə amili var, bizə dəstək verib. Bu ölkənin nüfuzu məsələsini gözardı etmək olmaz. Bütün bunları nəzərə alaraq, prosesi yarımçıq qoya bilmərik. Əlbəttə, Rusiyanın təzyiqləri var. Prezidentin köməkçisi də bunu dedi. Amma bunu əvvəldən də bilirdik. Təzyiq var deyə, o demək deyil ki, yarımçıq qoymalıyıq”.

Ekspert düşünür ki, Azərbaycanın təhlükəsizliyi baxımından Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə ehtiyac var. Onun fikrincə, Gəncədə Türkiyənin bazaları olsaydı, Ermənistan risk edib, ora raket atmazdı: “Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır, biz buna görə Ermənistanı raket atəşinə tutmağa çəkinirik. Eynilə Türkiyənin də Azərbaycanda bazaları olmalıdır ki, Azərbaycanın təhlükəsizliyi təminat altında olsun. Hələ də gec deyil, bu istiqamətdə danışıqlara başlamaq lazımdır. Ona qədər isə atəş nöqtələri susdurulmalıdır”.

Dünyanınsəsi.Az