Türkiyə İsveç və Finlandiyanı belə təslim etdi- Rusiyanın isə şimal qütbünə qədər sərhədləri bağlandıəd

Manşet SİYASƏT
Spread the love

Son illər, xüsusilə də son bir neçə ay ərzində Türkiyə diplomatiyası dünya diplomatiyasına az qala əsl “master-klass” keçir.

Yaxın Şərqdə Moskva ilə apardığı “mehriban düşmən” siyasətindən, Cənubi Qafqazdakı və Orta Asiyadakı uğurlu həmlələrindən tutmuş bütün dünyanın diqqət mərkəzində olan və bəşəriyyətin gələcəyini müəyyən edən Rusiya-Ukrayna savaşındakı diplomatik mövqeyinə qədər bütün istiqamətlərdə Türkiyə diplomatiyasının danılmaz uğurları var.

Bu gün dünyada gedən qlobal hərbi-siyasi mübarizədə hansı tərəfi tutmasından asılı olmayaraq, elə bir ölkə yoxdur ki, Türkiyənin mövqeyilə hesablaşmasın.

Son olaraq İsveç və Finlandiyanın NATO üzvlüyü məsələsi ortaya çıxanda heç kim bu məsələdə hər hansı problemin yaşanacağını düşünmürdü. Çünki bir nəhəng hərbi müdafiə təşkilatı kimi NATO hər zaman genişlənməyə çalışıb. Xüsusilə də Rusiya ilə sərhədləri olan Finlandiya və İsveç kimi inkişaf etmiş, NATO standartlarına uyğun Avropa ölkələrinin təşkilata qəbulu “göydən düşmə” idi.

 

 

Əlbəttə ki, bu üzvlük məsələsinin tezliklə baş tutmasında ən çox maraqlı olan ABŞ, bunun qəti əleyhinə olan isə Rusiya idi.

Bir daha NATO-da əsas söz sahiblərindən biri olduğunu ortaya qoyan Türkiyə isə İsveç və Finlandiya qarşısında PKK və “gülənçilər”lə bağlı, eləcə də hərbi avadanlıqlara embarqonun götürülməsinə dair tələblər qoymaqla “bir güllə ilə iki dovşan vurdu”.

Bu, bəzi dairələr tərəfindən hələ də Rusiya üçün yeganə nəfəslik olan Türkiyənin Moskva üçün reveransı kimi qəbul olundu. Digər yandan Türkiyənin Avropa və Amerikaya əsl “qulaqburması” sayıldı.

Lakin hadisələrə daha ayıq başla və dolğun qiymət verən nüfuzlu ekspertlər və siyasətçilər Ərdoğan hökumətinin gözlənilmədən Finlandiya və İsveç qarşısında tələblər qoymasının sırf Türkiyənin öz milli maraqlarından irəli gəldiyini qəbul etdilər və onların haqlı tələblər olduğunu vurğuladılar. Elə NATO Baş katibi Yens Stoltenberq də Türkiyənin tələblərinin haqlı olduğunu bildirdi.

 

 

Şəxsən Rəcəb Tayyib Ərdoğanın, eləcə də Mövlud Çavuşoğlu və digər yüksək rütbəli Türkiyə rəsmilərinin bəyanatlarından aydın göründü ki, rəsmi Ankara öz tələblərindən geri çəkilmək fikrində deyil. Türkiyənin son illərdə apardığı qətiyyətli xarici siyasəti izləyənlər isə anladılar ki, tələblər yerinə yetirilməlidir. Başqa yol yoxdur. Həmin tələblərin isə sadəcə rəsmən elan olunan maddələrdən ibarət olduğuna inanmaq sadəlövhlük olardı…

Əksər Qərb KİV-ləri yazır ki, Türkiyənin trerrorçularla bağlı irəli sürdüyü tələblər hər nə qədər ciddi olsa da, sadəcə aysberqin görünən tərəfidir. Çünki PKK-çılara və “gülənçilər”ə qucaq açanlar təkcə İsveçlə Finlandiya deyil. Hazırda hətta NATO ölkələri sırasında belələri kifayət qədər çoxdur.

Doğrudur, Ankaranın bu məsələdəki inadkarlığı və prinsipiallığı onlar üçün də “qulaqburması” sayıla bilər. Ancaq əksər nüfuzlu ekspertlər pərdə arxasında əsas tələblərin ABŞ-la bağlı olduğuni iddia edirlər. Bu tələblər açıq şəkildə sadalanmasa da, onların ABŞ-ın hərbi proqramlarına Türkiyənin buraxılması, hərbi avadanlıqlara qoyulan qadağaların götürülməsi, maliyyə-iqtisadi güzəştlər də daxil olmaqla bir çox strateji məsələlərlə bağlı olduğu qeyd edilir.

Əgər NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson arasında baş tutan və cəmi iki saat davam edən görüşdə razılıq əldə edilibsə, deməli hər şey həmin görüşdən daha əvvəl həll olunub və Türkiyənin tələbləri böyük ölçüdə qəbul olunub.

 

 

Bununla bağlı rəsmi məlumatda isə deyilir ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib. Bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq. Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək. Stoltenberq, həmçinin deyib ki, Finlandiya və İsveç terrorda ittiham olunanların ekstradisiyası üçün Türkiyə ilə işləməyə hazırdır. İsveç iyulun 1-dən terror cinayətləri ilə bağlı qanunu sərtləşdirəcək. Həmçinin, İsveç və Finlandiya Türkiyəyə PKK-nın hər hansı maliyyə yardımı edilməsini araşdıracağına və dayandıracağına söz verib. Ancaq bir daha qeyd edək ki, rəsmi bəyanatda deyilənlər əhəmiyyətli razılaşmaların yalnız görünən tərəfidir…

Bütün bunlar onu göstərir ki, Türkiyə xarici diplomatiyası həm Qərb, həm də Rusiya diplomatiyası üzərində üstünlük qazanır və hazırda davam edən qlobal savaşda demək olar, heç bir ciddi səhvə yol vermədən bu xətti davam etdirir.

 

 

Müqayisə üçün qeyd etmək olar ki, məsələn Rusiya diplomatiyası demək olar əksər istiqamətlərdə əsl fiasko yaşamaqdadır. Səhvlərin sayı-hesabı yoxdur. Təkcə Sergey Lavrovun İsraili az qala faşizmdə ittiham etməsi nəyə desən dəyər.

Məlum olduğu kimi, onun həmin biabırçı bəyanatından sonra Putin İsrail rəhbərliyinə zəng edərək, üzr istəmişdi. Yəni, Rusiya diplomatiyası onsuz da təcrid olunmuş və gözdən düşmüş bu ölkəyə mümkün qədər dost, tərəfdaş tapmaq əvəzinə, hər şeyi əksinə edir və düşmənlərinin sayını daha da artırır. Türkiyəni isə bir vaxtlar saya salmayan, onunla hesablaşmayan Avropa ölkələri belə az qala əsas ümid mənbəyi, sanballı beynəlxalq oyunçu kimi görürlər.

Təbii ki, bütün bunlar Türkiyə kimi, həm də Azərbaycanın uğurudur. Belə bir qardaş və təbii strateji tərəfdaş dövlətin olması Azərbaycana böyük şanslar qazandırır və ümid edək ki, yaxın gələcəkdə bu üstünlüyün bəhrələrini biz də görəcəyik…

Dünyanınsəsi.Az