
Türkiyə İdlibə indiyədək görünməmiş sayda zirehli texnika və əsgər yeritdi – Savaş hər an başlaya bilər (Foto
Bu həftə ərzində İdlibə 400 yük maşını silah və texnika göndərən Türkiyə ordusu son iki gündə regiona tank, top, ÖAQ, zirehli texnika, PDM, siqnal qarışdırıcı, elektronika hərbi sistemi və reaktiv atəş qurğularının yükləndiyi daha 500-dən çox maşın göndərib.
DunyaninSesi.Az xəbər verir ki, dünən günorta vaxtlarında Keferlusindən Suriyaya girən 350 maşınlıq konvoy Maared Misrini keçərək İdlibə, oradan da Eriha qəsəbəsinin Mastuma kəndinə gedib. Konvoyda yük maşınlarının üzərində xeyli sayda tankın olması diqqət çəkib. Türkiyə ordusu bu kənddə Əsəd rejimindən qalma hərbi bazanı qərargaha çevirib.
Türkiyə ordusunun 150 maşından ibarət ikinci konvoyu gecə vaxtı sərhədi keçərək, Suriyanın Taftenaz yaşayış məntəqəsinə gedib. Son iki gündə regiona 500 yük maşınından çox zirehli texnika, komandos və xüsusi təyinatlı dəstələr göndərilib. Son məlumata görə, Türkiyə ordusunun İdlibdəki hərbçi sayının 4 min nəfərdən çox olduğu bildirilir. Sərakibin Sarmin kəndində müşahidə postu quran TSQ Taftenazdakı hərbi hissənin ətrafını beton bloklarla hörməyə başlayıb.
Rejim qüvvələri strateji əhəmiyyətə malik Sərakibdə İdlib mərkəzinə hücum üçün hazırlıqları davam etdirirlər. Hələbdə isə şiddətli döyüşlər davam edir. Müxaliflər şəhərin cənubunda yerləşən Məhərrəm, əl-Kahvari, əl-Nabarez və əl-Dahirah kəndlərini rejim qüvvələrində geri alıblar. Əməliyyatlar zamanı xeyli sayda rejim əsgəri və iranlı silahlılar öldürülüb. Halsa-Zitan yolunda rejimə məxsus konvoy raketlərlə vurulub. Hələbin cənubunda gedən hərbi əməliyyatlarda öldürülən rejim üzvləri arasında polkovnik Samir Əhməd Səlaminin olduğu bildirilir.
İdlibli fəal Həsən Duş Türkiyənin müşahidə postlarının mühasirəyə alınmasından sonra böyük narahatlıq keçirdiklərini bildirib:
“Maared Numanın alınmasından sonra “qarantiyaçı ölkə Türkiyə artıq bizi qorumayacaq” deyə fikirləşməyə başlamışdıq. Amma Türkiyənin son fəaliyyətləri bizə yenidən ümid verdi. Xüsusilə, son iki gün ərzində hərbi konvoyları görüncə çox sevindik. Rejim mövqelərinin Türkiyə tərəfindən ağır formada vurulmasından sonra vəziyyət dəyişəcək. İdlibdəki insanlar indi Türkiyənin müdaxiləsini gözləyir. Mülki əhali müharibənin qurtarmasını və bombasız həyat istəyir. Bizə Türkiyədən başqa dəstək verən qalmadı. Əgər çarə tapılmazsa, ya Türkiyəyə, ya Avropaya gedəcəyik. Çünki köç etməsək, öləcəyik”.
Türkiyə Müdafiə Nazirliyi İdlibdəki müşahidə postlarına ediləcək hər hansı hücum halında özünümüdafiə hüququ çərçivəsində ən sərt şəkildə cavab veriləcəyini açıqlayıb.

