Türkiyə-Azərbaycan birgə qış təlimləri: “ATAK” vertolyotları Qars qalasındakı bayrağı salamlayır

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Ötən gün fevralın 1-də Qarsda Türkiyə-Azərbaycan birgə qış təlimləri başlayıb. Son illərin ən irimiqyaslı qış təlimlərində Azərbaycandan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bölmələri və silahlı qüvvələrimizin digər qrupları, tankları, özüyeriyən artilleriya qurğuları və digər texnikası iştirak edir. Azərbaycan və Türkiyə müdafiə nazirliklərinin yaydıqları məlumatlara görə təlimlərin birinci günündə minomyot bölmələri döyüş atışları həyata keçirib. Bu, olduqca çətin iqlim və relyef şəraitində keçirilən və 12 gün davam edəcək təlimlərin hazırlıq mərhələsidir.

 

Türkiyə Müdafiə Nazirliyi təlimlərə qatılmaq üçün gedən “ATAK” hücum vertolyotlarının Qars qalasında ucaldılmış Türkiyə bayrağına necə salam verdiyinə dair görüntüləri də paylaşıb. Görüntülərdə Türkiyənin milli hərbi sənayesinin istehsalı olan iki hücum vertolyotu bayraq dirəyinin yanından uçarkən havada dayanır, dövrə vurur və daha sonra uçuşa davam edir.

 

Ermənistanla həmsərhəd ərazilərdə keçirilən irimiqyaslı Türkiyə-Azərbaycan qış təlimləri Qarabağda sarsıdıcı məğlubiyyətdən hələ özünə gəlməmiş bu ölkədə ciddi təşvişlə izlənməkdədir. Ermənistanda bu təlimləri Türkiyə və Azərbaycanın güc nümayişi kimi qiymətləndirirlər, amma eyni zamanda təlimlərin “Ermənistana hücum hazırlıqları” olduğunu deyib təşvişə düşənlər də var.

Təlimlərə motoatcı və tank bölmələri, raket qoşunları və artilleriya, hərbi hava qüvvələri, xüsusi təyinatlı qüvvələr cəlb olunub. Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərdə qoşunların çətin qış şəraitində dağlarda hücum əməliyyatları həyata keçirməsini məşq etmək, silahlanmaya yeni qəbul edilən texnika və silah sistemlərini sınaqdan keçirmək, birgə əməliyyatlar zamanı koordinasiyanı təmin etməkdir.

Dünyanınsəsi.Az