“Torpağı qorumasan, əkib-becərməyə dəyməz!..” – Ordumuzun qurulmasından 104 il ötür

Əsas Manşet ÖLKƏ REDAKSİYA SEÇİMİ
Spread the love

26 iyun Azərbaycanda Ordu Günüdür. Bu tarix Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.

Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verirdi. 1920-ci ilin aprelində Azərbaycanın sovet işğalından sonra Milli Ordu ləğv edildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Ali Sovet Milli Ordunun yaradılması haqqında qərar qəbul etdi. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 26 iyun- Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Azərbaycanda 26 iyun rəsmi dövlət bayramı olaraq yüksək səviyyədə qeyd edilir.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan  Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi  Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Bəs indiyə qədər Azərbaycanın müdafiə naziri kimlər olub?

Azərbaycanın 1918-20-ci illərdə iki müdafiə naziri – Xosrov bəy Sultanov (mülki şəxs) və artilleriya general-leytenantı Səməd bəy Mehmandarov, ikinci müstəqilliyi dönəmində isə 8 müdafiə naziri olub.

İkinci müstəqillik dönəmində 1991-ci ilin sentyabr-dekabr aylarında müdafiə naziri postunda general-leytenant Valeh Bərşadlı çalışıb (5 sentyabr 1991 – 11 dekabr 1991).

1991-ci il dekabr-1992-ci ilin yanvar aylarında general-mayor Tacəddin Mehdiyev müstəqil Azərbaycanda ikinci müdafiə naziri vəzifəsini daşıyıb (11 dekabr 1991 – 17 fevral 1992).

Bu posta daha sonra 1992-ci ilin yanvar-fevral aylarında polkovnik Şahin Musayev, fevral-mart aylarında polkovnik (polis) Tahir Əliyev gətirilib.

1992-ci ilin mart ayından 1993-cü ilin fevral ayınadək müstəqil Azərbaycanın müdafiə naziri vəzifəsini mülki şəxs Rəhim Qazıyev icra edib (17 mart 1992 – 20 fevral 1993).

1993-cü ilin yanvar-iyun aylarında isə general-mayor Dadaş Rzayev müdafiə naziri vəzifəsində çalışıb. (20 fevral 1993 – 17 iyun 1993).

1993-cü ilin iyun-avqust aylarında Səfər Əbiyev Müdafiə Nazirliyinə rəhbərlik edib (17 iyun 1993 – avqust 1993).

Onu 1993-cü ilin avqust-sentyabr aylarında general-mayor Vahid Musayev əvəzləyib. (13 avqust 1993 – 25 avqust 1993).

1993-cü ilin sentyabr ayından 1995-ci ilin fevralınadək isə Azərbaycanın müdafiə naziri vəzifəsində general-leytenant Məmmədrəfi Məmmədov işləyib. (2 sentyabr 1993 – 6 fevral 1995). Ondan sonra Səfər Əbiyev yenidən müdafiə naziri postuna gətirilib. O, 1995-ci ilin fevralından 22 oktyabr 2013-cü ilədək nazir vəzifəsini icra edib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü il 22 oktyabr tarixindən indiyədək general-polkovnik Zakir Həsənov Azərbaycanın müdafiə naziri vəzifəsində çalışır.

Azərbaycan Ordusu hazırda dünyanın diqqətlə izlədiyi bir ordudur. Bu ordu bizə 2020-ci ildə 44 günlük II Qarabağ savaşında tarixi qələbə hissi yaşatdı. Bu qələbənin təməlini isə qəhrəman ordumuz 2016-cı ildə 4 günlük aprel döyüşlərində qoymuşdu.

Erməniləri təxribatlara sövq edən Rusiyadır

Rövşən Məhərrəmov: “Ali Baş Komandanımız ordu quruculuğuna diqqəti daha da artıracaq”

Hərbi Polisin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov şanlı Azərbaycan Ordusu haqqında “Yeni Müsavat”a bunları dedi: “Bildiyiniz kimi, Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının üzvü idi. Müstəqillik qazandıqdan sonra ordu yaratma istiqamətində ciddi işlər görüldü. DTX, DİN və bir sıra qurumlar var idi ki, orada nəyisə yaratmaq asan idi. Amma Müdafiə Nazirliyi sovetlər dönəmində bir olub. Yəni Azərbaycanda onun bazası olmamışdı. Müstəqillik, sonradan Qarabağın azad edilməsi istiqamətində mübarizənin getdiyi bir zamanda 1918-ci il 26 iyunda ordu quruculuğuna start verildi. O zaman həm müharibə gedirdi, həm də ordu qurulurdu. Bu da çox çətin bir proses idi. Çağırışlar edilirdi və nəticədə Çar Rusiyası dönəmində zabit kimi xidmət edənlər vətənə döndülər. Amma bu da kifayət etmirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə ilk açıqlamalarından biri bu olmuşdu ki, əsas məqsədimiz ordunu gücləndirməkdir. Bu da təsadüfi deyildi. Ordu suverenliyimizdir. Heydər Əliyev hakimiyyəti dövründə demək olar ki, ordu quruculuğuna sıfırdan başlandı. Bunun üçün büdcə artırıldı. Ali məktəblərin say tərkibi yüksəldildi, yəni orduya aid məktəblər. Bunlar da kadrların artırılmasını həyata keçirdilər. İlham Əliyev hakimiyyətə gəldikdən sonra ulu öndərimizin başlatdığı işi hərbi sahədə də uğurla davam etdirdi. Orduya ayrılan büdcə daha da artırıldı. Təkcə orduya ayırdığımız büdcə Ermənistanın dövlət büdcəsindən belə artıqdır. Bu dövrdə yeni silah-sursatlar alındı.

Biz bilirdik ki, II Qarabağ müharibəsi qaçılmazdır. Torpaqlarımızı azad etməyin yeganə yolunun müharibə olduğunu hər kəs anlayırdı. Müharibəni də aparan ordudur. 2016-cı ilin aprel döyüşlərində bəzi ərazilərimizi boşaltdıq. 44 günlük savaşda isə əksər ərazilərimizi azad etdik. 26 iyun xalqımızın bayramıdır. Biz artıq bu günü qalib ordu kimi qeyd edirik. Ordumuzun inkişafı davam edir. Türk ordu modelinə keçidə start verilib. Hissə-hissə bu sistemə keçirik. II Qarabağ savaşında ordumuzun taktikasından hələ də dünyada söz açılır. Bu yeni bir taktika idi. Bu taktika çox müasir, yeni, az itkilərlə başa gələn bir taktika idi. Bütün bunlar ondan xəbər verir ki, dövlətimizin əsas hədəfi ordunu durmadan gücləndirməkdir. Hesab edirəm ki, bundan sonra da Ali Baş Komandanımız ordu quruculuğuna diqqəti daha da artıracaq. Onsuzda bu proses gedir. Günü-gündən orduya ayrılan büdcə artmaqdadır. Ordumuz dünyanın seçilmiş nadir ordular sırasındadır. Fürsətdən istifadə edib silahlı qüvvələrimizi öz adımdan təbrik edirəm, onlara uğurlar arzulayıram, gələcəkdə yeni-yeni qələbələrə nail olmağı arzu edirəm. Qələbə hər zaman bizim ordumuzundur”.

Nəsiman Yaqublu: “Erməni saxtakarlığı ilə mübarizə yollarını dəyişməliyik”

Nəsiman Yaqublu: “Bu zəfərin əsasında 1918-19-cu illərdə formalaşdırdığımız ordumuzun əzmi, şücaəti dururdu”

Tarixçi alim Nəsiman Yaqublu isə ordumuzun tarixi barədə çox maraqlı faktlarla bizi tanış etdi: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması çox böyük bir hadisə idi. Çünki Çar Rusiyası dövründə azərbaycanlıları orduya götürmürdülər. Ona görə də, ordu məsələsi çox ciddi problem olaraq qalırdı. Ordumuzun əsasını qoyanlardan biri Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa idi. O Gəncəyə gəldikdən bu işlərlə çox yaxından məşğul olmağa başladı. 1918-ci il 4 iyunda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı İmperiyası arasında müqavilə imzalandı və həmin müqavilənin 4-cü bəndində Azərbaycan tərəfin Osmanlıdan güc istəmək haqqı yer alırdı. Bu əsaslarla Qafqaz İslam Ordusunu ölkəmizə dəvət etdik. Nuru Paşanın Azərbaycana gəldikdən sonra ilk işi ordu yaratmaq olmuşdu. Onun bu istiqamətdə xidmətləri danılmazdır və bunu kimsə inkar edə bilməz. Gəncədə hərbi məktəb açmışdı. Bu məktəbin 1918-ci ilin oktyabrında ilk buraxılışı olmuşdu. Bununla Azərbaycan zabitləri artıq ordumuzda xidmətə başladılar.

İlk hərbi nazirimiz Xosrov bəy Sultanov olub. O hərbçi olmayıb. Peşəcə həkim olub. Ordumuzun yaradılmasında onun da böyük dəstəyi olub. Nuru Paşa ilə birlikdə bu işlərdə çox böyük fəallıq göstərib. Bakı 1918-ci il sentyabrın 15-də azad edildikdən sonra Nuru Paşa ikinci böyük iş gördü, Bakıda hərbi məktəb açdı və hərbi zabitlərin yetişdirilməsində çox böyük rol oynadı. Ordumuz baxın belə formalaşıb. Təbii ki, ordumuzun ən böyük qələbəsi Qafqaz İslam Ordusunun tərkibində ilk olaraq Bakının azad edilməsi, ərazi bütövlüyümüz uğrunda mübarizə və Qarabağda erməni separatçılarına qarşı mübarizə, onları qanunlarımıza tabe etdirmək oldu. 1919-cu il aprelin 5-də Bakının mərkəzində ordumuzun təntənəli şəkildə ilk paradı keçirildi. 1919-cu ilin iyunda həmin parad Xankəndidə keçirildi. Oradan Şuşaya qalxdılar. Orada İstiqlal meydanı deyilən yer var, ora indiki Yuxarı Gövhər Ağa Məscidinin qarşısıdır. Orada da böyük hərbi parad keçirildi. Həmin paradda baş nazir Nəsib bəy Yusifbəyli, müdafiə naziri Səməd bəy Mehmandarov və digərləri iştirak etmişdi. Ordumuzun sonrakı mərhələlərdə formalaşmasında ən böyük rolu oynayanlardan biri Səməd bəy Mehmandarov və baş qərargah rəisi Məmməd bəy Sulkeviç oldu. Sulkeçiv milliyyətcə polyak tatarlarındandır. Onun da xidmətləri danılmazdır. Burada Əliağa Şıxlinskini də unutmaq olmaz. 25 minə qədər Azərbaycan Ordusu formalaşmışdı. Bu ordu 114 min kvadrat kilometr Azərbaycan ərazisinin qorunmasında böyük rol oynadı. Bu ərazisinin 97 min kv km-i tam şəkildə nəzarətimizdə idi. Qalan ərazilər mübahisəli şəkildə idi. Sonrakı proseslərdə bu mübahisəli ərazi həll olunacaqdı.

1920-ci ildə Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildikdən sonra bu ordunun qalan əsgər və zabitləri bir sıra ərazilərdə üsyan qaldırdılar. Gəncə, Şəki, Zaqatala və s. üsyanlarını qeyd edə bilərik. Bu üsyanlarla onlar Rusiya işğalı ilə barışmadıqlarını göstərdilər. Son nəfəslərinə qədər mübarizə apardılar. Sadəcə sayları az olduğu üçün gücləri çatmadı. Onu da deyim ki, 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə rus işğalçıları Bakıya daxil olanda bu ordunun təxminən 1500-2000 əsgər və zabiti müqavimət göstərdi. Bir neçə saat düşməni Bakıya buraxmadılar. Hətta o döyüşlərdə bir rus generalı belə öldürülmüşdü. Rus əsgər və zabitlərindən ölənlər də oldu. Yəni biz asanlıqda ordumuz sayəsində təslim olmadıq. Deyilənlər yalandır ki, guya müqavimət göstərilməyib, sadəcə gücümüz çatmamışdı.

Azərbaycan Ordusu 44 günlük savaşda da böyük zəfər əldə etdi. Bu zəfərin əsasında 1918-19-cu illərdə formalaşdırdığımız ordumuzun əzmi, şücaəti dururdu. Bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edirəm”.

“DünyanınSəsi”