Tomas Mozer Rafiq Əliyevə məxsus limanı ələ keçirib Avropa bankına satdı

Əsas Manşet İQTİSADİYYAT
Spread the love

Moldovanın Prut və Dunay çaylarının mənsəbində yerləşən, ölkənin dənizə çıxışını təmin edən yeganə liman olan Curculeşt limanı daha azərbaycanlı biznesmen-keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə məxsus deyil. Virtualaz.org xəbər verir ki, limanı vaxtilə onun biznesini idarə edənlərdən biri Tomas Mozer ələ keçirib və  ofşor şirkətlər üzərindən Avropa Yenidənqurma və İnkişaf Bankına satıb. Bu haqda Moldova mətbuatında yazırlar.

 

Bildirilir ki, Moldova hökuməti Curculeşt azad ticarət limanına dair məhkəmə mübahisəsinin tərəflərini öz mübahisələrini müvafiq qanunlar əsasında yerli məhkəmələrdə nizamlamağa çağırır. Və limana dair investisiya razılaşmasını imzalamış bütün tərəflərdən bərabər məsafə saxlayacağına təminat verir. Hökumətin bu reaksiyası Avropa Yenidənqurma və İnkişaf Bankının bu yaxınlarda Curculeşt  beynəlxalq limanının səhmlərini aldığını elan etməsindən sonra bildirilib.

Dolaşıq sxem: limanı kim və nə vaxt satıb…

Curculeşt limanının banka satılmasına dair müqavilə 2021-ci il mayın 7-də imzalanıb. Lakin bu haqda iki həftə sonra, limanın saytında yerləşdirilmiş press-relizdən məlum olub. Limanın səhmlərini banka Kiprdə qeydiyyatdan keçmiş “Thomo Invest LTD” şirkəti satıb. Həmin şirkətin arxasında isə limanın operatoru “Danube Logistics” şirkətinin keçmiş inzibatçısı və limanın keçmiş direktoru, eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankının keçmiş əməkdaşı Tomas Mozer dayanır.

 

Tomas Mozer-Əliyev qardaşlarının keçmiş ortağı

Curculeşt limanının operatoru “Danube Logistics” LLC Hollandiyanın “Danube Logistics Holding BV” şirkətinin törəmə şirkətidir. Sonuncunun təsisçisi isə öz növbəsində “Danube Holding BV” adlı başqa holland şirkətidir. Həmin şirkətin arxasında isə 2011-ci il sentyabrın 6-da Kiprdə qeydiyyatdan keçmiş, direktoru Tomas Mozer olan “Thomo Invest LTD” dayanır. 2018-ci ildə isə Kipr şirkətinin səhmləri Avstriyada qeydiyyatdan keçmiş “Febania GmbH” şirkətinə satılıb, həmin şirkətin benefisiarı da Tomas Mozerdir. Belə məlum olub ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Curculeşt limanını Mozerin “Febania GmbH” şirkəti ilə imzalanmış sövdələşmə nəticəsində alıb.

Jurnalistlər nə aşkar etdilər?

“Black Box” araşdırmaçı jurnalistlər qrupunun əldə etdiyi sənədlərə əsasən bank limanı alana qədər onun səhmləri “Bemol” şirkəti ilə (Curculeşt limanının keçmiş sahibi-Rafiq Əliyevin şirkəti) ilə Tomas Mozer arasında məhkəmə çəkişməsi prosesində müsadirə olunmuşdu. Həmin məhkəmə çəkişməsi bir neçə ildir davam edir və 2021-ci ilin fevralında məhkəmə icraçısı Roman Talmaç “Bemol” şirkətinin sorğusu əsasında “Danube Logistics” şirkəti üzərində məcburi idarəçilik tətbiq edib.

 

Lakin “Danube Logistics” şirkətinin nümayəndələri bildirirlər ki, bank hələ sövdələşməni imzalamazdan əvvəl “Danube Logistics Holding BV” şirkətinin “Danube Logistics”-dəki səhmlərinin əsas benefisiarı idi.  Üstəlik bu səhmlər banka vaxtilə alınmış kreditin maliyyələşdirilməsi üçün girov kimi verilmişdi. Və “Bemol” şirkətinin iddiası əsassızdır və operator-şirkətin məcburi müsadirəsi barədə məhkəmə icraçısının çıxardığı qərar məhkəmədə mübahisələndirilib.

Tomas Mozer Rafiq Əliyevi haqlı saymır

“İstənilən halda, bu mübahisəli müsadirə (“Danube Logistics” şirkəti üzərində məcburi idarəçiliyin tətbiqi) heç bir hüquqi qüvvəyə malik deyil, çünki Avropa Yenidənqurma və İnkişaf Bankı “Danube Logistics” şirkətinin yekun sahibidir və “Bemol” şirkətinin qarşısında heç bir öhdəliyə malik deyil”,-şirkətdən belə deyiblər.

 

Lakin limanı geri qaytarmağa çalışan “Bemol” şirkəti ilə Tomas Mozer arasında bu məhkəmə çəkişməsi Moldova üçün on milyonlarla dollar ziyana başa gələ bilər. Məhkəmə çəkişməsi 2014-cü ildə başlayıb, “Bemol” Tomas Mozeri dələduzluqda və şirkəti pis idarə etməkdə ittiham edilir. Prosesdə 2 il ərzində “Bemol” şirkətinin icraçı direktoru olmuş, daha sonra “Danube Logistics” LLC şirkətinə rəhbərlik etmiş Ala Aydov adlı şəxsin də adı keçir. Bu iki şəxs Rafİq Əliyevin şirkətinə 260 milyon lev (indiki məzənnə ilə 156 milyon dollar)  ziyan vurmaqda günahlandırılır. İddiaya əsasən Tomas Mozer şirkəti idarə edərkən pulları oğurlayıb və ona ziyan vurub.

Limanı Rafiq Əliyev necə almışdı…

Curculeşt limanı 2004-cü ilin dekabrında, Moldovadakı kommunist hakimiyyəti dövründə qismən dövlət, qismən özəl mülkiyyətə çevrilib. Daha sonra Moldova hökuməti Curculeşt limanına dair üç şirkətlə investisiya müqaviləsi bağlayıb: sonradan “Bemol Retail” olan “Azpetrol SRL”,  “Azertrans SRL” (sonradan “Danube Logistics” olub) və “Azpetrol Refinery SRL” (sonradan “Flat Refinery” olub). Hər üç şirkət Rafiq Əliyevə məxsus idi.

 

2005-ci ilin oktyabrında Rafiq Əliyev Azərbaycanda həbs olunanda əmlakı da müsadirə olundu. O, Moldovadakı aktivlərini qorumaq üçün 2006-cı ildə Niderlandda yaradılmış “Easeur Holding BV” şirkətinin idarəçiliyinə verib və 4 icraçı direktor təyin edib. Tomas Mozer onlardan biri idi və “Bemol Retail” şirkətini 2006-2012-ci illərdə idarə edib. Həmin vaxt liman operatoru “Danube Logistics” şirkətini də ələ keçirə bilib.

Rafiq Əliyev azadlığa çıxır, Moldovaya qayıdır və görür ki…

2013-cü ildə azadlığa çıxandan sonra Rafiq Əliyev “Bemol” şirkəti üzərindən biznesini idarə etmək üçün Moldovaya qayıdıb və Tomas Mozerin şirkətin pullarını ələ keçirdiyini öyrənib. Və məhkəmə iddiası qaldırıb. 2018-ci ilin aprelində Kişnyov məhkəməsi Tomas Mozerin Ala Aydovla birlikdə 178 milyon lev (106 milyon dollar) kompensasiya ödəməli olduğu haqda qərar çıxarıb. Bunun ardınca bir neçə apellyasiya məhkəməsi gəlib və bu ilin fevralında Moldova Ali məhkəməsi Rafiq Əliyevin bütün iddiasını rədd edib, yəni Mozeri haqlı çıxarıb.

Tomas Mozer və Curculeşt limanının tarixçəsi

Tomas Mozer  Almaniyanın İnkişaf Bankında işləyib, 1996-cı ildən isə Avropa Yenidənqurma və İnkişaf Bankında işə keçib. Üç il sonra o, bank prezidentinin dəftərxanasında işləməyə başlayıb. 2001-ci ildə isə Mozer bankın Bakı nümayəndəliyinin rəhbəri təyin olunub. 2003-cü ildə isə Fərhad və Rafiq Əliyev qardaşları Mozeri “Azpetrol”da departament rəhbəri vəzifəsinə gətiriblər. Həmin vaxtlar Əliyev qardaşları “Azpetrol” şirkətinin sahibləri idi.

Curculeşt limanı biznes-layihəsi hələ 1993-cü ildə işlənib hazırlanıb. O vaxtkı baş nazir Andrey Sanqeli hökumət üzvlərinə Prut və Dunay çaylarının mənsəbində liman inşası layihəsini təklif edib. Layihənin reallaşması üçün hökumət 25.5 milyon dollar kredit götürüb. Lakin 10 il keçəndən sonra məlum olub ki, nəzərdə tutulan işlərin cəmi 30 faizi görülüb. 2004-cü ildə kommunistlərdən ibarət Moldova hökuməti yarımçıq layihəni bərpa edib, bu məqsədlə Azərbaycanın “Azpetrol”, “Azertrans” və “Azpetrol Rafinery” şirkətləri ilə müqavilə bağlanıb. Bu şirkətlərin hər üçü əslində Bakıda qeydiyyatdan keçmiş “ana “ şirkətin törəmələri idi. Həmin şirkət liman layihəsinin başa çatdırılması üçün 250 milyon dollar investisiya təklif edib. Bundan başqa azərbaycanlı investorlar Avropa Yenidənqurma və İnkişaf Bankı qarşısında kredit öhdəliyini də bağlamalı idi. İnvestorlar habelə Moldovada, Curculeşt limanı yaxınlığında neft terminalının tikintisini də həyata keçirməyi vəd ediblər.

Moldova hökuməti ilə bağlanmış investisiya layihəsinə əsasən Curculeşt limanından daşınan neft və neft məhsulları gömrük rüsumlarından və ƏDV-dən azad edilirdi. “Azpetrol” (“Bemol”) şirkətinə icazə verilirdi ki, benzin və dizel satışına görə ixrac ƏDV-ni geri alsın. Şirkət habelə aksiz vergilərindən azad idi. Bütün bu güzəştlərə baxmayaraq şirkət Moldovada benzini və dizeli bazar qiymətinə satırdı.

Araşdırmaçı jurnalistlər 2016-cı ildə nə aşkar etmişdi?

Moldova, Ukrayna və Rumıniyadan olan araşdırmaçı jurnalistlərin 2016-cı ildə hazırladıqları məqaləyə əsasən (həmin məqalənin xülasəsi virtualaz.org-da dərc edilib) 2011-ci ildə Hollandiya şirkəti “EASEUR Holding BV” iri məbləğdə borclardan yaxa qurtarmaq üçün Rafiq Əliyevin şirkəti “New Ventures Capital”ı inandırır ki, “Credit Suisse” bankı qarşısında kredit öhdəliyini bağlasın. Razılaşmaya əsasən borcun bağlanmasının əvəzində “Credit Suisse” və Tomas Mozer tərəfindən yaradılan “Danube Logistics Holding BV” adlı şirkət “Danube Logistics SRL” şirkətinin səhmlərinin 80 faizini alıb. Habelə “EASEUR Holding BV” və “Azpetrol” (“Bemol Retail SRL”) şirkətlərinin borclarına sahib çıxıb. Bu aktivlərin əvəzində “Danube Logistics Holding BV” şirkəti “EASEUR Holding BV” şirkətinin “Credit Suisse” bankından götürdüyü 36.1 milyon dollarlıq borcunun ödənilməsini üzərinə götürüb. Lakin 2015-ci ildə “Danube Logistics” və “EASEUR Holding” arasında fikir ayrılığı yaranıb, iş məhkəmə çəkişməsinə qədər uzanıb.

Dünyanınsəsi.Az