
Tehranın Laçın və Zəngəzurla bağlı hiyləgər “təklifləri”… – Fars rejimi nəyə cəhd edir?
İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı geniş yazı ilə çıxış edib. “Xəbəronlayn” (Khabaronline.ir) saytında dərc edilən məqalədə Pakayin İranın Azərbaycana qarşı siyasətində “nisbi yumşalma” təsiri bağışlasa da, əslində 10 noyabr bəyanatının mahiyyətinin təhrifinə və Azərbaycanın milli maraqlarına qarşı hiyləgər bir gedişdir. (Axar.az)
Pakayin “Ayətullah Xamenei 13.08.1399-cu il (28.11.2020-ci il) tarixli bəyanatlarına” istinadla İranın sülhün müddəalarını tənzimləmək üçün Azərbaycan və Ermənistan tərəfindən “nəzərə alına biləcək 6 prinsip” irəli sürməsindən də danışıb. İranın təklif etdiyi prinsiplərə qısa şəkildə baxaq:
Ermənistan mərkəzi Xankəndi olan Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanımalıdır;
Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Qarabağa muxtariyyət verilməsi, təhlükəsizliyin təmin edilməsi və ermənilərə vətəndaşlıq hüquqlarının verilməsi öhdəliyini götürməlidir;
Azərbaycan Zəngəzur dəhlizinin Ermənistanın ərazisi və bu ölkənin ərazi bütövlüyünə aid olmasını qəbul etməli, bu dəhlizlə bağlı tarixi iddialardan çəkinməlidir;
Azərbaycan Laçın keçidini açıq saxlamaqla bağlı öhdəlik götürməlidir;
Ermənistan Zəngəzur dəhlizi üzərində suverenliyini qorumaqla Azərbaycana Naxçıvan Muxtar Respublikasına daxil olmaq üçün bu dəhlizdən istifadə etməyə icazə verməlidir;
Azərbaycan və Ermənistan Laçın və Zəngəzur keçidlərindən hərbi təyinatlı yüklərin daşınmaması üçün öhdəlik götürməlidir. Sonda Pakayin iddia edir ki, guya bu prinsiplərə əməl olunsa, “Azərbaycan və Ermənistanın ərazi bütövlüyü qorunacaq, coğrafi sərhədləri dəyişməz qalacaq, mühüm keçidlər açılacaq və erməni azlığının təhlükəsizliyi və hüquqları təmin olunacaq, əks halda, hər iki ölkə keçmişdə olduğundan daha çox ziyan görəcək.
Bu “prinsiplər” Azərbaycanın içinə basdırılmasına çalışılan növbəti siyasi minadır və Azərbaycan Ordusunun qüdrəti sayəsində məhv edilən erməni işğal siyasətinin yenidən cücərməsinə hesablanan layihədir.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov 6 bəndin hər birini ayrı-ayrılıqda şərh edib. Həmin şərhi təqdim edirik: “İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı yazısında Azərbaycan və Ermənistan tərəfindən “nəzərə alına biləcək 6 prinsip”ə diqqət çəkir. İndi onları şərh etməyə çalışaq:
Ermənistan Praqa və Soçi görüşü nəticəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Tərəflər BMT Nizamnaməsinə və Almatı Bəyannaməsinə sadiqliklərini ifadə ediblər. Lakin sülh müqaviləsinin imzalanması ilə prosesləri rəsmi İrəvan ləngidir.
Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində Qarabağa muxtariyyət verməsi məsələsi bu gün müzakirə olunmur və siyasi gündəlikdən çıxıb. Çünki regionda yeni reallıqlar yaranıb. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları Azərbaycanın daxili işidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.
Qərbi Azərbaycan bizim tarixi torpaqlardır. Bunu mübahisələndirmək də yersizdir. Çünki tarixi sənədlər və xəritələr dedilərimizi təsdiqləyir. Kommunikasiyalar üzərində suverenlik də eynilik təşkil etməlidir. Məhz buna görə də nəzarət buraxılış məntəqlərinin qurulması təşəbbüsü aktualdır.
Laçın dəhlizi anlayışı yoxdur. Laçın yolu da Azərbaycanın suveren yurisdiksiyasına daxil olmalıdır. Bu yola alternativ yollardan hərbi yüklərin daşınması göstərir ki, qeyri-hüquqi yanaşmalar aradan qaldırılmalıdır.
Ermənistan bu bənd üzrə öhdəliklərini yerinə yetirmir və regiona Avropa İttifaqının nümayəndələrini cəlb etməklə yeni geosiyasi gərginliyin formalaşmasına çalışır. 6. Hərbi təyinatlı yüklərin daşınmaması üçün öhdəliyi rəsmi İrəvan pozur və yeni eskalasiya ocaqlarının yaradılmasında maraqlıdır. Azərbaycan regionda sülhün, təhlükəsizliyin və sabitliyin tərəfdarıdır”.
Dunyaninsesi.Az