“Tərtər işi”ndə işgəncələri törədənlərin bir hissəsi də Hərbi Dəniz Qüvvələrinin N saylı Hərbi Hissəsinin dəniz piyadaları olub – ƏRƏSTUN ORUCLUDAN SENSASİON ARAŞDIRMA

Əsas Manşet ÖLKƏ
Spread the love

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekpsert Ərəstun Oruclu məşhur “Tərtər işi” ilə bağlı sensasion məlumatlar açıqlayıb.

Dünyanınsəsi.info ekspertin sosial şəbəkə hesabına istinadən onun qeydlərini təqdim edir:

“Tərtər işi” ilə bağlı yazdıqlarım bəzən tərəddüd və təəccüblər doğura bilər, amma bunların hamısı azı 3 ili əhatə edən dərin və detallı araşdırmaların nəticəsidir. Araşdırma zamanı Azərbaycan Ordusuna qarşı törədilmiş vəhşiliklərin mütəşəkkil cinayətkar çete tərəfindən həyata keçirilməsini isbat edən onlarla faktlar var.

Bu gün onlardan birini sizə təqdim edirəm ki, bütün bu cinayətkarların bir-birilə nə qədər sıx əlaqədə olduğunu və məhz mütəşəkkil cinayətkar dəstə kimi fəaliyyət özünüz görəsiniz.

Beləliklə, “Tərtər işi”ndə ən qeyri-insanı işgəncələri törədənlərin bir hissəsi də Hərbi Dəniz Qüvvələrinin  N saylı Hərbi Hissəsinin dəniz piyadaları olub.

İlk baxışdan nə bu fakt, nə də həmin hərbi hissəsin rəisinin Cəfər Seyidov adlı birisi olması heç nə demir.

Amma əvvəlcə onu qeyd edim ki, məhz həmin cinayətləri tprədəndən sonra həmin Cəfər Seyidov başqa bir vəzifəyə – Azərbaycanın ABŞ-dakı səfirliyinə hərbi attaşe təyin olunur. Lakin səfir Elin Süleymanovla konfliktlər yaradan Cəfər Seyidov oradan geri çağrılır və Hərbi-Dəniz Akademiyasında işə götürülür.

Araşadırmaları davam etdiririk və məlum olur ki, həmin bu, qansız Tərtər cəlladı Cəfər Seyidov Əziz Seyidovun oğludur, amma bu ad da bəlkə çoxlarına heç nə demir. Odur ki, davam edək: Əziz Cəfər oğlu Seyidov hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədridir.

Maraqlıdır ki, 2007-2017 illərdə Bakı şəhər prokuroru işləyən Əziz Seyidov 2017-ci il aprelin 25-də Ali Məhkəmənin hakimi təyin olunur və aradan 2 ay yarım keçən kimi, yəni, iyulun 11-də Ali Məhkəmənin Hərbi Kollegiyasına sədr təyin olunur.

Xatirlayırsınızsa, daha bir cinayətkar, Ali Məhkəmə sədri vəzifəsini tutan Ramiz Rzayev haqda yazanda xatırlatmışdım ki, Tərtər qətliamının qurbanlarına kəsilmiş cəzalar bütün məhkəmə instansiyalarından çox rahatlıqla təsdiqlənərək keçmişdir. O cümlədən də Ali Məhkəmədən. Ümid edirəm, bunun niyə belə olması ilə bağlı artıq əlavə suallar qalmır.

Bütün bunların Tərtər qətliamının törədildiyi həmin qanlı 2017-ci ildə baş verməsi və Əziz Seyidova sədri təyin edildiyi Hərbi Kollegiya vasitəsilə onun oğlu Cəfər Seyidovun da iştirak etdiyi cinayətləri “legitimləşdirməyin” həvalə olunması çətənin nə dərəcədə mütəşəkkil və dəqiq fəaliyyət göstərməsini ortaya qoyur.

Həm də zaman baxımından dəqiq. Bundan başqa, Əziz Seyidovun bu vəzifəyə hansı kanallarla yiyələndiyini araşdırmaq da bir o qədər də çətin deyil və bu, bir çox məsələlərə aydınlıq gətirir. Bunun üçün cinayətkarın həyat yolundakı bir detala nəzər salmaq kifayət edir.

Seyidov 1999-2001 illərdə Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsində çalışıb. Xatırladım ki, ondan əvvəl 5 il ərzində həmin vəzifədə onun Tərtər cinayəti üzrə şəriki, Ali Məhkəmənin bugünkü sədri Ramiz Rzayev çalışmış, 2005-ci ildən bu günədək isə həmin postu onun digər cinayət şəriki Xanlar Vəliyev tutur.

Bəziləri mənə bu insanları cinayətkar adlandırdığımı irad tutaraq təqsirsizlik prezumpsiyasına istinad edirlər. Əzizlərim, təqsirsizlik prezumpsiyası qanunun aliliyi, istintaqın qərəzsiz, məhkəmənin müstəqil olduğu ölkələrə aiddir. Qanunun, hüququn, istintaqın, məhkəmənin cinayətkar çətənin əlində alət olduğu ölkələrə yox.

Yeri gəlmişkən, mən onların təkcə cinayətkar yox, Azərbaycan xalqının, onun ordusunun düşməni olduğunu deyirəm və buna da tam əminəm!
Odur ki, Azərbaycan xalqının, onun ordusunun, əsgərinin amansız düşmənlərini tanıyaq və tanıdaq ki, onlar rahat yaşaya bilməsinlər!

P.S. Yazıda adıçəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Dünyanınsəsi.info