Azərbaycan Respublikası Təhsil Nazirliyinin qış aylarında rayon orta ümumtəhsil məktəblərinin qızdırılması ilə bağlı ayırdığı külli miqdarda dövlət vəsaitlərinin tenderlər yolu ilə kənarlaşdırılması təsbit edilib. Bu barədə “aktualinfo.org” saytı şok xəbər yazısı ictimailəşdirib.
Sayt xatırladır ki, hər ilin sonunda Milli Məclisdə büdcə məsələlərinin təsdiqi zamanı təhsil sisteminin inkişaf etdirilməsi, təhsil işçilərinin sosial həyat tərzinin yaxşılaşdırılması ətrafında aparılan xoş müzakirələr Təhsil Nazirliyi Ərazi Maliyyə Hesablaşma Mərkəzləri vasitəsi ilə orta məktəblərdə odun yanacağının alınması adı altında il ərzində havaya sovrulan büdcə vəsaitlərinin kölgəsində qalır.
Aktualingo.org saytı Təhsil Nazirliyinin 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən alınan odun yanacağına ayrılmış vəsaitlər barədə bilgiləri oxucuya təqdim edərək diqqəti irihəcmli korrupsiya bataqlığına yönəldir.
Yazıda qeyd olunur ki, sözügedən mərkəzin pulsilmə əməliyyatına diqqət etsək, görərik ki, qərb bölgəsinin cəmi üç rayonu – Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında tam orta məktəblərin sayı ilə bu rayonlardakı məktəblərin qızdırılmasına ayrılmış pullara bir neçə məktəb tikmək olardı və yaxud bu rayonlardakı orta məktəblərin hamısını qazanxana sistemləri ilə tam təchiz etmək mümkün olardı.
Şəmkirdə rayonunda hazırda 65 tam orta və 13 ümumi orta olmaqla ümumilikdə 78 ümumtəhsil məktəbi olmasını gündəm edən sayt məktəblərdən 9 -unun şəhərdə, 8 -inin qəsəblərdə, 61-inin isə kəndlərdə yerləşdiyini xatırladır. Rayon ümumtəhsil məktəblərində 34142 şagirdin ümumi qaydada, 79 şagird fərdi qaydada, 135 nəfər xüsusi qayğıya ehtiyacı olan şagirdin isə ev şəraitində fərdi təhsilinə diqqət çəkir.
Gədəbəy rayonunda isə ümumtəhsil məktəblərin sayının 82, rayondakı 82 məktəbin 55-i tam orta, 17-si ümumi orta, 9-u isə ibtidai məktəb olduğunu, 2019-2020-ci tədris ilində rayonun məktəblərində 927 sinif komplektində 10690 nəfər şagird təhsilə cəlb edildiyini, bu qədər şagirdin təlim-tərbiyəsi ilə 1588 nəfər müəllim məşğul olduğunu yazır.
Daşkəsən rayonunda isə ümumtəhsil məktəblərinin sayının 43 olmasını, 2015-2016-cı dərs ilində rayonun məktəblərində 391 sinif komplektində 3257 şagirdin təhsilə cəlb edilməsinə istinad edir. Onların da təlim-tərbiyəsi ilə 571 müəllimin məşğul olduğuna işarə edir. RTŞ-nin tabeliyində 4 məktəbdənkənar müəssisəni yada salır.
Yazılanlarda aydın olur ki, üç rayonda ümumilikdə fəaliyyətdə olan 203 ümumtəhsil müəssisəsi var. Və sual olunur ki, il ərzində bu rayonların məktəblərinə nə qədər odun yanacağı istifadə edilər?
Sayt öz sualına cavabında xüsusilə vurğulayır ki, məktəblərin böyük əksəriyyətində odun yanacağı valideynlərdən toplanan pullar hesabına alınır. Bunu rayon yerlərində, kəndlərdə ən azı bir qohumu yaşayan hər kəs bilməmiş deyil. Rayon mərkəzlərindəki orta məktəblərin bir çoxu isə qazanxana sistemi ilə təchiz edilib. Dərslərin sentyabr ayından başlayaraq, iyun ayında qurtardığını götürdükdə və Respublikanın iqlim şəraitini nəzərə aldıqda, orta məktəblərin neçə ay qızdırılması da sual kimi qalır.
Sayt təxmini qənaətə gəlir ki, birnövbəli kənd məktəblərində yanacağa tələbat beş aydan artıq deyil və düşən şənbə, bazar günlərini və bayramları çıxsaq, müddət cəmi dörd ay olur.
Bəs, Şəmkir Gədəbəy və Daşkəsən rayonlarında dörd aya bir növbəli orta məktəblərin qızdırılmasına Təhsil Nazirliyi 7 saylı Ərazi maliyyə Hesablaşma Mərkəzi nə qədər vəsait ayırsa yaxşıdır?
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 2019-cu ildə odun yanacağının alınması üzrə 04.04 2019 cu il tarıxdə elan edilmiş 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox açıq tenderin zərflərin açılışı 30 bank günündən sonra nəzərdə tutulub. Elanda iddiaçıların təkliflərinin açılışı 02.05.2019 10:00 tarixində Şəmkir şəhəri Nizami küşəsi 71 ünvanında aparılacağı bildirilir. Lakin sözügedən tendirin qalibi, alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə məlumatlar nədənsə elan olunmayıb və yaxud da gizlədilib.
Bundan cəmi iki ay sonra 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 2019- cu ildə alınacaq odunun satınalması üzrə 01.06. 2019-cu ildə elan etdiyi tender də 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olub. Bu tenderin də elanında iddiaçılara təkliflərinin açılışı 19.07.2019 10:00 tarixində Şəmkir şəhəri Nizami küçəsi 71 ünvanında aparılacağı bildirilib və qeyd olunub ki, açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.Bu tenderin də açılışı, qalibi,alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə barədə heç bir yerdə məlumat yerləşdirilməyib.
Amma bunlardan fərqli olaraq mərkəz tərəfindən 02.08. 2019 cu il tarixdə odun yanacağının satınalması üzrə keçirilmiş tenderin qalibinin “BREERE” MMC olduğu bəlli olur. Bu tenderdə yanacağın alınmasına 198682.7 manat vəsait ayrıldığı göstərilir. Maraqlı burasıdır ki,qalib olduğu elanda MMC-nin VÖEN-i 850297151 göstərilib. Lakin Vergilər Nazirliyində belə bir VÖEN tapılmadı. “BREERE” MMC isə vergilər nazirliyində başqa bir VÖEN-lə (1005989251)qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi qəsəbəsi ev 10 göstərilən MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Fərhadov Gündüz İmamverdi oğludur.Dövlət qeydiyyatına isə 01.07.2019-cu ildə alınıb, yəni 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağı satınalmasının qalib elan etdiyi 02.08.2019-cu ildən bircə ay əvvəl. Burada tender zərflərinin elan olunduğu gündən 30 bank günü sonra açıldığını nəzərə alsaq, MMC-nin məhz bu tenderi udmaq uçün yaradıldığını görmüş olarıq.
Qeyd edək ki, 30 avqust 2018-ci ildən Təhsil naziri Ceyhun Bayramovun əmri ilə 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə Vüqar Muradov rəis təyin edilib. Fəaliyyətinin elə birinci ilində, möhürü əlinə aldıqdan cəmi bir neçə ay sonra Vüqar Muradov külli miqdarda dövlət vəsaitinin kənarlaşdırılmasına imza atıb. Bu təbii ki Təhsil naziri Ceyhun Bayramovun göstərişi əsasında həyata keçirilib. Odun vəsaitinin satınalmasına milyonlarla vəsaitin ayrılmasına başqa kim icazə verə bilər?
Burada Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun payı nə qədər olub, o maraqlıdır. Axı Vüqar Muradov onun kadrı kimi tanınır. Elə 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında sektor müdiri, baş mühasib vəzifəsində çalışması da bunları deməyə hardasa əsas verir.
Sayt sonda haqlı olaraq qeyd edir ki, dövlətin təhsilə ayırdığı milyonlar göz görə-görə”yandırılır”. Həm də Ceyhun Bayramov tərəfindən…/aktualinfo.org/
“Demokratik.Az” olaraq onu əlavə edək ki, anoloji hal Gəncə şəhərində yerləşən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən də törədilir. Belə ki, 16 yanvar 2019-cu ildə Gəncə 8 saylı regional Ərazi Maliyyə Hesablaşma Mərkəzi “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”adı altında bircə hal üzrə 289690.0 manat (iki yüz səksən doqquz min altı yüz doxsan manat) pulu eynilə “havaya sovurub”. Nəzərə alınsa ki, 8 saylı ƏMHM-in kurasiyasında olan Gəncə şəhərində məktəblərin isidilməsində odun yanacağından istifadə olunmur, anlaşılır ki, həmin məbləğ Naftalan, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Xocalı kənd məktəblərinin odun yanacağı ilə isidilməsinə ayrılıb. Bu barədə işıq üzü görən məlumatlardan və rəsmi razılaşma sənədindən aydın oxunur ki, protokola əsasən məbləğ icraçıya “Xalq Bank” filialı vasitəsi ilə məhz Neftçaladakı bank hesabına köçürülməni nəzərdə tutur. Yəni, “Sifarişçi”nin hansı səbəblərə görə, ucqar rayon məktəblərinə odun təminatını məhz Qərb bölgəsindən xeyli uzaq Neftçala rayonunda fəaliyyət göstərən “MASTER-OFİS”MMC adlı bir şirkətə həvalə etdiyi tərəflərin açıq maxinasiya maraqlarını ortaya qoyur. Hansısa uzaq, adıkeçən rayonların kəndlərinə nabələd bir şirkətin gəlib Qərb bölgəsindəki məktəblərə hansısa normal üsulla odun payladığı heç inandırıcı görünmür. Hətta, saytımıza verilən bilgiyə görə, ötən tədris ilində region ümumtəhsil məktəblərinin odun təminatı faktiki olaraq reallaşdırılmayıb. Buna baxmayaraq, hər il pulların “odun almaq” adı altında oxşar “karuselləmə əməliyyatı” uğurla davam etdirilir.
Sadalanan faktlara görə qarşı tərəflərin söz haqqını tanıyır, Təhsil Nazirliyinin rəsmi açıqlamasını da dərc etməyə hazır olduğumuzu bildiririk.