“Şuşanın azadlığı Vətən savaşının son akkordlarıdır” – Üzeyir Cəfərov

Manşet MÜSAHİBƏ
Spread the love

“Azərbaycan Ordusunun alınmaz qala olan Şuşanı azad etməsi, növbəti mərhələdə Laçının, Xankəndinin, Kəlbəcərin, işğalda qalan yaşayış məntəqlərinin taleyinin tez bir zamanda azad olunması anlamına gəlir”

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a müsahibə verib.

O, Şuşanın azad olunmasından sonra müharibənin gedişatı haqda danışıb:

– Üzeyir bəy, hərbi-strateji baxımdan Şuşanın azad olunması nə deməkdir?

– Şuşanın Azərbaycan üçün mənası çox böyükdür. Bütün şəhər və rayonlarımız doğma və əzizdir, Füzuli də, Cəbrayıl da, Zəngilan da, Qubadlı da. Ancaq Şuşanın coğrafi mövqeyi, gözəl təbiəti, onun dəniz səviyyəsindən 1403 metr hündürlükdə yerləşməsi onu deməyə əsas verir ki, çox mühüm əhəmiyyət kəsb edən bir şəhərdir. Şuşanın azadlığı Azərbaycan üçün heç nə ilə müqayisəyə gəlməz. Allah Şuşanı Azərbaycan üçün bir möcüzə yaradıb. Şuşanın azad olunması həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır. Azərbaycan Ordusunun alınmaz qala olan Şuşanı azad etməsi, növbəti mərhələdə Laçının, Xankəndinin, Kəlbəcərin, işğalda qalan yaşayış məntəqlərinin taleyinin tez bir zamanda azad olunması anlamına gəlir. Bu gün cənab prezident 23 kəndin və yaşayış məntəqəsinin işğaldan azad olunduğunu açıqladı. Bu mənada azad edilən ərazilərimizin sayı günbəgün artacaq. Kəlbəcərin 126 kəndi var, bu rayonun işğaldan azad olunması artıq tez bir zamanda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması demək olacaq. Şuşanın azad olunmasının siyasi əhəmiyyəti isə odur ki, ermənilər bu şəhərlə bağlı çox planlar qururdular. Azərbaycanın Ali Baş Komandanı öz ordusu ilə, bizim hərbçi qardaşlarımız və balalarımızla çox böyük bir tarix yazdılar. 1992-ci il mayın 8-də biz Şuşanı itirmişdik, 8 noyabr 2020-ci ildə azad etdik. Çox fərqli bir mənzərə yarandı.

Düşmən artıq Şuşadan sonra Xankəndindən qaçmağa başladı. Dünən o görüntüləri gördünüz ki, ermənilər necə qaçırdı, maşınlar az qala bir-birinin üstünə çıxırdı. Əslində ermənilər bunu özləri özlərinə etdilər. Azərbaycan Cənubi Qafqazın ən tolerant və humanist ölkəsi olaraq dəfələrlə onlara müraciət etdi ki, öz əsgər və zabitlərinizin həyatını qoruya bilərsiniz. Niyə havaların soyuyan vaxtında o insanlar ev eşiklərindən didərgin düşməli idilər? Avantürist Paşinyanın, Sərkisyanın, Tonayanın, Köçəryanın və digərlərinin qurbanı oldular. O qədər erməni hərbçi öldüi. Bu gün dövlət başçısı BBC jurnalistinə müsahibəsində bildirdi ki, bizim itkilərimiz ermənilərdən qat-qat azdır.

– Şuşadan sonra qələbəyə yol qısalırmı?

– Bəli, Şuşa vətən savaşının son akkordlarındandır. Finiş nöqtələrindən biridir. Demirəm ki, bütün işlər başa çatıb, eyforiyaya qapılmaq lazım deyil. Düşmən sarsıdıcı zərbə alıb, Şuşanın hayıfını çıxmaq üçün müxtəlif yollara əl ata bilərlər. Artıq Şuşa azad olunub, Xocalı, Xocavənd, Ağdamın digər əraziləri də yaxın günlərdə , bəlkə də yaxın saatlarda azad oluna bilər. Düşmənin artıq bütün nəfəslikləri kəsilib, nə texnika, nə silah-sursat, nə yanacaq, nə ərzaq gətirə bilmirlər. Əllərinin altında nə qalıbsa, onları atıb sonra təslim olacaqlar, əks halda isə məhv ediləcəklər. Bunun alternativi yoxdur.

– Şuşanın azad olunması ilə bağlı mediada məlumat da yayıldı ki, coğrafi quruluşu və relyefi baxımından çox çətin olub. Hətta erməni əsgərləri ilə əlbəyaxa döyüşlər olub, 800-dən çox erməni məhv edilib. Bu böyük bir qəhrəmanlıqdır, deyilmi?

– Dünən elan olundu ki, 800 erməni əsgəri Şuşada öldürülüb. Azərbaycanın qəhrəman oğulları, xüsusi təyinatlılarımız o dağlara dırmaşıblar, düşməni məhv ediblər. Qayalara dırmanıb güllə yarası alaraq yerə düşən hərbçilərimiz yenidən qalxıb dırmanırmışlar. Bu erməniləri dəhşətə gətirib, güllə də dəysə qəhrəman hərbçilərimiz geri çəkilmirlər. Bu müharibə tamam fərqli bir mənzərə yaratdı. Şəhidlikdən qorxmadı əsgərlərimiz, Lerikdən olan Məmmədov qardaşları, bir evdə iki oğul döyüşə qatıldı və ikisi də şəhid oldu. Bütün bunlar çox ağrılı mənzərə olsa da, həm də qürur yerimizdir. Bundan başqa, ata iki oğlu ilə döyüşə getmişdi, ata şəhid oldu. Bu müharibənin çox böyük anlamı olacaq, hələ isti-isti çox şeyi tam dərk edə bilmirik. Amma bir müddətdən sonra soyuq başla təhlil edəcəyik…

Şuşanı artıq azad etmişik, bu çoxlarına yuxu kimi gəlir, insanlar bu yuxudan ayılmağa qorxurlar. Ancaq bu reallıqdır və bu tarixi canı, qanı ilə yazan oğullarımıza eşq olsun.

– Azərbaycan bu müharibədə bu qədər yara aldıqdan və savaş yolu ilə torpaqları azad etdikdən sonra birgəyaşayış mümkündürmü? Xüsusən də, Gəncə və Bərdədə baş verənlərdən sonra…

– Bu dəfə ermənilər bütün körpüləri yandırdılar. Nə düşündüklərini bilmirəm, ancaq yol verdikləri səhvlər, Gəncəni, Bərdəni, Tərtəri darmadağın etməkləri, dinc insanların ölümü, bütün bunlar unudula bilməz. Neçə nəsil dəyişməlidir ki, insanların hissləri biraz yumşala. İndiki halda birgəyaşayışı təsəvvür edə bilmirəm. Mənim doğmamı öldürən , evimi viran qoyan insanla sabah necə küçədə, bazarda qarşılaşa bilərəm? Onların hər şeyi atıb Xankəndini tərk etməsi o deməkdir ki, avantürist rəhbərlərinin onları hansı vəziyyətə saldığını anlayıblar. Danışıqlar prosesi də bir dəfə olacaq, Ermənistanla bir dəfə masaya əyləşəcəklər, Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədlərini tanıyacaqlar, sənəd imzalayacaqlar. Söz verəcəklər ki, o sərhəddən bu tərəfə bir daş-kəsək belə atmasınlar. Silahdan söhbət gedə bilməz. Çünki KTMT üzvü olsalar da, kim olsalar da Azərbaycan onların heç bir addımına tolerant yanaşmayacaq. İstənilən hərəkətlərinə layiqli cavab verəcək. Ermənilər terrorçuları yığıb gətiriblər, guya döyüş aparırlar.

– Və bu cavabı Ermənistanda verəcəyik.

– Əlbəttə, başqa cür mümkün də deyil. Bu günə qədər müharibəyə Rusiyanı da, KTMT-ni də daxil etmək üçün çalışırdılar, Azərbaycanı provakasiyaya çəkmək istəyirdilər. Sənəd imzalandıqdan sonra, bütün beynəlxalq sənədlərə əsasən bizim sərhədlərimizə tərəf hər hansı addım atacaqlarsa, yerindəcə cavabını alacaqlar. Başqa bir güzəşt ola bilməz. İjnsalarımızdan elə bir xof qalmasın ki, sabah yurdlarına köçəndən sonra ermənilər atacaqlar, silahla vuracaqlar və sair. Azərbaycan dövləti onların təhlükəsizliyini təmin edəcək.

– Belə bir yanaşma da var ki, qələbədən sonra sülh bağlamaqla yanaşı, Azərbaycana bu illər ərzində və son vətən müharibəsində dəyən ziyanları da Ermənistandan tələb etməlidir. Bu məqamlar da danışıqlar prosesinin tərkib hissəsi ola bilərmi?

– Bu dəfə təkcə döyüş meydanında deyil, diplomatik sahədə də biz Ermənistandan vurduqları maddi zərərə görə, tələblər irəli sürməliyik, mütləq bunu sona çatdırmalıyıq. Qələbə qazandıq deyə eyforiyaya qapılıb, məsələni bitmiş hesab etməməliyik.
Ermənistan hökuməti törətdiyi hərbi cinayətlərə görə, fosforlu silahlara, kasetli mərmilərə görə, beynəlxalq müstəvidə cavab verməlidir. 93 nəfər mülki vətəndaşımız dünyasını dəyişib, 407 nəfər yaralanıb. Hələ bəlli deyil ki, onların neçə normal həyatına qayıda biləcək. Ona görə məsuliyyət daşımalıdır. Azərbaycan dünyada çox məsələləri dəyişdi, bu dünya üçün siqnal olmalıdır.

Dünyada bu müharibələr bəzi mafiozlar üçün silah-sursat ticarəti baxımından gəlirlidir. Ancaq gələcəkdə qazanc əldə etmək üçün münaqişələri alovlandıran, militarist ruhda olan siyasətçilər cəzalandırılmalıdır. Nəyə görə Paşinyan kimi bir yaramaz qərar verə bilir ki, Gəncədə gecə saat 2-də dəhşət törədilsin, yaşlı, uşaq, cavan öldürülsün. Təkcə Azərbaycanla bağlı deyil, dünyanın müxtəlif nöqtələrində münaqişə ocaqlarını, alovlanmış başları söndürmək üçün bu işlər görülməlidir. Hər halda bizim apardığımız müharibə dünyada bir nümunə kimi həm hərbi, həm siyasi baxımdan, həm iqtisadi baxımdan öyrəniləcək. Ona görə də, qələbədən sonra bizi ağır bir proses gözləyir, ermənilərə lənət olsun. Əvvəl-axır o sənədi imzalayacaqlar, ancaq özləri minlərlə itki verdilər, evlərini itirdilər, orduları məhv oldu. Ermənistan ordusunu ayağa qaldırmaq üçün 10-15 il vaxt lazımdır. Ermənistan çökəcək, onlar Cənubi Qafqazın ən bədbəxt ölkəsi olacaqlar. Ermənistanın defolt olmasına o qədər də çox vaxt qalmayıb. Yaxın günlərdə müharibə də başa çatacaq və biz bu yaramazlardan canımızı qurtaracağıq.

– Müharibə nə qədər çəkəcək, ilin sonuna qədər tam yekunlacaqmı?

– İlin sonu nədir, mən yaxın günlərdə müharibənin hərbi fazasının yekunlaşacağını gözləyirəm. İqlim şəraitini də nəzərə alsaq, dekabr ayı çox sərt keçəcək. Yaxın 10 gündə Azərbaycan ordusu çox məsələləri həll edəcək. Proses çox uzanmayacaq. Prezident İlham Əliyev BBC-yə müsahibəsində də deyib ki, Ermənistan ərazilərimizi tərk edərsə, bu gün də dayanmağa hazırıq. Ancaq Ermənistanın hazırki baş nazirinin buna hazır olduğunu düşünmürəm. Ermənistanda bir başıpapaqlı tapılmalıdır ki, onunla danışıqlara girək və bu məsələni yekunlaşdıraq. Məsələnin yekunu da odur ki, biz indiki şəraitdə dayana bilmərik. Əgər sabahdan dayansaq ermənilər xərçəng xəstəliyi kimi metostaz verib, yeni qüvvə ilə torpaqlarımıza doluşacaqlar. Onlara da indi bu lazımdır ki, ən azı hazırda durduqları yerdə möhkəmlənə bilsinlər.

O gün bir məlumat da oxudum ki, ermənilər danışıqlara başlamaq üçün hər iki tərəfin sentyabrın 27-dəki mövqelərinə qayıtmasını şərt qoyublar. Nə qədər ağılsız və yaramaz olasan ki, bunu iddia edəsən. Afrika cəngəlliklərindəki insanlar da belə danışmaz. Bu qədər faciələr olub, insanları ölüb, onlar hələ də müharibənin ilk günündəki mövqelərə iddia edirlər. Ancaq artıq ordumuz çox böyük ruh yüksəkliyi ilə döyüşür. Elə Şuşa xəbəri bəs edir ki, insan günlərlə çörək də yeməsin, irəli getsin. Şuşadan sonra digər şəhər və rayonlarımızın azad olunması da tezləşəcək.

Dünyanınsəsi.Az