Süleymaninin öldürülməsi: MKİ-nin xüsusi əməliyyatının şok təfərrüatları

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds briqadasının keçmiş komandanı Qasım Süleymaniyə qarşı təşkil edilən sui-qəsdin detalları bəlli olub.

Bu barədə məlumatı “Voyennıy Obozrevatel” Teleqram kanalı ABŞ kəşfiyyatının hesabatına əsasən yayıb.

Məlumata görə, amerikalılar əvvəlcə generalın yaxın ətrafına casus proqramlarının quraşdırıldığı mobil telefon yerləşdiriblər, amma bu, lazımi effekti verməyib. Telefonlar tez-tez dəyişdirildiyi üçün uğur əldə etmək mümkün olmayıb.

Bununla belə, Süleymaninin təyyarəsinin Bağdada enişinə 6 saat qalmış amerikalılara generalın istifadə etdiyi 3 mobil nömrə verilib. Bu nömrələr dərhal Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) mütəxəssisləri tərəfindən nəzarətə götürülüb.

Süleymaninin təyyarəsi enməzdən öncə Bağdadın şərq hissəsi təlim adı altında MKİ tərəfindən qapadılıb. Üstəlik, həmin müddət ərzində yerdə “Delta”nın 3 snayper qrupu işləyib. Operativ məlumatların toplanmasını ən gizli bölmələrdən biri həyata keçirib. Amerikalılara Süleymaninin enişindən sonrakı identifikasiyası məsələsində hava limanı işçisi formasını geyinən kürd xüsusi bölmələrinin əməkdaşları kömək ediblər.

Məhz enişdən az sonra Süleymaninin maşınına Bağdad səmasında olan MQ-9 Reaper PUA-sı zərbə endirib. Eyni karvanda olan başqa avtomobil sürəti artıraraq aradan çıxmağa cəhd etsə də, snayperlər onu yox ediblər.

Xatırladaq ki, Süleymani 3 yanvar 2020-ci ildə İraqın Bağdad şəhərində ABŞ-ın raket hücumu nəticəsində həlak olub. Generalla birlikdə onu müşayiət edən bir neçə zabit və əbu Məhdi əl-Muxandis də öldürülüb.

Buna cavab olaraq, Tehran 8 yanvar gecəsi Amerikanın İraqdakı hədəflərinə onlarla raket atdı. Bu əməliyyata “Şəhid Süleymani” adı verildi. ABŞ itki vermədiyini və hərbi bazalara minimal ziyan dəydiyini bildirdi.

Pentaqon bəyan etdi ki, qətllə bağlı əmr şəxsən ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən verilib. Bu ideyanı Amerika liderinə o zaman dövlət katibi olan Mayk Pompeo verə bilərdi.  ABŞ hesab edirdi ki, generalın koalisiya bazalarına və Bağdaddakı Amerika səfirliyinə hücumlarda əli var…

Dunyaninsesi.Az