Hazırda Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçirilir. Bu iclaslar çərçivəsində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-ya verdiyi açıqlamalar xüsusi diqqət çəkib.
Onun AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Aevarsdottirin bu ilin sentyabrında ölkəmizə səfərindən sonra hazırladığı məruzə ətrafında müzakirələrin daha balanslaşdırılmış, daha obyektiv keçdiyini qeyd etməsi ciddi müzakirələrə çevrilib.
Sitat: “Siyasi məhbus kimi təqdim olunan şəxslərin məsələsi həmişə Azərbaycanla Avropa Şurası arasında böyük qalmaqallar, mübahisələr, qarşıdurmalar, fikir ayrılıqlarına gətirib çıxarırdı. Bunun əsası da var idi. Çünki müxtəlif yerlərdən, insanlardan, təşkilatlardan, mənbəyi, sayı bilinməyən qeyri-obyektiv, qərəzli, hansısa məqsədləri daşıyan siyahılar təqdim olunurdu. İnsan haqları komitəsində dünən müzakirəyə çıxarılan Azərbaycan üzrə məruzədə bu məsələlər məruzəçi tərəfindən kənara qoyulub. Ona görə yox ki, bu siyahıların təqdim olunması dayanıb. Xeyr, siyahıları müxtəlif yerlərdən yenə göndərirlər. Ancaq yanaşma dəyişib. Yanaşma Avropa İnsan Haqları Məhkəməsinin qərarları əsasında formalaşdırılır. Biz də hesab edirik ki, bu, tamamilə düzgün yanaşmadır. Biz həmişə demişik ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyası altındadır, bu səbəbdən də onun qərarları bizim üçün vacib, əhəmiyyətlidir. Hansısa təşkilatın, qeyri-dövlət qurumunun siyahısı sənədlərin içərisinə daxil edilə bilməz. Məhz bu yanaşmanın məruzədə bu şəkildə əks etdirilməsi çox vacib və çox əhəmiyyətlidir”.
Qeyd edək ki, xanım məruzəçinin səfəri çərçivəsində Bakıda say etibarı ilə bir-birindən fərqlənən siyahılar təqdim olunmuşdu. Bundan çıxış edərək, onun Azərbaycanla bağlı hazırlayacağı hesabat ciddi maraq doğururdu. Görünən odur ki, hesabat ölkəmiz adına müsbət hazırlanıb.
Bəzi ekspertlər Azərbaycanla Avropa Şurası arasında siyasi məhbus məsələsində müəyyən anlaşmaların əldə olunduğunu ehtimal edirlər.
Novella Cəfəroğlu: “Səməd Seyidovun dedikləri tamamilə doğrudur”
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu S.Seyidovun dedikləri ilə tam razıdır: “Bizim də siyasi məhbus siyahımız var və orada yer alan hər bir şəxs haqqında məlumat vermişik ki, nədən, nədən ötrü, hansı prinsiplərə görə adını qeyd etmişik. Biz gözləyirik ki, yaxınlarda Azərbaycanda siyasi məhbus məsələsi tamamən aradan qalxsın. Təqdim etdiyimiz siyahıdakı məhbusların sayı digər hazırlanan siyahılarda yer alan məhbusların sayından azdır. Ən vacib olan şey Avropa Məhkəməsində qalan siyasi məhbusların işlərinə baxılması və onların bir-bir olsa da, azad olunmalarıdır. Məsələyə yanaşma düşünürəm ki, budur. Ölkəmizdə hazırlanan digər siyahılara kimi gəldi daxil edirlər. Bu səbəbdən də təmiz siyasi məhbuslar kənarda qalırlar. Ona görə də Avropa Şurasında formalaşan yeni yanaşma çox vacibdir. Bu baxımdan Səməd Seyidovun dedikləri tamamilə doğrudur. Hesab edirik ki, qanun çərçivəsində, Avropa standartları ilə Avropa Məhkəməsi çərçivəsində qalan siyasi məhbusların hamısı azad olunmalıdır. Onlara vacibdir ki, şişirdilmiş siyahılarda yer alanların ora hansı kriteriyalarla necə düşmələridir. Bu kriteriyaları da Avropa Şurasının məhkəməsi müəyyən edəcək. O məhkəməyə gedib və oradan keçmiş insanların, əlbəttə, işlərinə baxılacaq”.
Hüquq müdafiəçisi Azərbaycan iqtidarı ilə Avropa Şurası arasında siyasi məhbus məsələsində anlaşmanın əldə olunduğunu düşünür: “Bu anlaşma olmadan, bu cür yanaşmanın formalaşması mümkünsüz olardı. Biz sonuncu dəfə məruzəçi ilə görüşəndə bəzi məlumatlar verdik. Onlara siyahı təqdim edəndə şəxsləri bir-bir sadalayırıq ki, nəyə görə onları siyasi məhbus kimi qəbul edirik. Siyahımızda yer alan siyasi məhbusların azadlığa buraxılmaları çox vacibdir. Ondan sonra digərlərinin işlərini Avropa Məhkəməsinə təqdim edəndən sonra onlar bir-bir azad olunacaqlar. Hesab edirəm ki, anlaşma bundan ibarətdir. Avropa Şurası təyin etməlidir ki, siyasi məhbus siyahılarında adları gedənlər siyasi məhbusdurlar ya yox. Bizim özümüz siyasi məhbus problemindən birdəfəlik canımızı qurtarmalıyıq. Böyük siyahılar hazırlananda biz də diqqət edirik. Əmin olun ki, ara adamlarını belə ora salırlar. Bununla Avropa Şurasının diqqəti buna cəlb olunur. Səməd müəllim də onu demək istəyir ki, böyük siyahıların məsələsi ancaq Avropa Şurasında həll olunacaq”.
Əvəz Zeynallı: “Azərbaycanda siyasi məhbus problemi olmaya bilər”
Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupunun üzvü, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı:“Səməd Seyidovun bu açıqlamalarını indi eşitdim. Azərbaycanda siyasi məhbus siyahılarının hazırlanması ənənəvi bir şeydir. İndi də 2-3 fərqli mərkəzlər bu siyahıları tuturlar. Amma düşünürəm ki, Avropa Məhkəməsinin qərarları əsasında siyasi məhbus siyahısının hazırlanması bizim cəmiyyətdə yenə də birmənalı qarşılanmayacaq. Təki siyasi məhbuslar olmasın. Bu problem olmayanda, əlbəttə, bizim üçün də olmayacaq. Siyasi məhbusların hamısının buraxılmasının bizim adımıza ancaq müsbət nəticələri olar. Amma mitinqlər və digər səbəblərdən həbslər, repressiyalar olarsa, bu problem olaraq qalacaq. Əvvəllər olduğu kimi, indi də haqqında məhkəmə qərarı olmayanları siyasi məhbus siyahılarına salmırıq. Sadəcə, zamanla o qədər həbslər oldu, bu həbslər o dərəcədə ictimai diqqətdə gözə çarpdı ki, artıq biz məhkəmə qərarlarını gözləmədik. Kaş ki, cəmiyyətin parlaq simaları həbs olunmasın, siyasi məhbuslar olmasın, heç belə problemlər də qabarmasın. Düşünürəm ki, yaxın zamanlarda Azərbaycanda siyasi məhbus problemi olmaya bilər. Bu ilin martında 55 nəfərlik bir siyasi məhbus qrupu azad olundu. Yaxın zamanlarda beynəlxalq təşkilatların siyahısında olan siyasi məhbusların hamısı baş verən dəyişikliklər ruzigarında buraxıla bilər. Siyasi həbslərdə xeyli dərəcədə azalmanın olduğunu etiraf edə bilərik. Həbs olunan insanların buraxılması, digərlərinin cərimələrlə azad olunması kimi halların şahidi oluruq. Hiss olunur ki, hakimiyyət bu məsələdə ciddi siyasi məhbus məsələsinin yenidən yaranmasında maraqlı deyil. Bu, açıq müşahidə olunur”.