
Samux meşələrində “ağackəsmə” və tövlə alveri ayaq açıb – VİDEO
Samuxda meşələrin kütləvi şəkildə məhv edilməsinə göz yumulur.
Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeçiliyində olan Qarasaqqal meşəsi məhv edilir. Bəli, məhv edilir.
Meşə ərazisndən çəkmiş olduğumuz videomateriala baxanda həqiqətən meşənin “yaşıl soyqırım”a məruz qaldığı açıq aydın görünür. Sözügedən meşənin ərazisi mal-qoyun saxlanılması üçün qırılaraq örüş otlaq sahəsinə çevirilib.
Bu “yaşıl soyqırım”a direktor İqbal Əliyevlə və “Qarasaqqal” meşəsini çapıb talayan Çapay Qasımovun imza atıldığı deyilir.
Meşə massivində qeyri-qanuni tikilmiş fermalarda 500 baş xırdabuynuzlu və 100 başdan şox iribuynuzlu heyvanlar saxlanılır. Aidiyyatı qurumlar isə meşədə baş verən bu cinayətləri özlərinin şəxsi maraqları çərçivəsində ört-basdır edir. Samux rayonunun Qarasaqqal meşə massivində meşə örtüyünün məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti baş verən bu cinayət faktına laqeyid münasibət göstərir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əvvəlki reyd və yoxlamalarına baxmayaraq, qərb rayonlarının meşələrində ağacların kütləvi qırılması halları prosesi davam edir. Konkret olaraq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də ona bəslənilən ümidləri doğrultmayıb. Belə ki, Muxtar Babayev nazir təyin edildikdən sona qurumda aparılan islahatlar meşələrdəki “yaşıl soyqırım”ların qarşısının alınmasına kifayət etməyib. Meşə ərazilərinə nəzarət sisteminin gücləndirilməsinə ehtiyac qalmaqdadır, əksinə ETSN-nin əməkdaşlarının havadarlığı ilə ağacların məhv edilməsi hesabına kimlərinsə biznes və alveri baş alıb gedir.
Samux rayonun Qarasqqal meşəsindən son videomaterialı təqdim edirik:
Taryel İbrahimli,
Dünyanınsəsi.Az