Şərqi Azərbaycanda koronavirus testlərinin 30 faizi müsbət çıxıb

HAQQIMIZDA Manşet
Spread the love
Təbriz Tibb Universitetinin rektoru doktor Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycanda pandemiyanın təhlükəli səviyyədə olduğunu bildirib. Sominin iyunun 20-də verdiyi məlumata əsasən son iki həftədə vilayətdə pandemiya başlayandan bəri günlük ən yüksək yoluxma halları qeydə alınıb. O, hər gün orta hesabla 357 nəfərdə yoluxma halının təsdiqləndiyini, ortalama ölüm hallarının isə 5-6 olduğunu söyləyib.

Şərqi Azərbaycanın səhiyyə idarəsinin rəhbəri mövcud vəziyyətdə 14 günlük karantin rejimi tətbiq etməyin vacib olduğunu söyləsə də, bildirib ki, vətəndaşların dolanışıq vəziyyətini nəzərdə alaraq karantin həyata keçirilmir. Somi son iki həftədə vilayət şəhərləri arasında Marağa və Binabda ən çox yoluxma halının təsbit edildiyini bildirib.

Şərqi Azərbaycanın səhiyyə idarəsinin yoluxucu xəstəliklərlə mübarizə qrupunun rəhbəri vilayətdə alınan koronavirusu testlərinin 30 faizinin müsbət çıxdığını və yoluxanların 4 faizinin də həyatını itirdiyini deyib.

Qərbi Azərbaycan vilayətinin Səhiyyə idarəsinin rəhbəri iyunun 19-da bu vilayətdə son 24 saatda 160 nəfərdə yeni yoluxma halının təsbit edildiyini bildirib.

İran Səhiyyə Nazirliyi iyunun 20-də ölkədəki son ümumi statistikanı açıqlayıb. Bu rəqəmlərə görə, son 24 saatda alınan testlər nəticəsində 2322 nəfərdə yoluxma halı təsdiqlənib, 115 nəfər daha həyatın itirib. Nazirliyin sözçüsü Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Xuzistan, Rəzəvi Xorasan, Kirmanşah, Gülüstan və Kürdüstan vilayətlərində vəziyyətin digər vilayətlərlə müqayisədə daha təhlükəli və ağır olduğunu bildirib.