“Şər-böhtanla ara qarışdırmağa çalışanlar…” – Yazanda vicdanınızın da səsinə bir azca qulaq asın

Hit ÖLKƏ
Spread the love

 

Keçmiş millət vəkili, tanınmış publisist-jurnalist Əlövsət Ağalarov bulanıq suda balıq tutmaq mərəzindən heç cür qurtula bilməyən bəzi qüvvələrin sifarişiylə Azərbaycanın Serbiyada, Bosniya-Hersoqovinada və Monteneqrodakı səfiri Eldar Həsənova qarşı qarayaxmaya kampaniyasının körüklənməsinə aşağıdakı yazısıyla sərt təpki göstərib:

“Dəqiq deyə bilmərəm, bu bir təsadüfdürmü, yoxsa düşünülmüş və uydurulmuş bir planın tərkib hissəsidir: nə zaman ki, Azərbaycana, dövlətimizə müəyyən xarici təhdidlər olur, bir milyondan artıq qaçqını-köçkünü olan xalqımıza ikili standartlarla yanaşıb işğalçıyla işğal olunan tərəfi bərabər tutub, hətta işğalçıya daha rəğbətlə qucaq açan bir sıra əcnəbi dövlətlər açıq-aşkar hücuma keçirlər, o dəqiqə daxildə də bəzi dairələr əllərindəki bütün mümkün vasitə və imkanlardan yararlanaraq bu cür təhdidlərə, hücumlara qarşı mübarizə aparan, hazırda Avropanın üç ölkəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə səfir kimi ləyaqətlə fəaliyyət göstərən Eldar Həsənova qarşı da paralel olaraq savaş açırlar. Artıq bu iyrənc adət bəzi qüvvələr tərəfindən ənənə halını aldığından yuxarıdakı “təsadüf” sözündən istər-istəməz imtina etməli olursan.
On beş ilə yaxındır ki, Eldar müəllim Azərbaycan Respublikasınının Rumıniyada, Serbiyada, Monteneqroda, Bosniya-Hersoqovinada konstitutsiyamızın verdiyi səlahiyyət çərçivəsində, təkrar edirəm: səlahiyyət çərçivəsində görəvini tam dürüstlüyü ilə yerinə yetirir. Və Azərbaycana, Azərbaycan dövlətinin xarici siyasətinə bütün imkanları daxilində öz bilik və bacarığından, həyat təcrübəsindən yararlanaraq öz töhfəsini verir və ümidvaram ki, şəxsinə yönəlmiş şər-böhtan yuvasının atdığı çamurlara rəğmən də nə əqidəsindən, nə də baş prokuror vəzifəsindən azad ediləndə verdiyi sözdən imtina etməyib və etməyəcək! Çünki Eldarı gənclik, lap uşaqlıq illərindən tanıyıram. Adam söz verdisə, heç bir qüvvə, heç bir ekstremal vəziyyət, hətta ölüm belə, onu sözündən döndərə bilməz! 2000-ci ildə bircə cümlə demişdi və o deyim bu gün də qulağımda mis kimi cingildəyir: “Heç bir qüvvə məni gözləmədiyim halda bu vəzifəyə təyin və özü məsləhət bildiyi anda azad edən, xalqımı uçurumun son santimetrliyindən qurtaran Heydər Əliyevə qarşı çevirə bilməz!”. Nə az, nə çox, vəssalam! Vəssalam, dedi və bu günədək də kişi kimi sözünün üstündə durur.

Söz vermək asandır, əlbəttə ki. Amma Eldarı yaxşı, bəli, tam məsuliyyətimlə deyirəm: yaxşı tanıdığımdan bunu əminliklə deyirəm! Çünki onun sözü ülgüc tiyəsidir! Yaxşını da deyəndə, pisi də! Əsas verdiyin sözə əməl etmək, əməli işinlə də onu sübut etməkdir. Opponentlərinin ovqatını təlx eləmək üçün yox, dediyim sözlərin həqiqiliyini sübut etmək üçün bir neçə örnək gətirmək istəyirəm. 2001-ci ildə müstəqilliyimizin xilaskarı Heydər Əliyevin sərəncamı ilə Rumıniyaya fövqəladə və səlahiyyətli səfir təyinatından üç il sonra Buxarestin mərkəzi və ən böyük parklarından birində tam qanuni prosedurları (ətrafda yaşayan əhalinin sorğu yolu ilə razılığını, Rumıniya parlamentinin qərarını, meriyanın icazəsini və s.) yerinə yetirməklə böyük ustadının heykəlini ucaltdı. Bu gün həmin park Azərbaycan xalqının, onun böyük oğlunun, Azərbaycan mədəniyyətinin təbliğat parkına çevrilib. Avropada əlaçı tələbələr üçün Heydər Əliyev və Üzeyir Hacıbəyov təqaüdləri təsis etdirib. Bir az səbirli olun, bu hələ tam deyil. Müqəddəs kitabımız Qurani-Kərimi ilk dəfə rumın dilinə tərcümə etdirib nəfis poliqrafik nəşrlə rumınların ixtiyarına verdi. Ədəbiyyatımızın korifeylərinin əsərlərini də həmçinin. 2010-cu ildə cənab Prezidentimizin sərəncamı ilə digər üç ölkəyə (adlarını yuxarıda sadaladığım üçün təkrar etmirəm) səfir təyinatı alan kimi Rumıniyadakı fəaliyyətini bu ölkələrdə də davam etdirdi.

Bir il keçməmiş Belqradın yenə də ən gözəl və mərkəzi “Daşmaydan” adlanan parkında Heydər Əliyevin əzəmətli heykəlini, bir az aralıda da Serbiyanın dahi yazıçısı Milorad Paviçin heykəlini ucaltdı. Milorad Paviçin”Xəzər lüğəti” kitabını da bəndənizə tərcümə etdirib “Azərnəşr”də nəfis tərtibatla çap elətdirdi. İndi serblər hər iki heykəli eyni məhəbbət və istəklə yad edir, hər gün qarşılarına gül dəstələri qoyurlar. Elə həmin il Serbiyanın ikinci ən böyük şəhərində – Novı Sadda xalqımızın dahi sənətkarı Üzeyir Hacıbəyovun heykəli qoyuldu və heykəlin ətrafında gözəl bir park salındı. İndi hər axşam orada Üzeyir bəyin əsərləri səsləndirilir. Spektiklər gedib baxa bilərlər. Bunlar da hələ hamısı deyil. Bosniya-Hersoqovinada Xocalı soyqırımına aid möhtəşəm abidə ucaldıldı. Məscidlər, kilsələr Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, təlimatı ilə təmir etdirildi. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən bir neçə kitab, Azərbaycan ədəbiyyatının qiymətli nümunələri nəşr olundu. Monteneqronun paytaxtı Podqoritsada bir küçənin adını dəyişdirib “Bakı” küçəsi, həmin küçənin başında böyük şairimiz Hüseyn Cavidin heykəlini qoydurtdu. O biri ölkələrdə olduğu kimi, burada da Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliği üçün bir çox kitabların tərcümə və nəşrini davam etdirir.

Eldar Həsənovun səfir olduğu ölkələrin hər biri Azərbaycan dövləti ilə strateji əməkdaşlığa dair müqavilələr imzalayıb, bütün beynəlxalq tədbirlərdə Azərbaycanı müdafiə edib, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ konfiliktinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmasına dair öz fikirlərini açıq-aşkar bəyan ediblər. Təbii ki, bu məsələlər dövlət başçımızın göstərişi və töfsiyyələri ilə həyata keçirilib. Amma unutmayaq ki, səfir də ona göstərilən bu etimadı şərəflə, ləyaqətlə doğruldub. Mən başqa ölkələrdə çalışan diplomatlarımızın konkret fəaliyyətlərindən halı deyiləm, sadəcə, Eldar Həsənovu yaxından və tam tanıyan bir Azərbaycan vətəndaşı olaraq onun fəaliyyətindən qədərincə məlumatlıyam. Bir az da səbr edin və sancılanacaq adam bir ağrıkəsici içib bu xoş və ölkəmiz, millətimiz üçün şad xəbəri eşitsin. Təbii ki, eşidiblər də, mətbuatda, telekanallarda da görüblər: ölkəmizin bu böyük uğurunda – Birinci Avropa Oyunlarının Bakıda möhtəşəm şəkildə keçirilməsində danılmaz və müstəsna xidməti olan hörmətli Mehriban xanım Əliyevaya ölkəsinin ən ali ordenini də bəyənmədikləri Eldar Həsənovun səfir olduğu Serbiya dövlətinin prezidenti verdi. Serbiya, Monteneqro və Bosniya-Hersoqovina respublikaları Avropanın bu böyük tədbirə prezidentlər səviyyəsində qatılan yeganə ölkələri oldu.
Mən, sadəcə, heç kimin müdafiəsinə ehtiyacı olmayan bir Azərbaycan səfirinin fəaliyyətindən bir neçə örnək xatırlatdım. Bilirəm ki, bu fikirlərimə görə əziz dostum məndən narazı qalacaq, amma bir ziyalı, vətəndaş olaraq bunları deməyə bilməzdim. Adam başını aşağı salıb dövlətinə, xalqına və kimlərinsə xoşuna gəlməsə də, Prezidentinə sədaqətlə, ardıcıllıqla xidmət edir, qara niyyətli adamlarsa bundan əndişələnirlər. Hətta daha da irəli gedərək süni “qiyamçı”, “sürgünə göndərilmiş səfir”, anadolular demiş, “devrimçi” bir obraz yaratmağa cəhd edirlər. Mən bir daha onlara səslənirəm: sakitləşin, cənablar, bu dediklərinizə, vallah tam səmimi deyirəm, özünüz də inanmadığınız kimi, başqaları da inanan deyil. Çünki “ittiham” o qədər bəsit, o qədər tənqidə dözümsüzdür ki, siyasətdən və adi həyati məsələlərdən az-çox hali adam belə cəfəngiyyata inanmaz. Şər-böhtançılar nədənsə unudurlar ki, tapdıqları təzə və əndirəbadi, həm də uğursuz bir ifadə ölkəmizin imicinə, Prezidentimizin nəhəng fəaliyyətinə düşməndən də çox zərbə vurur: “sürgünə göndərilən səfir…”. Onlar bəyəm anlamırlar ki, dünyada belə bir rəy yaratmağa çalışırlar ki, Azərbaycanda səfirləri sürgün də edə bilirmişlər! Sürgün sözü totalitar rejimlərin mahiyyətinə daha çox yaraşır. Və ən ağır cəza növüdür ki, onu da sovetlər zamanı verərdilər.
Şər-böhtanla ara qarıdırmağa çalışanlar, bulannıq suda balıq tutmağa çalışanlar, kimdən inciksinizsə, kimə qəsd-qərəziniz varsa, ən azından danışanda, yazanda vicdanınızın da səsinə bir azca qulaq asın, təkcə hikkənizin səsinə yox!
P.S. YENƏ DƏ TƏSADÜFƏN, BU QEYDLƏRİMİ NƏZƏRİNİZƏ ÇATDIRDIĞIM GÜN MÜQƏDDƏS RAMAZAN GÜNLƏRINƏ DÜŞDÜ. RAMAZAN İSƏ MƏNSUB OLDUĞUMUZ İSLAM DİNİNDƏ BARIŞ VƏ HƏMRƏYLİK, ƏDALƏT VƏ MƏNƏVİ TƏMİZLƏNMƏ AYIDIR. MƏNCƏ, DÜŞÜNMƏYƏ DƏYƏR…”