“SƏHİYYƏ NAZİRLİYİNİN VƏ TƏBİB-in TİMSALINDA İKİBAŞLI PİRAMİDA YARANIB”- “Ölümlərin xeyli hissəsi onunla bağlıdır ki…”

Manşet MÜSAHİBƏ
Spread the love

Əli Məsimli: “Süni şəkildə qıtlıq və bahaçılıq yaratmaq insanların həyatına qəsd kimi qiymətləndirilməlidir”

“Azərbaycanda 100-130 manata olan tetslər Belarusda 23-27 manatdır”

Ölkədə koronavirusa (Covid-19) yoluxanların sayında azalma müşahidə olunsa da, ümumilikdə pandemiya ilə mübarizə işi son zamanlar ciddi tənqidlərə məruz qalır. Səbəb isə testlərin qiymətinin əlçatan olmaması, bu məsələdə monopoliya elementlərinin mövcudluğu, ev şəraitində müalicə alan koronavirus xəstələrinin lazım olan dərmanları əldə edə bilməməsi, təcili yardım və xəstəxanalardakı boş yer problemləri, dərman bazarındakı süni qıtlıq və bahalıq kimi faktlardır.

“AzPolitika.info” bu mövzu ətrafında Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli ilə söhbətləşib:

– Əli müəllim, hazırda Azərbaycanda “Covid-19”-a qarşı mübarizə mövzusu olduqca aktualdır. Sizin bu sahədəki vəziyyətlə bağlı fikirləriniz və müşahidələriniz nədən ibarətdir?

– Azərbaycan qarşısına qoyduğu ciddi və vacib bir vəzifəni yerinə yetirdi. İşğal altında olan vətən torpaqları azad olundu. İndi işğaldan azad edilən torpaların bərpası istiqamətində işlər görülür. Sözsüz ki, bu, olduqca böyük qələbədir və bundan sonra bu qələbə daim danışılacaq, müzakirə ediləcək. Vətən Müharibəsində bizim itkilərimiz də olub. Amma itkisiz müharibə olmur, torpaq işğaldan azad olunmur. Mən bu müharibədə şəhid olan vətən övladlarına Allahdan rəhmət diləyir, yaralı əsgərlərimizin isə tezliklə sağalaraq fəal həyata dönmələrini arzu edirdəm.

Sözsüz ki, bununla paralel olaraq, Azərbaycan dünyanın tərkib hissəsi kimi koronavirus və onun ətrafında baş verən proseslərin də təsirinə məruz qalıb. Hesab edirəm ki, Azərbaycan cəbhədə, döyüşlərdə olduğu kimi, həm işğaldan azad edilən torpaqların bərpası və yenidən qurulmasında, həm də koronavirusa qarşı mübarizədə yüksək intelekt nümayiş etdirməlidir. Bu halda biz pandemiyadan az itkilərlə çıxa bilərik. Bunun üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) irəli sürdüyü, beynəlxalq təcrübədə sınaqdan çıxan tövsiyələrə yaradıcılıqla yanaşmaqla koronavirusa qarşı mübarizəni effektiv qurmaq olar.

– Demək istəyirsiniz ki, mübarizə effektiv qurulmayıb?

– Bu ilin birinci yarısının göstəriciləri ilə ikinci yarısının göstəricilərini təhlil etdikdə ortaya çıxır ki, mübarizənin birinci yarısında biz koronavirusa qarşı həm beynəlxalq praktika, həm də ÜST-ün tövsiyələrindən yaradıcılıqla istifadə edərək prosesdən az itki ilə çıxa bilirdik. Müqayisə üçün qeyd edək ki, indi koronavirusdan vəfat edənlərin sayı iki min nəfəri keçib. Amma ilin birinci yarısında virusdan vəfat edənlərin sayı iki yüz nəfər olub. Deməli, ölüm halları on dəfədən çox artıb. Son iki-üç ayda vəfat edənlərin sayı 2020-ci ilin 9 ayı ərzində ölənlərin sayından 2,5 dəfə çoxdur. Eləcə də hər 100 min nəfərə düşən virusa yoluxanların sayını götürdükdə ilin birinci yarısında biz qabaqcıl yerlərdə idik, göstəricilər kifayət qədər optimizm yaradırdı. Amma indi 200-dən çox ölkə içərisində 44-cü yerdə olmaq Azərbaycanın koronavirusa qarşı mübarizədə sərf etdiyi maliyyə, aldığı müasir texnologiya, modul tipli xəstəxanalar və s. kontekstində yüksək göstərici deyil və baxanda görürsən ki, bu mübarizənin təşkilati işlərində çatışmazlıqlar var. Beynəlxalq təcrübə də deyir ki, əgər təşkilati işlərdə çatışmazlıqları vaxtında aradan qaldırmırsansa, məhz həmin çatışmazlıqlar səbəbindən vəfat edənlərin sayı virusa yoluxub ölənlərin sayından az olmur.

Ona görə də, ilk növbədə təşkilati sahədə mövcud olan problemləri aradan qaldırmaq lazımır. Problem isə ondan ibarətdir ki, TƏBİB və Səhiyyə Nazirliyinin timsalında ikibaşlı piramida yaranıb. Bu ikibaşlı piramidanın koordinasiyası effektiv olsa, uğurlu nəticələr əldə edəcəyik, yox əgər problemə adekvat, yəni yüksək səviyyəli koordinasiya işi olmayacaqsa, işin effektivliyi aşağı düşəcək.

İkinci ciddi məqam koronavirusdan xəstəxanalarda və evlərdə müalicə olunan xəstələrin məsələsidir. Məsələn, mini sorğular keçirmək olar. Mənə yaxın olan şəxslər virusa yoluxublar. Xəstəxanada xəstələrə göstərilən xidmətin keyfiyyətindən razı qalanların sayı daha çoxdur. Amma ev şəraitində müalicədə müəyyən problemlər var. Bu problemlərdən biri altı pereparatdan ibarət dərman paketilə bağlıdır. Bu paketlərdə həm Səhiyyə Nazirliyinin, həm də TƏBİB-in adı yazılır. Təəssüflər olsun ki, belə paketlər heç də ev şəraitində müalicə olunan xəstələrin hamısına verilmir. Sual olunur: niyə evdə müalicə alan şəxsə bu altı komponentdən ibarət paketlər verilmir? Halbuki, birmənalı olaraq bu paketlər bütün xəstələrə çatdırılmalıdır. Ən pisi budur ki, bəzən bu paketlər hansısa kanallarla apteklərə yol tapır və orada satılmağa başlayır.

Üçüncü problem dərman çatışmazlığı məsələsidir. Ola bilər ki, xəstəxanalarda bu problemlər yoxdur. Amma evdə müalicə alan xəstələrin dərman çatışmazlığı ilə üzləşməsi onların dünyadan köçməsinə səbəb olur.

 

 

– Siz, parlamentin dekabrın 22-də keçirilən iclasında TƏBİB-i ciddi tənqid etmişdiniz. Sanki bundan sonra tənqidlər bir qədər də çoxaldı…

– Mən testlərin qiyməti məsələsi haqda danışmışdım, eləcə də suallar ünvanlamışdım. Gəlin testlərin qiymətinə baxaq. Azərbaycanda bəzi istisna halları çıxmaqla testlərin qiyməti 100-130 manatdır. Bu da MDB ölkələrinin əksəriyyəti ilə müqayisədə çox böyük rəqəm sayıla bilər. Məsələn, noyabrın əvvəllərinə qədər Belarusda testlərin qiyməti 300 rubl, yəni 120 dollar idi. 120 dolları Azərbaycan milli valyutasına çevirəndə 204 manat edir. Halbuki, bizdə ən bahalı testin qiyməti 130 manatdır. Ancaq Belarusda bu istiqamətdə analizlər aparıldı, rəqabətin yaradılması, monopoliyanın aradan qaldırılması, arzu edən şəxslərin bu testləri ölkəyə gətirməsi üçün addımlar atıldı. Nəticədə Belarus klinikalarında bizim milli valyuta ilə 204 manata olan testlərin qiyməti 22-27 manata endi. Ekspress testlərin qiyməti isə 20-23 manat arasında dəyişir. Məncə, 20-23 manata olan test qiyməti Azərbaycan cəmiyyəti üçün də əlçatandır. İnsanlar da belədə əlçatan olduğundan testlərdən keçərlər, bilərlər ki, səhhətlərində nə baş verir. Əgər xəstəliyə yoluxublarsa, vaxtında müalicələrinə başlayarlar. Beləcə itkilərin sayı azalar. Ölümlərin xeyli hissəsi onunla bağlıdır ki, insanlar əllərində pul olmadığı üçün yüksək qiymətlər səbəbindən testdən keçə bilmirlər. İş-işdən keçdikdən sonra gecikmiş müalicə onların dadına çatmır. İnsan həyatı hər şeydən qiymətli olduğundan müvafiq qurumlar qaldırılan bu məsələlərə kompleks yanaşmalı, kimin öhdəsinə nə düşürsə, onu etməlidir. Mən fikirlərimi Milli Məclisin plenar iclasında söyləmişəm. Bunlar Azərbaycan cəmiyyətinin suallarıdır. Mən də cəmiyyətin qaldırdığı məsələlərin bir daşıyıcısı olaraq aidiyyəti orqanlardan xahiş edirəm ki, bu problemlərin həlli üçün təsirli tədbirlər görsünlər.

– Sizin verdiyiniz sualları TƏBİB cavablandırıbmı?

– Mən mətbuatda bunu görmədim. Ayrı-ayrı adamlar mənə müraciət edərək bu məsələləri haqlı və yerində qaldırdığım haqda fikirlər söylədilər. Hesab edirəm ki, Milli Məclisin tribunası kifayət qədər yüksək tribunadır, mən də əsaslandırmadğım məsələləri heç zaman qaldırmıram. Arzu edərdim ki, bu problemlərin aradan qaldırılması üçün tədbirlər görülsün. Rəqəmləri müqayisə edəndə görürük ki, koronavirusdan həyatını itirənlərin sayı artıq müharibədə şəhid olanların sayına yaxınlaşır. Bir daha deyirəm ki, insan həyatı çox qiymətlidir və bunun üçün lazım olan tədbirləri həyata keçirmək zəruridir.

– Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, Azərbaycanda dərman ehtiyatlarıyla bağlı problem yoxdur. Bu halda hansı səbəblərdən koronavirusun müalicəsində istifadə olunan dərmanlar baha satılır, bəzən apteklərdə ümumiyyətlə tapılmır?

– Əhliman müəllim bu proseslərə bələd olan müətəxəssisdir və açıq formada bunu qeyd etdi. Onun əsaslandırması kifayət qədər obyektiv yanaşmadır. Mənim də müəyyən kanallar vasitəsilə əldə etdiyim məlumata görə, dərman ehtiyatları ilə bağlı ölkədə problem yoxdur. Ola bilər ki, hansısa texniki xarakterli məsələlərə görə, gecikmə olsun, lakin bu, xroniki xarakter daşımır. Həqiqətən də süni şəkildə qıtlıq yaradılması, dərmanların baha qiymətə satılması və bundan qazanc götürülməsi qəbuledilən hal deyil. Hesab edirəm ki, bu, ən azı mənəvi baxımdan insanların həyatına qəsd kimi qiymətləndirilməlidir. Əlbəttə, bu istiqamətdə ciddi tədbirlər görülməlidir.

– Sizcə, bu qıtlıq və bahaçılıq fərdi qaydada kimlərinsə əməlinin, yoxsa monopolistlərin fəaliyyətinin nəticəsidir?

– Hesab edirəm ki, əvvəlcə bununla bağlı ciddi analizlər aparılmalıdır. Testlər və dərmanlarla bağlı monopoliya elementləri varsa, bunları dərhal aradan qaldırmaq üçün təsirli addımlar atılmalıdır.

– Deyirsiniz ki, TƏBİB və Səhiyyə Nazirliyindən ibarət ikibaşlı piramida var. Sizcə, ümumiyyətlə səhiyyə sistemi ikibaşlı, ya üçbaşlı olmalıdırmı?

– Düşünürəm ki, istənilən problemə yanaşmada ikibaşlı idarəçiliklə yüksək səviyyədə effektə nail olmaq mümkün deyil. Yalnız onların arasında ideal koordinasiya yarandıqda orta səviyyəli effekt əldə etmək olar. Dünyada istər siyasətdə, istər iqtisadiyyatda, istərsə də digər sahələrdə ikibaşlı idarəçiliklə yüksək nailiyyətlərin əldə olunması praktikası yoxdur. Azərbaycanda da bu mümkün deyil və bundan sonra da mümkün olmayacaq.

Sadəcə, artıq ikibaşlı idarəçiliyin yaratdığı reallıq göz önündə olduğu üçün mən koordinasiyanın gücləndirilməsini, cəmiyyətin “pulsuz testlər hardadır”, “testlər nədən bu qədər bahadır” kimi suallarına cavab tapılmasını vacib sayıram. Həmçinin, qeyd edirəm ki, bu qiymətləri aşağı salmaq üçün şanslar var. Bunlardan biri monopoliya elementlərini aradan qaldırmaqdır. Dərman boldur. Bəs niyə qıtdır? Bu, aztəminatlı kateqoriyaya ciddi zərər vurur. Ən qiymətli şey insan həyatıdır. Ona qəsd edənlərin araşdırılıb tapılması və cəzalandırılması vacibdir.

Rasim Əliyev

“Dunyaninsesi.info”