Rusiyada istixana təsərrüfatlarının yaradılması prosesində ölkəmizdən olan sahibkarların fəal iştirak etdikləri bildirilir
Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi bu ölkənin dövlət və bələdiyyə ehtiyacları üçün idxal pomidorunun alınmasının qadağan olunmasını təklif edir. Nazirliyin məlumatına görə, qadağada məqsəd “yerli istehsalçıların dəstəklənməsi və istixana tərəvəzçiliyinin inkişaf etdirilməsidir”.
Dövlət hesabına ərzaq malları əsasən ordu, məktəblər, uşaq bağçaları, xəstəxanalar və dövlət idarələr üçün alınır. Qeyd edək ki, Rusiyaya pomidor əsasən Mərakeş, Çin, Azərbaycan, Türkiyə və Özbəkistandan idxal olunur. 2015-ci ildə Türkiyə ilə siyasi böhran yarananadək bu ölkə Rusiyanın ən böyük pomidor təchizatçısı idi. 2015-ci ildə qoyulan qadağadan sonra Rusiyaya pomidor idxalında kəskin azalma baş verib. Belə ki, Türkiyədən idxalın qadağan olunması nəticəsində 2015-ci ildə 819 min ton olan ümumi idxal 2016-cı ildə 406 min tona düşüb. Daxili bazarda qiymətlərin sürətlə bahalaşmasından sonra hökumət cənub və Volqaboyu regionlarda istixana təsərrüfatlarının yaradılması prosesini aktiv dəstəkləməyə başlayıb. 2019-cu ilin əvvəlinədək bu bölgələrdə 1000 hektardan yuxarı müasir tipli istixana yaradılıb. 2018-ci ildə Rusiya xaricdən 600 min ton pomidor idxal edib. Bu, ölkə üzrə tələbatın təxminən yarısına bərabərdir. 2021-2022-ci illər üçün Rusiya qarşıya pomidora olan tələbatın 80 faizinin yerli istehsal hesabına təmin olunması məqsədi qoyub.
Maraqlıdır ki, Rusiyada istixana təsərrüfatlarının yaradılması prosesində Azərbaycandan olan sahibkarların fəal iştirak etdikləri bildirilir. Bir sıra böyük Azərbaycan şirkətlərinin Rusiyanın cənub regionlarında yüz hektarlarla ərazidə müasir tipli istixanalar yaratdıqları deyilir.
Bu il Rusiyada daha 260 hektar müasir tipli istixananın istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da ildə 1,2 milyon ton pomidor və xiyar istehsalını təmin edəcək. Nəticədə həm daxili bazarda qiymətləri tənzimləmək, həm də dövlət və bələdiyyə ehtiyaclarını tam qarşılamaq mümkün olacaq.
Rusiya bazarında ən ucuz Azərbaycan pomidorudur. Ən keyfiyyətli və bahalı pomidor Özbəkistandan gətirilir. Bahalı olsa da, özünəməxsus şirinliyinə görə Özbəkistan məhsuluna tələbat böyükdür, buna görə də özbəklər Rusiyaya ixracı sürətlə artırırlar.
Qeyd edək ki, pomidor son illərdə qeyri-neft ixracatımızda şəriksiz liderə çevrilib. Belə ki, 2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci yeri tutub -151,6 milyon dollar. 2018-ci ildə də pomidor ixracı 177,4 milyon dollarla birinci olmuşdu. 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında yenə pomidor (147,6 milyon dollar) liderliyini qoruyub.
Rusiyada pomidor tələbatının daxili istehsal hesabına təmin olunması planları Azərbaycan fermerləri üçün ciddi təhlükə formalaşdırır. Belə ki, ölkəmizin xaricə satdığı pomidorun 90 faizdən çoxu məhz Rusiya bazarına çıxarılır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabrında ixrac edilən 134 min 148,44 ton pomidorun 132 min 574,26 tonu Rusiya bazarında satılıb.
Azərbaycanda xüsusilə Türkiyə pomidorunun Rusiya bazarına yolu bağlandıqdan sonra pomidor istehsalı sürətlə artırılıb. Ölkənin ərzaq balansından aydın olur ki, 2016-cı ildə 502,7 min ton olan pomidor istehsalı 2018-ci ildə 609,1 min tona yüksəlib. Bu məhsulun ixracı isə qeyd olunan dövrdə 101,3 min tondan 172,5 min tona çatıb. Emal sənayesində pomidordan istifadə həcmlərində də az da olsa artım nəzərə çarpır. Belə ki, 2016-cı ildə 16,8 min ton pomidor ərzaq məhsullarının istehsalında istifadə olunubsa, 2018-ci ildə bu həcm 18,6 min tona yüksəlib.
2018-ci ildə Azərbaycanda açıq sahədə pomidor istehsalı 328 min ton, istixanada istehsal isə 281 min ton təşkil edib. Yəni ixracımız demək olar ki, bütünlüklə istixana məhsulu olub. 2018-ci ildə Rusiya bazarlarına ən çox pomidor ixracını Azərbaycan həyata keçirib: birinci yeri Azərbaycan, ikinci yeri Mərakeş, üçüncü yeri Çin, dördüncü yeri Belarus tutub.
Azərbaycan ixracatçıları üçün müsbət amillərdəın biri Mərakeşin Rusiyaya pomidor ixracındakı azalmadır. Ötən il bu ixrac 107 min tondan 91 min tona düşüb. Bundan əlavə, pestisidlərdən ifrat səviyyədə istifadə edən Çindən gələn pomidorlara tələbat getdikcə aşağı düşür. Azərbaycan pomidoru üçün təhlükə yaradan əsas amil Özbəkistanın ixracı artırmasıdır.
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyevin “Yeni Müsavat”a dediyinə görə, yerli istehsal artırılsa da, yaxın illərdə Rusiya bazarında Azərbaycan pomidoruna təhlükə gözləmirlər: “Biz rəqabətə davam gətirmək üçün keyfiyyəti artırıb, qiyməti ucuzlaşdırmalıyıq. Bunun üçün də istehsal xərclərini aşağı salmaq, istehsalı artırmaq lazımdır. Bunlar olsa, biz heç bir bazarımızı itirməyəcəyik”.
Assosiasiya rəhbəri bildirir ki, ixracatçılar yeni bazarlara çıxış üçün aktiv işlər görürlər: “Bu məsələdə dövlət bizə çox böyük dəstək verir. Demək olar ki, bütün əlaqədar sərgilərdə iştirak edirik, öz məhsullarımızı təqdim edirik. Xarici ölkələrdəki sərgilərdə iştirakımız 90 faiz dövlət tərəfindən maliyyələşdirilir. Son illərdə Avropa, ərəb ölkələrinə müəyyən həcmlərdə ixraca başlamışıq. Amma hələ ki yaxın illərdə də bizim əsas bazarımız Rusiya olaraq qalacaq. Biz bu bazardakı mövqelərimizi əldə saxlamaq üçün həmişə addımlar atırıq”.