Rusiyanın Orenburq vilayətində saxta alkoqoldan ölənlərin sayı 30-a çatıb, 3 azərbaycanlı tutulub

DÜNYA Hit
Spread the love

Rusiyanın Qazaxıstanla sərhəd Orenburq vilayətində saxta alkoqoldan kütləvi zəhərlənmə baş verib və ölənlərin sayı hər gün artır. Virtualaz.org Rusiya regional KİV-lərinə istinadən xəbər verir ki, vilayətin yaşayış məntəqələrində saxta alkoqoldan ölənlərin sayı artıq 30-a çatıb. Onlarla adam isə xəstəxanalardadır.

Faktla bağlı beş ayrı cinayət işi qaldırılıb, müstəntiqlər saxta içkinin ticarət məntəqələrinə paylanıldığı anbarı tezliklə aşkar ediblər və oradan yüzlərlə litr spirt tərkibli maye müsadirə ediblər. 5 nəfər saxlanılıb, onlardan 3-ü azərbaycanlıdır.

 

Saxlanılanlardan biri Şirvan Babazadədir, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçiləndə o xəcalətdən başını aşağı salıb. İstintaqın versiyasına görə məhz onun günahı üzündən 30 nəfər zəhərlənərək ölüb, qalanları isə evlərdə və xəstəxanalarda ağır vəziyyətdədir. Tutulanlar arasında vilayətin Adamovsk rayonunun əhaliyə sosial yardım xidmətinin əməkdaşı, Yasnovo rayonunun administrasiyasının işçisi də var. İstintaqın məlumatına görə saxta içkini topdansatış ticarət bazasına verən üç Azərbaycan sakini olub. Dörd yerli sakin isə içkini topdansatış bazasından götürərək mağazalara, o cümlədən müxtəlif kəndlərə nəğd və nisyə paylayıb.

 

Metanoldan hazırlanan saxta araq və konyakın (guya onlar Qazaxıstan istehsalı olub) hələ də ticarət məntəqələrində satıldığı istisna deyil. Ölənlərdən biri “KamAZ” şoferidir, o işdən sonra elə kabinədə içib və elə oradaca ölüb. Sürücünün tanışı Aleksey də onunla bir az içib və hazırda xəstəxanadadır: “Kamazçı Sanya idi, sonra Dimka və Jenka gəldi. Onlar çox içdilər. Mən gəldim, həmin axşam bir qədəh içdim və yatdım. Onlar məndən sonra da içdilər. Jenka öldü, Dimka da öldü”, – zərərçəkən Aleksey Yerşov deyir.

Ölənlərin və zərərçəkənlərin orqanizmində həkimlər ölümcül dozanı 4-5 dəfə keçən təmiz metanol aşkar ediblər. Həkimlər deyirlər ki, metanolun qəbulundan sonra insan dərindən huşunu itirir, bütün reflekslər itir, ürək və tənəffüs fəaliyyəti pozulur və ölüm baş verir.

Vilayətin kiçik Krasnıy Çaban qəsəbəsinin qəbiristanlığında təzə qəbirlər var. Dünən səhər saxta içkidən zəhərlənən üç ailəni dəfn ediblər. Yerli sakinlərdən Sergey Qreçenkonu və oğlu Dmitrini eyni qəbirdə basdırıblar. Həmin gün Sergeyin digər oğlu Aleksey də onlarla içib, hazırda evdədir və yataqdan qalxa bilmir. Deyir ki, atası pensiyasını alanda həmişə bir butulka araq alardı. Və həmin gün kəndlilər pensiyalarını almağı qeyd edəndə qalan sakinlər kimi araq alıblar.

Kənddə saxta alkoqolun satıldığı mağaza “Udaça” adlanır, o kənd administrasiyasının rəhbəri Murat Suenbayevə məxsusdur. İstisna deyil ki, metanol qonşu Qazaxıstandan gətirilib. Bildirilir ki, Qazaxıstanda neftayırma zavodlarından texniki spirt alıb ondan saxta araq düzəltməklə əsasən çinlilər məşğul olurlar.

Dunyaninsesi.Az