RUSİYANIN BAKI VƏ İRƏVANA “TƏLƏSİK VƏ ÇİY” HƏDƏSİ – Sülh perspektivi Moskvanı təlaşa salıb

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Rusiyanın mövqeyi dəyişməyib, Kreml hesab edir ki, Azərbaycan və Ermənistan arasında münaqişə ən yaxşı halda dondurula bilər. Moskva Qarabağda hərbi qüvvələr saxlamalı, regionda hərbi-siyasi nəzarətini daha da möhkəmləndirməlidir. Bu səbəbdən, ABŞ və Avropa İttifaqının münaqişə tərəfləri arasında sülh müqaviləsinin imzalanması cəhdləri Kremldə qıcıq doğurur. Çünki sülh həm də Rusiyanın regionu tərk etməsi ilə nəticələnə bilər, Qərb vasitəçiləri bu niyyətlərini gizlətmirlər…

Dünən Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar da bu mövqeyi açıq-aydın dillə bəyan edib. O, yerli mətbuata açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında “keyfiyyətsiz və tələsik hazırlanmış” sülh müqaviləsi bağlamaq cəhdi gələcəkdə yeni münaqişələrlə nəticələnəcək.

 

 

“Tələsik hazırlanmış çiy sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanmasına verilməlidir”, – diplomat vurğulayıb.

Rəsmi TASS agentliyi qeyd edir ki, beləliklə, o, vaxtaşırı Qərb paytaxtlarından Bakı və İrəvanın “demək olar ki, yaxın həftələr və aylar ərzində” sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatlar səsləndirməsinə diqqət çəkib. Qonçarın fikrincə, Rusiya imzalanma şərtlərini tərəflərin özlərinin müəyyən etməsini istəyir. “Məsuliyyət daşıyan vasitəçilərin vəzifəsi fürsətçi mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, güclü, uzunmüddətli razılaşmaların əldə olunmasına kömək etməkdir. Onlar yerdə hökm sürən reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”, – deyə Rusiya XİN-in departament direktoru fikirlərini yekunlaşdırıb.

Bəyanatı daha ətraflı şərh etməzdən əvvəl Rusiya XİN-in bir neçə gün əvvəl verdiyi, Bakıda da məmnununluqla qarşılanan bəyanatını yada salaq.

Nazirlik bildirmişdi ki, Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunmalıdır.

Bu bəyanatdan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Ukrayna müharibəsindən dolayı vasitəçilik səylərinin azaldığını əsas gətirərək, rus sülhməramlılarının beynəlxalq qüvvələrlə əvəz olunması barədə fikir səsləndirmişdi. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Baş nazirə olduqca sərt cavab vermişdi: “Rusiyanın Azərbaycan və Ermənistan arasında əlaqələrin tez bir zamanda nizamlanması üçün səyləri heç vaxt azalmayıb. Biz regionda möhkəm sülhün və razılığın əldə edilməsi üçün lazım olan hər şeyi edirik… Ermənistan rəhbərliyi Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiyanın səylərinin az olmasına dair hansısa iradlar yersizdir. Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasına dair tamamilə başa düşülməyən fikirlər irəli sürülür. Bu, cənab Paşinyanın arzusudur? O istəyir ki, belə olsun?”

Qonçarın rəsmi TASS agentliyi tərəfindən yayılan bəyanatı M.Zaxarovanın dediklərinin davamıdır. Rusiyanın Qarabağ ermənilərinin taleyinin müəyyən olunması şərtləri ilə bağlı Qərb vasitəçilərindən bir qədər fərqli, Azərbaycana reverans edən mövqeyi problemin davamlı, ədalətli həllini istisna edir.

Müharibədən keçən 3 il müddət ərzində gedən proseslər Azərbaycanda və Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanmasını, vəziyyətin stabilləşməsini, nəqliyyat dəhlizlərinin, kommunikasiyaların açılmasını diqtə edir. Ukrayna müharibəsinə qədər Rusiya tərəflər arasında əsas vasitəçi olub, amma heç bir istiqamətdə irəliləyiş baş verməyib. Əksinə, lokal toqquşmalar, insan tələfatı baş verib. Azərbaycan bölgədə hərbi-strateji üstünlüyünü saxlamaq üçün ciddi tədbirlər görməyə məcbur olub.

Sülh üçün ən vacib şərtlər 10 noyabr bəyanatında olduğu kimi, Qarabağın tam silahsızlaşdırılması, nəqliyyat kommunikasiyaların bərpa olunmasıdır. Amma Qarabağa müvəqqəti nəzarət edən Rusiya bu şərtlərin heç birini təmin etməyib, əksinə, erməni separatçılarının “müdafiə ordusu”nu möhkəmləndirməkdə, silah-sürsat, texnika ilə təmin etməkdə, habelə Ermənistanın bu yöndə bütün fəaliyyətlərini dəstəkləməkdə davam edib. Daha sonra milyarder Ruben Vardanyanı Xankəndinə göndərməklə, etnik ermənilərin Azərbaycana qarşı barışmaz mövqeyini gücləndirməyə, müqavimətini artırmağa cəhd edib. Azərbaycan bu qanunsuz, üçtərəfli öhdəliklərə zidd fəaliyyətin qarşısını kəsmək üçün əvvəlcə gizli yolları nəzarətə götürüb, daha sonra Laçın yolunda – dövlət sərhədində Nəzarət Buraxılış Məntəqəsi qurub.

 

Rusiyanın Qarabağdakı fəaliyyəti tamamilə destruktivdir, 10 noyabr bəyanatının sərhədlərini aşır. Bu bəyanat Moskvaya ancaq sülhməramlı fəaliyyət göstərmək səlahiyyəti versə də, Kreml Xankəndində öz hərbi-siyasi xuntasını quraraq ondan həm Azərbaycana, yeri gələndə Ermənistana təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edib.

Rusiyanın bütün fəaliyyəti bölgədə hərbi-siyasi varlığını uzun müddət qoruyub saxlamağa yönəlib. Bu məqsədi həyata keçirməyin başlıca yolu Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını əngəlləmək, tez-tez hərbi toqquşmalar yaratmaqla konflikti təzə saxlamaq, Qərb ölkələrini prosesdən uzaq tutmaq üçün Bakıya və İrəvana ardıcıl təzyiqlər göstərməkdir.

Kremlin Ukraynada düşdüyü bataqlıq onu bu niyyətlərini həyata keçirməyə zorlayır. Münaqişə tərəfləri, bölgəyə nüfuz etməyə çalışan Qərb də bu fürsəti dəyərləndirib, problemi Kremlin inhisarından çıxararaq həll etməyə çalışır. Əlbəttə, 35 illik münaqişəni həll etmək kifayət qədər çətindir, xüsusi ilə Rusiyanın müdaxilələri, Ermənistanın daxilindəki alətləri, Qarabağdakı qanunsuz rejimin fəaliyyəti vəziyyəti daha da mürəkkəbləşdirir. Bütün bunlara rəğmən, Bakı və İrəvan Rusiyadan kənar sülh razılaşması əldə etmək üçün ciddi səylər göstərirlər. Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyev “Euronyus” kanalına müsahibəsində dedi ki, “bizim üçün hansısa qüvvənin sülh danışıqlarını inhisara alması maraqlı deyil, əsas odur ki, nəticə olsun…”

Görünür, Moskvanın Denis Qonçarın dili ilə səsləndirdiyi bəyanat həm də Azərbaycan liderinin sülhün əldə olunması üçün iradə nümayiş etdirməsindən qaynaqlanır.

XİN rəsmisinin dediklərini diplomatik dildən tərcümə etdikdə Rusiyanın Azərbaycan və Ermənistana hədə-qorxu gəldiyi aydın görünür. Qonçar deyir ki, “tələsik və və çiy hazırlanmış sülh gələcəkdə münaqişələrə və faciələrə səbəb olacaq…” Yəni Moskva Rusiyanın iştirakı olmadan əldə olunan razılaşmanın həyata keçirilməsinə imkan verməyəcək. Qarabağdakı separatçılardan, habelə Ermənistanın müdafiə və təhlükəsizlik sektorundakı agentlərindən istifadə etməklə qan tökəcək.

Departament direktorunun müzakirə masasında olan sülh razılaşmasını “tələsik və çiy” adlandırması, əlbəttə, onun məzmunu ilə bağlı deyil. O, dolayısı ilə bildirir ki, Qərb tərəfləri sülhə tələsdirir, Rusiya ilə hesablaşmadan onların imza atdığı razılaşmalar yerdə həyata keçməyəcək, yəni biz imkan verməyəcəyik.

 

 

Qonçar ardınca Rusiyanın tələblərini səsləndirir. Onun dediklərindən belə nəticə çıxır ki, sülh ancaq Moskvanın istədiyi vaxtda, onun diqtə etdiyi şərtlər əsasında mümkündür, Qərb bu prosesdə iştirak etməməlidir. Habelə, istənilən razılama üçün hüquqi baza Rusiyanın diqtəsi ilə tərtib olunmuş 10 noyabr bəyanatıdır. Hansı ki, onu ən çox pozan elə Rusiyadır. Şübhəsiz ki, Azərbaycan və Ermənistan, eləcə də Qərb vasitəçiləri Rusiyanın bölgədəki destruktiv imkanlarını nəzərə alırlar. Bu günə qədər sülh müqaviləsinə imza atılmamasının birinci səbəbi budur, tərəflər Rusiyanın ehtimal olunan müdaxiləsindən ehtiyat edərək əsas kompromisə getməkdən çəkinirlər. Bununla belə proses gedir və Qərb təşəbbüsü tamamilə ələ alıb. Problemin həlli ABŞ Dövlət katibi Entoni Blinkenin Ukrayna müharibəsindən sonra məşğul olduğu əsas məsələlərdən biridir. Bugünlərdə Dövlət Departamentinin Qafqaz danışıqları üzrə nümayəndəsi Luis Bono İrəvanda və Bakıda oldu. Hazırda əsas məsələ Qarabağdakı etnik ermənilərlə Mərkəzi hökumət arasında danışıqların başlaması, Xankəndinə humanitar yüklərin çatdırılması üçün kompromisin tapılmasıdır. Azərbaycan hər iki məsələ ilə bağlı öz dəyişməz mövqeyini ortaya qoyub, çox güman, həm danışıqların şərtləri, yeri, həm də Xankənidnə çatdırılma Azərbaycanın suverenliyi pozulmadan müəyyən olunacaq.

Rusiya prosesin bu qədər sürətlənməsindən ciddi narahatdır, xüsusi ilə Baş nazir Nikol Paşinyanın və Prezident İlham Əliyevin qərarlı mövqeyinə təsir göstərməyə çalışır. Təcrübə göstərir ki, Moskvanın hədə-qorxuları o qədər də işə yaramır. Azərbaycanın son il yarımda Qarabağ ətrafında əldə etdiyi üstünlüklər, habelə Ermənistan rəhbərliyinin “rus sülhməramlılarının beynəlxalq qüvvələrlə əvəzlənməsi” kimi cəsarətli bəyanatlar səsləndirməsi Rusiyanın bölgədə təsir imkanlarını itirməkdə olduğunu göstərir.

E.Rüstəmli