“RUSİYA YAXŞI BAŞA DÜŞÜR Kİ, AZƏRBAYCANI İTİRİB, ÖZÜ DƏ ÇOXDAN” – “Ermənistana təzyiq kimi Rusiya buna gedə bilər…”

Əsas Manşet MÜSAHİBƏ
Spread the love

Tofiq Zülfüqarov: “Zəngəzur dəhlizinin açılması ilə bağlı anti-terror əməliyyatı ola bilər”

“Nikol Paşinyan hökumətinin 110 səhifəlik proqramında bütün suallara cavab var”

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl keçirilən hökumət iclasında Azərbaycan və Türkiyə ilə bağlı müsbət mesajlar verib. Bu mesajlar belə qənaətə gəlməyə əsas verir ki, yaxın zamanda sərhədlərin müəyyənləşdirilməsi prosesinə, hətta sülh müqaviləsinin imzalanması istiqamətində işə başlanıla bilər. Qeyd edək ki, erməni mediası da oktyabra qədər hansısa sənədin imzalana biləcəyini iddia edir.

“AzPolitika.info” bu mövzunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edib:

– Tofiq müəllim, Nikol Paşinyan bildirib ki, onun hökuməti Azərbaycanla sərhədlərin müəyyən edilməsi üçün zəmin hazırlayır, Naxçıvan yolunun, eləcə də Ermənistan-Rusiya dəmiryolunun açılmasında maraqlıdır, Türkiyə ilə ön şərtsiz nəticəli danışıqlara hazırdır və regionda sülhün təmin edilməsinə tərəfdardır. Bu açıqlamadan sonra regionda hansı prosesləri gözləmək olar?

– Məncə bu, səmimi istəyə, sülhə nail olmağa deyil, daha çox əsas niyyəti gizlətməyə hesablanan açıqlamadır. Bundan əvvəl Azərbaycan tərəfindən təzyiqlər var idi. Bakı bəyanatlar verərək, sülh sazişinə dair təklif səsləndirmişdi. Aydındır ki, İrəvan buna cavab verməli idi. Cavab verdilər, sülh barəsində məyyən fikirlər bildirdilər. Amma problemin kökünü təşkil edən əsas mövzularla bağlı İrəvan köhnə mövqeyindədir. Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, eləcə də Minsk Qrupunu yenidən ortaya atması, status məsələsini gündəmə gətirməsi onu göstərir ki, Nikol Paşinyan köhnə siyasətini yeni şəraitdə davam etdirmək niyyətindədir.

Məsələn, sərhədlərin demarkasiyası əslində texniki prosesdir. Dediklərinə görə, guya onlar buna hazırdırlar. Amma əvvəl sülh sazişi imzalanmalıdır, yalnız bundan sonra texniki proses olan demarkasiya həyata keçirilməlidir. Bu mənada İrəvanın oyunları açıq görünür.

İrəvanın son açıqlaması onu göstərir ki, erməni hökuməti özünü sadəcə, sülh tərəfdarı kimi göstərməyə çalışır. Mən onların səmimiyyətinə inanmıram. Burada söhbət mənim, sənin hissiyyatından getmir. Onların verdikləri bəyanat, işlətdikləri ifadələrin təhlili göstərir ki, ortada ayrı oyun var. Mənim gördüyüm budur.

– Demək istəyirsiniz ki, Nikol Paşinyanın son açıqlamalarındakı anonslar vaxt uzatmağa hesablanıb?

– Bəli, müəyyən mərhələ üçün vaxtı uzatmaq istəyirlər. Çünki onlar istər-istəməz təzyiq altındadırlar. Əvvəla, Bakının təzyiqi var. Eyni zamanda, Rusiyanın da təzyiqləri mövcuddur. Zənnimcə, ruslar Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Üstəlik, Qərb də Ermənistana təzyiq edir və sülh istiqamətində addımlar atılmasını istəyir. Bu baxımdan İrəvan nələrsə deməli idi. Dediklərini də eşitdik.

Mənim təhlillərim göstərir ki, onlar danışıqlar barədə çox danışacaqlar, bunun bərpa olunmasında maraqlı olduqlarını göstərəcəklər. Amma reallıqda 10 noyabr sazişində əldə olunan razılaşmanın bəzi müddəalarından da qaçmaq niyyətlərini həyata keçirəcəklər. Və danışıqların imitasiyasını yaratmağa çalışacaqlar.

– Paşinyan Azərbaycanla sərhədlərin müəyyən edilməsi, komunikasiyaların açılması ilə bağlı müsbət fikirlərini sonda ATƏT-in Minsk Qrupu ilə əlaqələndirir. Bu oyunun mahiyyəti nədən ibarətdir?

– Əslində, burada da incə məqamlar var. Məsələn, bir az geriyə dönsək Paşinyan deyir ki, Türkiyə ilə şərt irəli sürmədən danışıqlara hazırdır. Bu, nə deməkdir? Nəzərə almaq lazımır ki, Qarabağdan savayı Türkiyə-Ermənistan münasibətlərinin öz gündəmi var. Türkiyəyə qarşı Ermənistanın ərazi iddiası, “soyqrım”ın qəbul edilməsi tələbi var. Burada da Paşinyan ermənisayağı oyun oynayır. Necə yəni ön şərt irəli sürmədən danışıqlara hazıram? Sən rəsmi olaraq Türkiyəyə ərazi iddiaları irəli sürürsən, amma deyirsən ki, ön şərt olmadan danışıqlar aparaq, əlaqələr quraq. Buna kim gedər? Ermənistan konstitusiyasında və müstəqillik aktında Türkiyəyə qarşı açıq-aydın ərazi iddiaları irəli sürülüb. Bu baza üzərində necə əlaqə qurmaq olar?

Azərbaycanla bağlı da eyni prosesdir. İlk olaraq sülh müqaviləsi gündəmə gəlməli, tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlər müəyyən edilməli, əlaqələr bərpa olunmalıdır. Ancaq görünən budur ki, Paşinyan söylədiklərində səmimi deyil, əksinə, hansısa oyunlar oynayır. Daha doğrusu, köhnə siyasətini yeni şəraitdə tətbiq edir.

 

 

– Bəs, bu oyunlarda Moskva hansı formada iştirak edir?

– Rusiyanın bu prosesdə iştirakı onun əsas məqsədinə aid olan taktikaya bağldıır. Rusiyada anlayırlar ki, Ermənistan əldən gedir. Yəni İrəvan artıq qərbyönümlü siyasətə əl atır. Təbii ki, indi Rusiyanın bəzi addımları məhz bu mövzu ilə bağlı olacaq. Rusiya yaxşı başa düşür ki, Azərbaycanı itirib, özü də çoxdan. Hətta müharibədən çox-çox əvvəl. Niyə? Ona görə ki, Azərbaycan iqtisadiyyatında Qərbin böyük investisiya yatırımları var. Yəni Azərbaycan maliyyə və digər məsələlərlə bağlı Rusiyadan asılı deyil. Burada bizimlə bağlı yeganə mövzu sülhməramlılardır və o da həll olunan məsələdir.

Qənaətimcə, indi Rusiya daha çox Ermənistanı öz orbitində saxlamağa çalışırlar. Amma bu da baş tutacaq məsələ deyil. Ermənistanı saxlamaq üçün ona pul xərcləmək lazımdır. Bu baxımdan Ermənistan uğrunda Rusiya Qərblə rəqabət apara bilməz.

– Ancaq Paşinyanın Rusiyaya doğru referanslar etdiyi də açıq görünür…

– Ermənistan hökumətinin son iclasında Paşinyan 110 səhifəlik yeni proqramını təqdim edib. Bu proqrama baxsanız, orada hər bir məsələyə və suala cavab var. Biz görürük ki, müharibədən sonra ermənilərin Rusiyadan qorxusu daha da çoxalıb. Bundan əvvəl də asılılıqları var idi və qorxurdular. 44 günlük müharibədən sonra isə Rusiyadan daha da çox qorxurlar. Çünki orduları dağıdılıb, iqtisadi baxımdan Qərb onların qarşısında şərtlər irəli sürür ki, Rusiya ilə münasibətləri korrektə edin, əks təqdirdə bizdən kömək olmayacaq. Ermənistan indi sanki ortada qalıb. Onların vəziyyəti geopolitik baxımdan bərbad durumdadır. Amma Ermənistan bu durumda ola-ola köhnə siyasətini davam etdirmək istəyini bəyan edib. Belə bir vəziyyətdə Rusiyadan onlara bəyanat səviyyəsində referanslar olacaq, amma real köməklik olmayacaq. Çünki onlar bilirlər ki, Ermənistana köhnə modeldən fərqli nəsə təklif edə bilməzlər. Başqa sözlə, köhnə silah, köhnə texnika, köhnə siyasi rol – forpost. Məncə, indi İrəvan və Moskva arasında gərginliyi müşahidə etməli və buna uyğun nəticələr çıxarmalıyıq.

– Son günlər Türkiyə və Azərbaycan hərbçiləri birgə hərbi təlimlər keçirir, habelə Pakistan, Azərbaycan və Türkiyə birgə təlimlərinin Bakıda keçiriləcəyi elan olunur. Buna paralel olaraq, Türkiyə Azərbaycana 4 general göndərib. Sizcə, bu addımlar Ermənistan və Rusiyanın mövqeyinə təsir edə bilərmi?

– İndi biz bu məsələlərə çox önəm veririk, amma müharibədən əvvəl də Türkiyə və Azərbaycan hərbçiləri birlikdə ildə azı 10 təlim keçirirdi. İndi dəbdə olan mövzu budur ki, Türkiyə Azərbaycana 4 general göndərib, hansısa mərkəz yaranıb və s. Məlumat üçün sizə bildirim ki, onların müstəşarlar qrupu bizdə 1992-ci ildən bu yana fəaliyyət göstərirdi. Bəli, əvvəllər bu qrupda əsasən albay (polkovnik) rütbəsində olan zabitlər təmsil olunurdu, lakin indi generallardır. Buna da təbii yanaşmaq lazımdır.

Bu, onu göstərir ki, Şuşa Bəyannaməsindən sonra münasibətlər yeni səviyyəyə çıxmaqdadır. Bu da bəyannamədə və digər tədbirlərdə açıq ifadə edilib. Azərbaycan qeyd edib ki, ordusunu və təhlükəsizlik sistemini Türkiyə təcrübəsindən istifadə edərək quracaq. Məncə, indi yeni mərhələ gəlir. Bu da iki dövlət arasında orduların eyni səviyyəyə çıxarılması istiqamətində operativ əməkdaşlıqdır. Bu isə o deməkdir ki, bir ordunun iki hissəsi mövcuddur və onlar arasında koordinasiya yüksək səviyyədə olacaq. Mən hesab edirəm ki, məsələnin əsas mahiyyəti məhz bundan ibarətdir.

– Sizcə, bölgədə yeni müharibə ehtimalı yüksəkdirmi?

– Müharibdən qabaq olduğu kimi, müharibədən və seçkilərdən sonra da Paşinyanın siyasi xəttinin davam etdiyini görürük. Yəni Qərb orientasiyalı istiqamət dəyişməyib. Qarabağdakı işğallarına son verilib, orduları dağıdılıb, amma əvvəlki mövqelərində qalıblar. Bunu bizim kimi ruslar da görür və anlayırlar. Amma Rusiyada ermənipərəst kampaniya, bəyanatlar davam edir. Fikrimcə, Ermənistanın Qərbə getməkdən savayı yolu yoxdur. Ermənistana ciddi dəstək verə biləcək və onu yaşadacaq qüvvə yalnız Qərb ola bilər.

Əlbəttə, regionda yeni toqquşmaları istisna etmirəm. Hətta Zəngəzur dəhlizinin fəaliyyətini təmin etmək üçün anti-terror əməliyyatı ola bilər. Bir növ Ermənistana təzyiq kimi Rusiya da buna gedə bilər. Əlbəttə, mən taktiki baxımdan deyirəm. Ruslar bir növ ermənilərə dərs verə bilərlər. O mənada ki, işğal etdiyiniz əraziləri, Şuşanı, Hadrutu itirdiniz, amma fikrinizdən vaz keçmədiniz. İndi bunu da itirin, bəlkə ağla gələrsiniz və bilərsiniz ki, “xozeyin” kimdir. Məncə, proseslər belə bir ssenariyə də gətirib çıxara bilər. Hər halda, mən bunu istisna etməzdim.

Dünyanınsəsi.Az