Rusiya FHN-in xüsusi briqadası Ağdama gəlir

HADİSƏ Hit
Spread the love

Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərlik xüsusi qrupu və texnikası Azərbaycana gəlib. Həmin əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcəklər.

Dünyanınsəsi.Az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini, general-leytenant Raqim Lətifov deyib.

Onun sözlərinə görə, həmin əməkdaşlar Fövqəladə Hallar Nazirliyinin Ağdamın Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzində yerləşəcəklər.  Sabahdan etibarən Rusiya Federasiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 ha ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayacaqlar.

**12:56

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) pirotexniklərinin olduğu təyyarə bir azdan Gəncə hava limanına enəcək.

Dünyanınsəsi.Az TASS-a istinadən bildirir ki,  onlar Azərbaycanı dəstəkləmək üçün humanitar missiya ilə gəlirlər.

“Yanvarın 4-də Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi göyərtəsində xilasedicilərlə birlikdə Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub. Humanitar missiyanın bir hissəsi olaraq, pirotexniklər Ağdam rayonunda işləyəcəklər”, – deyə agentliyin məlumatında bildirilib.

Minalardan təmizləmə işlərində “Lider” və Noqinsk Xilasetmə Mərkəzindən 20 pirotexnik, həmçinin robotlarla birlikdə üç kompleks də iştirak edəcək.

Dünyanınsəsi.Az-ın  əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssislər Azərbaycan FHN-in Ağdamdakı bazasında yerləşdiriləcək və yaxın vaxtlarda bu rayonun ərazilərini minalardan təmizləməyə başlayacaqlar.

 

  

Dünyanınsəsi.Az