
Rusiya Ermənistandakı Aİ müşahidəçilərini “topa tutdu” – “Hər şey edilir ki…”
Rusiya Avropa İttifaqı Mülki Missiyasının Ermənistana göndərdiyi missiyanın müstəsna olaraq geosiyasi mahiyyət daşıdığını bəyan edib.
“Dunyaninsesi.Az” xə bər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu missiyanın əsl məqsədinin Cənubi Qafqazda münasibətlərin normallaşdırılmasından çox uzaq olduğunu bildirib.
Zaxarovanın sözlərinə görə, Aİ missiyasının məqsədi Rusiyanın sıxışdırılaraq regiondan çıxarılmasıdır:
“Artıq ilk dəfə deyildir ki, Avropa İttifaqının və bütünlükdə Qərbin ən müxtəlif üsullarla bizə müttəfiq olan Ermənistanda möhkəmlənmək cəhdlərinin şahidi oluruq. Biz bu cəhdlərdə müstəsna olaraq Cənubi Qafqazda münasibətlərin normallaşdırılmasının real maraqlarından uzaq geosiyasi məqsəd görürük. Hər şey edilir ki, Rusiya regiondan sıxışdırılıb çıxarılsın və onun təhlükəsizliyin baş qarantı kimi tarixi rolu zəiflədilsin. Bu məsələyə Bakı tərəfindən açıq səsləndirilən mənfi qiymətləndirmələrə məhəl qoyulmur”.
Zaxarovanın sözlərinə görə, yaxın perspektivdə regionda stabillik və təhlükəsizliyin əsası kimi Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmalar kompleksi qalacaq:
“Nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, cəmiyyətlər, ekspertlər, dini dairələr, iki ölkənin millət vəkilləri arasında əlaqələrin yaradılması, habelə sülh müqaviləsinin işlənməsi üçün danışıqlar da daxil, məhz bu razılaşmaların hərtərəfli reallaşdırılması regionun sağlamlaşdırılması üçün ən düzgün yoldur. Rusiya Federasiyası buna gələcəkdə də hər cür kömək etməyə hazırdır”.
Dunyaninsesi.Az