“Gürcüstan prezidenti Salome Zurabişvili təklif edib ki, Donbas probleminin həlli ilə məşğul olan “Normand formatı” (Ukrayna, Rusiya, Fransa və Almaniya) Abxaziya və Cənubi Osetiya məsələsiylə də məşğul olsun”.
DunyaninSesi xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert qeyd edib ki, 2008-ci il müharibəsindən sonra Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur:
“İki ölkə arasında dialoq xarici işlər nazirlərinin müavinləri səviyyəsində Cenevrə şəhərində aparılır. Diplomatlar ara-sıra görüşür, mübahisələri həll etməyə çalışırlar. Ancaq müzakirələr nəticə vermir. Salome Zurabişvili Gürcüstanın Rusiya ilə üz-üzə heç bir məsələni həll edə bilməyəcəyi qənaətindədir. Ona görə də Gürcüstan prezidenti hesab edir ki, prosesdə Almaniya və Fransa iştirak etsə danışıqlar ölü nöqtədən tərpənə bilər.
Görünür, Salomze Zurabişvili hesab edir ki, danışıqlarda Fransa və Almaniya iştirak etsə, Rusiyanın Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə baxışı dəyişə bilər”.
Elxan Şahinoğlunun sözlərinə görə, danışıqların belə bir formatda aparılması Gürcüstan üçün yaxşı nəticələr verməyə bilər:
“Birincisi, “Normand formatı” heç Donbas problemini həll edə bilmir. Yəni Fransa və Almaniya Donbass probleminin həllini sürətləndirə bilmirlər. Problemi həll edə bilməyən Fransa və Almaniya üçün Donbasda atəşkəsin qorunması kifayət edir.
İkincisi, nə Fransa, nə də Almaniya hər hansı problemin həlli məqsədilə Rusiyaya təzyiq etmirlər və belə bir düşüncələri yoxdur, tam əksinə Paris və Berlin hətta mövcud şərtlər daxilində Moskva ilə əlaqələrin inkişafına çalışırlar. Belə olan halda Abxaziya və Cənubi Osetiya problemlərinin həlli ilə bağlı hətta geniş format yaransa belə bu Gürcüstanın problemlərini həll etməyəcək”