“RƏSMİ BAKI MOSKVADAN İZAHAT İSTƏMƏLİDİR…” – “Ermənistan nə 10 noyabr, nə də 11 yanvar bəyanatlarını icra edir”

Manşet QARABAĞ
Spread the love

Sabah- martın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli atəşkəs razılaşmasından 4 ay ötür. 9 bəndlik bu sənəd 44 günlük müharibənin dayandırılması ilə yanaşı bölgədə situasiyanı tənzimləyən yeganə sənəddir.

Tərəflər razılaşıblar ki, işğal altında olan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarılır,

Rusiya sülhməramlıları Dağlıq Qarabağa gətirilir, əsirlər, meyitlər dəyişdirilir, köçkünlər öz yerlərinə qaytarılır və bölgədə bütün nəqliyyat kommunikasiyaları açılır.

Sənədin icra vəziyyətini “AzPolitika.info”-ya dəyərləndirən politoloq Elxan Şahinoğlu bidlidirb ki, Azərbaycan ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Ancaq bundan sonra digər problemləri həll etmək lazımdır.

“Birincisi, Laşın dəhlizi üzərindən sərhəd nəzarət altına alınmalıdır.

İkincisi, Xocalı, Şuşanın kəndləri azad edilməlidir.

Üçüncüsü, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul etməlidirlər”,-deyə politoloq vurğulayıb.

E. Şahinoğlunun sözlərinə görə, bu məsələlərin həlli zaman alacaq: “Ermənistanda xaosdur, qarşıdurma davam edir. Ermənistanda müharibənin ağır nəticələri müzakirə edilir, siyasi qüvvələr və hərbçilər bir-birlərini günahlandırırlar. Bu proses hələ uzun müddət davam edəcək.

Ermənilərə ən çox təsir edən 28 il işğalda saxladıqları Şuşanı itirmələridir. Ermənilərin bir hissəsi qəbul edə bilmir ki, Şuşanı nəzarət altında saxlaya bilmədilər.

İlk günlərdə erməni hərbçilər etiraf edirdilər ki, Azərbaycan ordusu güclü idi və bunun hesabına Şuşanı nəzarət altına aldı. İndi isə yalandan deyirlər ki, guya Şuşanı qoruya bilərdilər, ancaq hakimiyyət ordunu geri çəkdi.

Halbuki, baş nazir Nikol Paşinyan 10 noyabrda bəyanata imza atmasaydı, Azərbaycan Ordusu Şuşadan sonra Xankəndinə da daxil olacaqdı”.

 

 

Politoloq xatırladır ki, Paşinyan 10 noyabrdan sonra Moskvanın tələbi ilə 11 yanvar bəyanatına da imza atıb. Amma onu yerinə yetirmir.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada 11 yanvarda qəbul etdikləri bəyanat 4 maddədən ibarət idi. 4 maddəlik bəyanatın ümumi mənası bu idi ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaradılmalıdır.

İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə edilməli və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə verilməliydi. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılmışdı.

Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi. Ermənistan bəyanatın əsas bəndini yerinə yetirməyib.

Doğrudur, baş nazirlərin müavinləri bir neçə dəfə Moskvada görüşüblər, ancaq bəyanatda deyildiyi kimi ekspertlərdən ibarət altqrupların fəaliyyətə başlaması barədə məlumat yoxdur. Digər tərəfdən martın 1-i geridə qalıb, ancaq liderlərə təklfilər paketi təqdim edilməyib. Ermənistanın baş naziri Nikol Paşinyan onu əsas gətirə bilər ki, ölkəsində vəziyyət gərgindir və hazırda onun və komandasının Azərbaycanla əməkdaşlığa dair təkliflər paketi hazırlayacaq halı yoxdur” – deyə, ekspert qeyd edib.

Ermənistanda xaos uzun müddət davam edə bilər. Bu o deməkdirmi ki, Paşinyan bunu bəhanə edərək kommunikasiya xətlərinin açılması məsələsini yubada bilər?

E. Şahinoğlu bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi verdiyi açıqlamalarda daima Naxçıvanla Azərbaycanın materik hissəsi arasında koridorun mümkün olmadığını səsləndirir: “Belə çıxır ki, Paşinyanın Moskvada qəbul etdiyini onun naziri təkzib edir və ya Paşinyan özü XİN vasitəsilə imza atdığı bəyanatdan yayınmağa çalışır.

Görünür, Paşinyan müxalifətə ona təzyiqi artırmaq üçün əlavə alət vermək istəmir. Azərbaycan Prezidenti İlham Əliyev son geniş mətbiat konfransında dedi ki, Ermənistan kommunikasiya xətlərinin açılmasına mane olmağa çalışır.

Aydındır ki, Nikol Paşinyan indiki vəziyyətdə kommunikasiya xətlərinin açılmasına hazır deyil. Ancaq Azərbaycan onun buna nə zaman hazır olacağını gözləyə bilməz. 11 yanvar bəyanatın müəllifi Rusiya prezidentdidir. Deməli, Moskvadan İrəvanın məsələni gecikdirilməsiylə bağlı izahat istənilməlidir. Əks halda Ermənistan razılaşdırılan bəndləri gecikdirməkdə davam edəcək”.

Dünyanınsəsi.az