Qubad İbadoğlu: “Bakıya gəlişimdə məqsəd müxalifəti birləşdirmək deyil”

Manşet MÜSAHİBƏ
Spread the love

“Seçkidə iştirak qərarı verən gəncləri alqışlayıram”

Tanınmış iqtisadçı-alim, ABŞ-ın Rutgers Universitetinin professoru, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bu günlərdə Azərbaycana gəlib. Ölkədə çox ciddi siyasi hadisələrin baş verdiyi indiki ərəfədə reallaşan gəlişdə məqsəd nə oldub? Q.İbadoğlu və onun rəhbərlik etdiyi ADR Hərəkatı Azərbaycanda keçiriləcək parlament seçkilərində hansı mövqeyi tutacaq? Bu günlərdə Milli Məclisin qəbul etdiyi 2020-ci ilin dövlət büdcəsi gələn il üçün nə vəd edir? Bu və digər suallara iqtisadçı-alimlə müsahibədə aydınlıq gətirməyə çalışdıq.
– Qubad bəy, bu ərəfədə ölkəyə dönüşünüzdə məqsəd nədir? Növbədənkənar parlament seçkiləri nə qədər rol oynayır gəlişinizdə?
– Mən ölkədən gedəndən sonra həm əqidə, həm ruh dostum Vurğun Əyyub dünyasını dəyişdi. Doğrusu, onun ölümü mənə həddindən artıq ağır təsir etdi. Ruhumu qoymağa yer tapmırdım. Çünki qəribçilikdə belə ağrıları yaşamaq çox çətindir: dərdini paylaşa, kiməsə bunu çatdıra da bilmirsən – fərqli mühit, fərqli insanlardır. Bu baxımdan, içimdə bir ağrı vardı ki, imkan olan qədər tez gəlib Vurğun bəyin məzarına, ailəsinə baş çəkərdim – baxmayaraq ki, həmişə əlaqə saxlamışam, özümün gəlib baş çəkməyimi istəyirdim. Buna görə də düşən ilk imkandan istifadə edib gəldim: universitetdə dərslər bitdi, ilk imtahanım dekabrın 23-dədir. İki həftəlik vaxtım vardı, bundan istifadə edib Azərbaycana gəldim. Həm anamı, doğmalarımı gördüm, həm də dəyərli dostum Vurğun bəyin məzarını, ailəsini ziyarət etdim. Bundan əlavə, Bakıda mühüm bir konfrans keçirilirdi, məni də məruzəçi kimi dəvət etmişdilər. Doğrusu, gözləntim bu idi ki, konfrans səmərəli müzakirələr üçün əlverişli bir platformadır və müvafiq dövlət qurumlarının nümayəndələri də qatılacaqlar. Lakin təəssüflər olsun ki, dövlət qurumlarından heç kim tədbirə qatılmadı, müzakirələr ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri arasında aparıldı. Halbuki həyata keçirilən kadr dəyişiklikləri, indiyədək müstəqil ekspertlərlə müzakirələrdə iştirak etməyən kadrların yeni olduqları deyilən şəxslərlə əvəzlənməsi belə ümid yaradırdı ki, davranışlar da dəyişəcək. Prezident özü də dəfələrlə çıxışlarında bildirib ki, biz təkliflər üçün açığıq, fikirlərinizi, təkliflərinizi göndərin. Amma hələ ki, yeni kadrlardan müstəqil fikrə, ekspert rəyinə belə münasibət görmürük.
Bu ərəfədə ölkədə növbədənkənar parlament seçkilərinin prosedurları da başlayıb. Lakin mənim gəlişim bununla bağlı deyil, Bakıya biletimi hələ seçkilərlə bağlı qərarlardan həftələr öncə almışdım. Yəni gəlişim parlament seçkiləri ilə əlaqədar deyil. Amma burada olmuşkən bu proseslə də maraqlanıram, əlbəttə.
– Parlament seçkilərində iştirakla bağlı ADR Hərəkatı ilkin qərarını boykot olaraq açıqlayıb. Bu qərar dekabrın 21-də keçiriləcək Ali Məclisin toplantısında dəyişə bilərmi?
– Biz mövcud vəziyyəti – həm siyasi azadlıqlar sahəsində, həm seçki komissiyalarının tərkibi ilə bağlı durumu nəzərə alaraq ADR İdarə Heyəti olaraq ilkin qərar vermişik. Amma hesab elədik ki, qərar yalnız İdarə Heyətinin rəyi əsasında olmasın, rayon təşkilatlarının da mövqeyini öyrənək və nəzərə alaq. Burada olarkən bir neçə rayon təşkilatı ilə görüşlər keçirdim, gördüm ki, İdarə Heyətinin qərarı elə bütün Hərəkat üzvlərinin rəyinə uyğun imiş. Bu baxımdan, dekabrın 21-də Ali Məclisin fərqli qərar verəcəyini gözləmirəm. Fərqli yanaşmaların olması da istisna olunmur, buna görə də müzakirələrimiz davam edir.
“İndiki anda əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsini daha məqbul sayırıq”
– Bir sıra müxalifət partiyaları, birliklər seçkidə iştirak qərarı veriblər. Onlar hesab edirlər ki, prosesin içində olmadan baş verənlər barədə dəqiq fikir yürütmək, rəy bildirmək doğru yanaşma olmayacaq. Ona görə də seçki prosesinə qatılıb, baş verə biləcək pozuntuları bilavasitə qeydə almaq imkanı əldə etməyi üstün tuturlar. Sizcə, daha doğru yanaşma bu olmalı deyilmi?
– Bilirsiniz, hər iki yanaşmanın özünün arqumentləri var və mən onları kənara qoymaq istəmirəm. Hər bir siyasi, ictimai təşkilat öz mövqeyini əsaslandırmaq üçün müəyyən arqumentlərə malikdir. İndiki halda hətta sizə deyim ki, seçkidə iştirak qərarı verənlərə də, xüsusilə gənclərə mənim münasibətim pis deyil. Gənclərin prosesdə iştirak etməsi onların təcrübə yığması, öz gücünü sınaqdan keçirməsi,  öz imkanlarını səfərbər edib prosesdən öz məqsədləri üçün yararlanmasını məqbul hesab edirəm. Bu məqsədlə prosesə qoşulan gəncləri alqışlayıram. Amma Azərbaycanda seçim imkanı seçicilərdə olmadığına, son nəticədə qərarın verilməsində onların mövqeyinin nəzərə alınmadığına görə bu amillər seçkilərdən sonra ciddi müzakirələrə yol açır, seçicilər arasında məyusluq yaradır. Bu baxımdan, mövcud şərtlər daxilində seçkilərdə iştirak qərarı vermək niyyətində deyilik. Biz bu məsələyə daha geniş və uzunmüddətli planda baxmaq istəyirik. Bir şeyi də nəzərə almalıyıq ki, biz siyasi partiya formatında deyilik, parlament seçkilərində iştirakı əsas siyasi hədəfimiz hesab etmirik. Bizim Hərəkatın hazırda ən çox üstünlük verdiyi fəaliyyət ölkədə maarifləndirmədir. Bu istiqamətdə daha çox müzakirələr keçirməklə, çıxışlarla, təqdimatlarla əhalinin maariflənməsinə töhfə vermək  istəyirik. Düşünmədim ki, bu dövrdə parlament seçkiləri bizə maarifləndirmə üçün də hansısa üstünlük yaradacaq. Çünki hazırda həm sosial şəbəkələr vasitəsilə birbaşa ünsiyyət imkanlarının çoxalması, həm də ki, internet televiziyalar üzərindən müzakirələrdə iştirak edənlərin sayının günbəgün artması bu istiqamətdə gördüyümüz işlərin effektinin qat-qat yüksəlməsinə gətirib çıxarır. Bu səbəbdən də biz bu imkanlardan istifadə etməklə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsini indiki anda daha məqbul hesab edirik.
– Yayda gələndə ölkənin ictimai-siyasi həyatında yeri olan bütün siyasi təşkilatların (hakim partiya istisna olmaqla) rəhbərləri, ictimai şəxslərlə silsilə görüşlər keçirdiniz. O zaman bu görüşlərin müxalif çevrədə birlik yaratmaq istəyindən irəli gəldiyi düşünülürdü. Üstündən yarım ilə yaxın vaxt keçib: müxalifət çevrəsində yenə vahid mövqe yoxdur. Seçkilərdə iştirakla bağlı mövqelər bir-birindən kəskin fərqlənir, qarşılıqlı ittihamlar da öz yerində. Bu çevrədə hansısa dəyişikliklər görürsünüzmü, təəssüratlarınız necədir? Müxalifətin baxışlarında, gələcəyə yönəlik strategiyasında fərqli bir yanaşma varmı?
– Əvvəla, qeyd edim ki, mənim qeyd etdiyiniz görüşlərdə qarşıma qoyduğum məqsəd heç də müxalifəti birləşdirmək, vahid mövqedən çıxış imkanlarını səfərbər etmək deyildi. Bildiyiniz kimi, işimlə əlaqədar uzun müddət ölkədən kənarda oluram, birbaşa təmas imkanlarım məhduddur. Ona görə də Azərbaycanda olduğum dövrü bir fürsət kimi dəyərləndirdim. Düşündüm ki, hər bir partiyasının, ictimai-siyasi çəkisi olan şəxsin gələcək dövr üçün strategiyası ilə tanış olum, müəyyən fikir mübadiləsi aparım. Görüşlərim də yalnız müxalifət düşərgəsini təmsil edən partiya rəhbərləri ilə olmadı. Eyni zamanda, ictimai sektorda fəaliyyət göstərən aydınlarla, Azərbaycandakı xarici ölkə səfirləri, beynəlxalq təşkilatların yerli nümayəndələri ilə də görüşlər keçirdim. Yəni görüşlər çoxspektrli olmaqla ölkədəki siyasi vəziyyəti daha yaxından öyrənmək məqsədi daşıyırdı. Bu görüşlərin təşəbbüskarı da özüm idim. Təbii ki, kənarda olmaq ölkə həyatından tam məlumatsız qalmaq, heç bir ünsiyyətin, təmasın olmaması demək deyil. Müasir kommunikasiya imkanları şəraitində Azərbaycandan kənarda olmaqla da ölkə barəsində yetərincə informasiya əldə etmək olur. Sadəcə, bəzən elə suallar yaranır ki, onlara birbaşa hansısa partiya liderindən, hansısa beynəlxalq təşkilatdan birbaşa cavab almaq zərurəti yaranır. Mən də həmin görüşlərdə belə suallarıma cavab almağa çalışdım…
O görüşlərdən sonra nələrin dəyişməsinə gəlincə, düşünürəm ki, müxalifətin durumunda yaxşılığa doğru hansısa dəyişiklik yoxdur. Vahid mövqenin olmamasını təbii qarşılayıram, bunu gözləmirəm də. Amma müxalifət hansısa mərhələdə konsolidasiya olmuş fəaliyyət sərgiləmək imkanında da deyil. Bu seçki məsələsi isə müxalifəti iki qrupa bölüb – seçkilərə qatılanlar və qatılmayanlar. Fikrimcə, bu məsələdə də müxalifəti qınamaq doğru olmaz ki, niyə vahid mövqe sərgiləmirlər. Müxtəliflik olmalıdır, müxtəliflik həm də rəqabət və inkişaf üçün şərait yaradır. Amma istənilən halda Azərbaycanda mövcud vəziyyəti, siyasi münasibətləri, regiondakı durumu nəzərə alanda hesab edirəm ki, ümumi vəziyyət yayla müqayisədə heç də yaxşı deyil. Nə müxalifət üçün, nə hakimiyyət, nə də bütövlükdə Azərbaycan üçün.
– Nəyi nəzərdə tutursunuz?
– Məsələn, hesab edirəm ki, Qarabağ münaqişəsinin həlli məsələsində yayla müqayisədə mövqeyimiz daha da zəifləyib. Xüsusilə sentyabrda BMT-də, sonra “Valday”da gedən müzakirələri, daha sonra Lavrovun Ermənistana və Azərbaycana səfərlərinin yekununu müzakirə etdikdən sonra bu qənaətə gəlirəm. Ölkə daxilində əhalinin sosial-iqtisadi durumu yaya nisbətən pisləşib – baxmayaraq ki, hökumət sentyabrda minimum əmək haqqını, oktyabrda minimum pensiya məbləğini qaldırıb, bu addımların əhalinin sosial-iqtisadi durumuna ciddi müsbət təsiri olmayıb. Ölkədə mövcud qiymətlər, yaşam şərtlərinin dəyişməsi, bir tərəfdən də mövsümi amillər son nəticədə müşahidələrim əsasında bu qənaətə gəlməyə imkan verir ki, insanların durumu yayla müqayisədə yaxşılaşmayıb.
Regiondakı vəziyyət də bizim xeyrimizə olmayaraq dəyişib. Bir tərəfdən, ABŞ Türkiyəyə qarşı ünvanlı sanksiyaları gündəmə gətirib, bununla bağlı müəyyən qərarlar verilib, digər tərəfdən İranda əhalinin sosial-iqtisadi üsyanları və qonşu Gürcüstandakı hakimiyyət-əhali qarşıdurması. Bütün bunlar üç tərəfdən qonşularımızda xoş olmayan proseslərdir və bunların bizə də təsiri qaçılmazdır. Bu üç faktor yayla müqayisədə indiki halda həm ölkə daxilində, həm də regionda vəziyyətin yaxşıya doğru dəyişmədiyi qənaətinə gəlməyə imkan verir.
– Ölkədə kifayət qədər ciddi siyasi hadisələr baş verir: uzun illər siyasi hakimiyyətin əsası sayılan məmurlar vəzifələrindən alınır, yeni və gənc kadrlar vəzifələrə təyin olunur. Yəni illərdir hamının islahatlar qarşısında əsas maneə gördüyü məmurlar uzaqlaşdırılır. Siz bu dəyişikliklərdən nə gözləyirsiniz?
(Davamı növbəti sayımızda)
Dünya SAKİT,
“Yeni Müsavat”