“Qarabağ leksikonumuzdan “münaqişə” və “müzakirə” terminlərini çoxdan çıxmalıydıq!..

Əsas Manşet QARABAĞ
Spread the love
“Ölkə liderləri tarix müəllimi deyil – ortalıqda qəti iradə və qərar olmalıdır…”
“Torpağın işğalı müzakirə olunmur, ya müharibə yoluyla azad edirsən, ya da təslimçilik, kapitulyasiya…”
Münhendəki Qarabağ diskusiyası Ermənistan siyasi dairələri ilə fakt, məntiq, elm, tarix dilində danışmağın mənasızlığını bir daha ortaya qoydu…
Əslində bu, 1990-cı illərdən bəri təkid etdiyimiz bir gerçəyi yenə də xatırlatdı: Qarabağla bağlı siyasi leksikonumuzdan “müzakirə” və “münaqişə” terminlərini çoxdan çıxmalıydıq…
Çünki torpağımızın 20 faizinin nəzarətimizdən çıxarılması faktını konkret olaraq “Ermənistanın Azərbaycan torpaqlarını işğalı” adlandırmalıyıq. Biz buna “münaqişə” deməklə, həmin termin işlənən sənədləri imzalamaqla işğal altındakı torpaqlarımızın bizə mənsub olmasının mübahisəli olduğunu öz dilimizlə, əlimizlə “təsdiqləyirik”… Və bundan sonra müzakirələr başlayır və saqqız kimi uzanqıqca uzanır, hər tərəf öz arqumentini ortalığa qoyur, hüquqi, siyasi, elmi, tarixi… Özü də yaxşı bilirik ki, erməni həyasızlığının, çoxüzlülüyünün həddi-hüdudu yoxdur. Super güclər, ölkələr isə heç vaxt gerçəyi ortaya qoyaraq Azərbaycanı gerçəkdən müdafiə edən deyil…
Ölkə liderləri tarix müəllimləri deyil ki, elmi diskusiya apara, bunun ardınca da xalqlar bu deyişməni müzakirə edə və haqsız tərəf yenə də özünü haqlı, qalib saya… Və bu minvalla yenə vaxt gedə, zaman gedə…
Amma konkret olaraq BMT-nin və bütün dünya ölkələrinin tanıdığı hüquqi ərazimizin işğal faktını ortaya qoysaq, “Azərbaycan- Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” kimi lüzumsuz bir ifadəni işlətməsək və sadəcə, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını tələb etsək, bu halda heç bir müzakirəyə ehtiyac qalmır. Çünki torpağın işğalı müzakirə olunmur, ya müharibə yoluyla azad edirsən, ya da təslimçilik, kapitulyasiya aktı imzalanaraq birdəfəlik torpaqlarından imtina edirsən… Onsuz da 30 ilə yaxın bir nəticə alınmayan BMT-dən bundan sonra da heç bir fayda olmayacağı ortalıqdadır…
Müzakirə vaxtı deyil, cənablar, vaxtımız gedir, vaxtımız, ömrümüzdən gedir vaxt… Bu müzakirələr ömrümüzü çürütdü, məhv elədi axı…
Müzakirələrlə vaxtımızı öldürdükcə vaxt da bizləri öldürür, on minlərlə insan torpaqsız, yurdsuz, Qarabağsız, Xankəndisiz, Əsgəransız, Xocalısız, Şuşasız, Laçınsız, Xocavəndsiz, Kəlbəcərsiz, Ağdərəsiz, Ağdamsız, Füzulisiz, Cəbrayılsız, Qubadlısız, Zəngilansız dünyadan köçür… Heç bir müzakirə nə Qarabağı, nə də o torpaqların dünyadan köçən köklü sakinlərini geri qaytaran deyil…