
Qabil Hüseynli: “Nə Azərbaycan Fələstindir, nə də…”
“Qarabağa dair danışıqlar prosesində dönüş mümkündür və əvvəlkindən fərqlənəcək”
2020-ci il təkcə iranlı generalın qətli, təyyarə qəzası, koronovirus bəlası ilə başlamayıb, eləcə də Azərbaycanla bağlı maraqlı proseslər cərəyan edir. Bura Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış dinamika ələlxüsus daxildir:
Fransa prezidenti Emmanuel Makronun azərbaycanlı həmkarı İlham Əliyevə qəfil zəngi, paralel olaraq Cenevrədə XİN rəhbərlərinin 3 günlük görüşü, AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslar barədə qətnaməsi… Hətta Trampın Fələstinlə bağlı sülh planını açıqlaması bəzi analitiklərdə ehtimallar yaradıb ki, ABŞ liderinin Qarabağın həllinə dair də “yol xəritəsi” ola bilər.
Bütün bu aktual və gündəmdə olan məsələləri keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə dəyərləndirdik. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
– Qabil müəllim, Makronun Əliyevə zəngi Qarabağ danışıqlarında bir hərəkətlənmə yarada bilərmi?
– Fransanın ermənipərəst olmasına baxmayaraq, postsovet məkanındakı münaqişələri həll etmək barədə qəbul etdiyi qərardan bir qədər sonra Makronun prezident İlham Əliyevə zəng etməsi ciddi hadisədir. Buna qədər onsuz da mətbuatda belə fikirlər səslənirdi ki, yaza qədər Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olacaq. Ondan əvvəl isə Makron bildirmişdi ki, ermənilərlə dostluğumuza rəğmən, Qarabağ dünya tərəfindən Azərbaycanın ərazisi kimi qəbul olunur. Ona görə bu məsələlər beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır.
Hər halda Makronun fikirləri yetərincə diqqətçəkici sözlərdir. Yəni Fransa ilə Ermənistanın “böyük və kiçik qardaş” olduqlarını dünya ictimaiyyətinin nəzərinə çatdırmaqları ilə bərabər, rəsmi Paris Avropa Parlamentinin qərarına tabe olduğunu da nümayiş etdirir. Bundan öncə Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyü birmənalı dəstəklənirdisə, Avropa Birliyinin mövqeyində artıq Qarabağla da bağlı kəskin dönüş əmələ gəlib. Bunu əvvəlcə Avropa Şurası etmişdisə, indi Avropa Birliyi dilə gətirməkdədir. Bir neçə gün əvvəl Avropa Birliyinin mövqeyi də yazılı şəkildə KİV-ə çatdırıldı və qeyd olunurdu ki, bütün postsovet ölkələrində münaqişələr beynəlxalq hüquq normalarına uyğun olaraq həllini tapmalıdır. Belə desək, Qərb dövlətlərinin mövqeyində ədalətə doğru dönüş yarandığı müşahidə edilir. O baxımdan Makron da Avropa Birliyinin mövqeyini ifadə edərək prezident İlham Əliyevlə bu barədə danışıb.
“Qərbin postsovet məkanına birdən-birə ölçüyəgəlməz dərəcədə marağının artması diqqət çəkir” |
– Sizə elə gəlmir ki, Qərbin regiondakı münaqişələr, habelə Qarabağla bağlı bu cür fəallaşmasında Rusiya amili var?
– Tamamilə düzgün təsbitdir. Qərb dünənə qədər də münaqişələrin həllində beynəlxalq hüquq prinsiplərini qabardırdı. Amma son 4-5 ildə Azərbaycanla bağlı bəyanatlar olmurdu. Qərb yaxşı başa düşür ki, Rusiyanın gücü təkcə iqtisadiyyatı və hərbi qüvvəsi deyil, o cümlədən keçmiş sovet ölkələrindəki gücü ilə əlaqədardır. Rusiya özünü avtoritar tipli ölkələrlə əhatə edib, açıq demək lazımdır ki, onlardan istifadə edir, bir sıra hallarda həyati ehtiyatlarından yararlanaraq özünə qarşı sanksiyaları, basqıları zəiflədir. Bu mənada ABŞ dövlət katibi Pompeonun Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ukrayna daxil olmaqla 5+1 sammitinə hazırlaşması xüsusi vurğulanmalıdır.
Amerika anlayır ki, Rusiyanı tam sındırmaq üçün Orta Asiya üzərində hökmranlığını əlindən almaq lazımdır.
Bu mənada Pompeonun 5+1 formatı açıq-aşkar strategiyaya bənzəyir. Sözsüz ki, bu prosesin gedişində müqavimətlə rastlaşa bilər. Amma Amerika və Avropa Birliyinin postsovet məkanına birdən-birə ölçüyəgəlməz dərəcədə marağının artması diqqət çəkir. Bu, qlobal proseslərdə, geostrateji vəziyyətdə ciddi dəyişiklik ola biləcəyini gündəmə gətirir.
– Belə şəraitdə Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 3 gün çəkən görüşü münaqişənin həlli üçün hansı perspektiv vəd edir?
– Cenevrə görüşü əvvəlki görüşlərdən fərqləndi. Əvvəl erməni XİN rəhbəri havadan-sudan danışırdısa, bu dəfə münaqişə, onun həlli perspektivləri haqda müzakirə aparıldı. Üstəlik, Minsk Qrupu həmsədrlərinin müzakirələrə qarışması danışıqları predmetli elədi. Artıq erməni nazirin nazı ilə oynamırlar və görünür ki, sülh yaratma prosesinin əsas istiqamətləri müəyyənləşdirilib. Bu, onu göstərir ki, ermənilərə etməli olduqları beynəlxalq hüquq normaları, öhdəlikləri nəzərlərinə çatdırılıb. Onlara izah edilir ki, Ermənistan tərəfindən münaqişənin provokasion yolla uzadılması bumeranq effekti verə bilər. Paşinyanın çıxışı və Mnasakatyanın hərəkətləri də göstərir ki, danışıqlarda canlanma yaranıb. Tezliklə nazirlərin yenidən görüşməsi razılaşdırılıb. Deməli, danışıqlar prosesində müəyyən dönüş ola bilər və əvvəlkindən fərqlənəcək. Eyni zamanda ATƏT-in Minsk Qrupu Paşinyana təzyiqlər edir. Təzyiqlərin nəticəsidir ki, Paşinyan əvvəlkilərdən fərqlənən populist çıxışlarına bəraət qazandırmağa çalışır.
“AŞ PA-nın qətnaməsi seçkiqabağı təzyiq elementi ola bilər” |
Paşinyan indi ortaya atıb ki, Sərkisyanın dövründə 7 rayonun qaytarılması və Laçın dəhlizinin saxlanması razılığı olub. Guya ki, Qarabağın statusu məcburi köçkünlər qaytarıldıqdan sonra referendumla həll ediləcəkmiş. Həmçinin bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsini bəyan edir. Ad çəkilməsə də, Rusiyanın qüvvələri deyil, regiona qonşu olmayan ölkələrin sülhməramlı qüvvələrindən təşkil olunmalıdır. Paşinyan elektoratına müraciətlə deyir ki, guya Sərkisyan və komandası belə ciddi “güzəştlərə” gedib və siyasi manevr imkanları məhduddur. Paşinyan yenə siyasətçi kimi danışmır və dünyanın hansı qanunlarla idarə edildiyini nəzərə almadan erməni xislətinə uyğun çıxışlar edir, guya daha yaxşı həll variantı təklifi irəli sürür.
– Qabil müəllim, Trampın, Fələstin kimi, Qarabağla bağlı da sülh planı ola bilərmi?
– Trampın “Əsrin müqaviləsi” kimi təqdim edilən planı subyektiv fikirlərdən ibarət “xəritə”dir. Bu planın reallaşması mümkünsüzdür. Çünki Qüdsün İsrail paytaxtı elan edilməsi, hətta Fələstinin ərazilərinin müxtəlif anklavlar kimi təqdim olunması məntiqdən kənardır.
Sadəcə, Tramp gələcək seçkilərə hesablanmış addımlar atır, əndrəbadi Fələstin sülh planı hazırlayır. Ancaq inanmıram ki, bu planlar həyata keçəcək. Qarabağ məsələsinə gəlincə, Trampın münaqişənin həllinə qarışması mümkünsüz görünür. Dağlıq Qarabağla Avropa dövlətləri məşğuldur. Trampın könlündən sülh yaratmaq arzusu keçəcəyini gözləmirəm. Nə Azərbaycan Fələstindir, nə Avropa İsrail dövlətidir…
– Avropa demişkən, AŞ PA siyasi məhbuslarla bağlı qətnamə qəbul elədi. Sizcə, Azərbaycana seçkiqabağı təzyiq siyasətidir, yoxsa?
– Azərbaycana müəyyən təzyiq elementinin olduğunu istisna etmirəm. Lakin Avropa Şurası siyasi məhbus probleminin axıra qədər həllini istəyir. Azərbaycan bu istiqamətdə xeyli addımlar atıb, amma məsələnin həllini tam başa çatdırmayıb. Avropanın etimadını qazanmaq üçün böyük islahatları sona qədər həyata keçirmək lazımdır və siyasi məhbusları gündəmdən birdəfəlik çıxarmalıyıq.
– Amma dərhal azad edilməsi tələb olunan şəxslərin bir çoxu ötən ilin martında buraxılıb, AŞ köhnə siyahı ilə işləmişdi…
– Təəssüf ki, bu cür hallar var. Siyasi məhbuslarla bağlı müxtəlif hüquq müdafiəçilərinin fərqli siyahıları mövcuddur. Bu da çaşqınlıq yaradır. Hadisələri yerində öyrənmədən təşkilatların siyahılarına etibar edirlər. Yaxşı olardı ki, Avropa Şurası öz insan haqları üzrə komissarlarının fəaliyyətini nəzərə alsın, onlara istinad etsin.
– Bəs Avropa İttifaqı ilə imzalanması gözlənilən ikitərəfli sazişin bu qədər yubanmasının səbəbini nədə görürsünüz? Siyasi islahatlar Aİ-ni qane etmir, yoxsa tərəflər hansısa məsələləri razılaşdıra bilmirlər?
“Avropa Birliyinin mövqeyində artıq Qarabağla bağlı kəskin dönüş əmələ gəlib” |