“QƏTİYYƏTLİ TÜRKİYƏ GÜC NÜMAYİŞ ETDİRİR…” – “Cənab Əliyev çox ağıllı insandır, ruslarla necə davranmağı yaxşı bilir”

Əsas Manşet SİYASƏT
Spread the love

“The Wall Street Journal”: “Ermənistan ordusunun Azərbaycan tərəfindən darmadağın edilməsinə Moskvanın biganə qalacağını təsəvvür etmək çətin idi”

Cənubi Qafqaz regionu Avrasiya materikinin ən mühüm geostrateji kəsişmə nöqtəsində yerləşdiyindən, bu ərazilər bütün tarix boyu gərgin hadisələrin cərəyan etdiyi məkan olub. Burada iri dövlətlərin maraqları hər zaman toqquşub. Ona görə də Azərbaycan bir dövlət kimi məcburdur ki, tədbirli, səbrli və düşünülmüş siyasət yürütsün.

Qarabağ müharibəsinin böyük dövlətlər arasında davam edən geostrateji mücadilədəki yeri və eyni zamanda da Azərbaycanın və Türkiyənin göstərdiyi siyasi manevr qabiliyyətinə beynəlxalq mətbuat geniş yer ayırır. Bu mövzuyla bağlı yazılardan biri də ABŞ-ın “The Wall Street Journal” qəzetində dərc olunub. “AzPolitika.info” “Qətiyyətli Türkiyə güc nümayiş etdirir və Rusiya öz təsir sferasına aid regiona daxil olur” başlıqlı həmin məqalənin tərcüməsini təqdim edir:

“Türkiyənin Azərbaycana göstərdiyi hərbi dəstək Rusiya prezidenti Vladimir Putinin söylədiyi kimi, elə bir reallıqdır ki, Kreml bununla hesablaşmaya bilməz. Türkiyənin Qafqazdakı missiyasına toxunan Putin Rusiya televiziya kanalına müsahibəsində deyib: “Mən Sizə nə deyə bilərəm? Bu, Sovet İttifaqının dağılmasının geosiyasi nəticəsidir”.

 

 

Kremlin ənənəvi olaraq özünün təsir sferası saydığı ərazilərə Türkiyənin müdaxiləsi, Rəcəb Tayyib Ərdoğanın NATO üzvü olan Türkiyəni Avropa və Asiya arasındakı kəsişmə məkanında güclü oyunçuya çevirmək istəyinin təzahürüdür.

Türkiyə Azərbaycanın erməni qoşunları üzərində qələbə qazanmasında həlledici rol oynadı. Ərdoğan Azərbaycanda keçirilən hərbi qələbə paradının fəxri qonağıydı. Həmin paradda işğal edilmiş Dağlıq Qarabağ ərazisinin geri qaytarılması əməliyyatını uğurla başa vurmuş Azərbaycan ordusuna dəstək verən Türkiyənin zərbə PUA-ları da nümayiş etdirildi.

Azərbaycan prezidenti İlham Əliyev paraddakı nitqində deyib: ”Vətən müharibəsinin elə ilk günlərindən, daha doğrusu ilk saatlarında biz Türkiyənin dəstəyini hiss etdik”.

Türkiyəli analitiklərin sözlərinə görə, Rusiya regionda aparıcı güc olaraq qalır və bu yaxınlardakı hadisələr, yəni iki min rusiyalı hərbiçinin atəşkəs razılaşması çərçivəsində Azərbaycan ərazisinə yerləşdirilməsi bu statusu daha da möhkəmləndirir.

Analitiklər onu da deyirlər ki, ola bilər Putin Ankaraya Qafqazda nüfuzlu oyunçu olmağa imkan verib və buradakı məqsəd Türkiyə ilə digər NATO üzvləri arasında fikir ayrılığını dərinləşdirməkdir. Onların fikrinə görə, hələ bir neçə ay bundan qabaq Rusiyanın silah və hərbi texnika ilə təchiz etdiyi Ermənistan ordusunun Türkiyənin dəstəyilə Azərbaycan ordusu tərəfindən darmadağın edilməsinə Moskvanın biganə qalacağını təsəvvür etmək çətin idi.

Ekspertlər deyirlər ki, Rusiya Türkiyənin bəzi tələblərini yerinə yetirməyə məcbur olub. Bu tələblərdən biri də Ermənistandan keçəcək 50 kilometrilk dəhliz vasitəsilə Azərbaycanın öz ekslavı Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsidir. Bu dəhliz Ankara ilə Bakı arasında birbaşa avtomobil daşımalarını həyata keçirməyə imkan verəcək.

 

 

İstanbuldakı “Mərmərə Universiteti”nin beynəlxalq münasibətlər üzrə professoru Behlul Ozkan deyib: “Bu, Türkiyə üçün böyük qələbədir və həm də Türkiyənin xarici siyasətinin son beş-altı ildəki bəlkə də yeganə qələbəsidir. Maraqlıdır ki, Türkiyənın Qafqaza yanaşmasında neoosmanizm və ya panislamizm rəngləri yoxdur. Qafqazlarda tam praqmatik və dəqiq hesablanmış yanaşma var”.

1991-ci ildə SSRİ dağılanda Türkiyə qəflətən yaranmış vakkumdan istifadə edərək, hamını birləşdirəcək islam dini və ümumi etnik irsə söykənməklə Azərbaycan və Orta Asiyadakı yeni müstəqil dövlətlərlə dərin əlaqələr yaratmağa çalışdı. Lakin Kreml keçmiş sovet respublikalarının artan istəklərinə qarşı müyyən “qırmızı xətt” siyasəti yürütdü.

1993-cü ildə Türkiyə Azərbaycanı dəstəklədiyi üçün Ermənistanla sərhədlərini bağlı saxladı və çox ehtiyatlı taktika seçdi. Moskvanı qıcıqlandırmamaq şərtilə Bakı ilə münasibətlərini dərinləşdirdi. Türkiyə həmçinin tədricən Azərbaycan hərbçilərinə və əsgərlərinə təlim keçməyə başladı.

Bununla yanaşı, Ərdoğanın daha sərt siyasəti risk də daşıyır. Çünki Putin görəndə ki, Rusiyanın keçmiş Sovet respublikaları üzərindəki təsiri təhlükə altına düşür, onda o, tərəddüd etmədən silahlı müdaxiləyə baş vurur. Lakin SSRİ üçün diplomatlar hazırlayan Moskvanın nüfuzlu Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan İlham Əliyev kompromis yollar axtarışında manevrlər edərək Türkiyədən keçəcək qaz kəmərinin tikintisinə başlasa da, Azərbaycanın enerji sektorunda Rusiya investorları üçün də lazımı şərait yaradıb. Moskvadakı ticarət nümayəndəliyində işləyən Aydın Sezer bununla bağlı deyib: ”Cənab Əliyev çox ağıllı insandır. O, ruslarla necə davranmağı yaxşı bilir”.

Kifayət qədər neft dolları olan Azərbaycan Türkiyə, İsrail və Ukraynanın dəstəyindən istifadə edərək, ermənilərin Dağlıq Qarabağ ətrafında qurduqları istehkam səngərlərini aşıb keçə biləcək güclü ordu yarada bildi. Maltəpə Univesitetinin Beynəlxalq münasibətlər kafedarasının professoru Həsən Ünal məsələni belə şərh edib: ”Azərbaycan səbrlə əlverişli fürsəti gözlədi”.

Ermənistanın müdafiə naziri David Tonoyanın Dağlıq Qarabağda sakit oturmaq əvəzinə, ölkəsinin hücuma keçərək yeni müharibədə yeni torpaqlar əldə etmək barədə səsləndirdiyi bəyanat Azərbaycan üçün əlverişli fürsət yaratdı. Belə ki, 27 sentyabrda Ermənistan və Azərbaycan orduları arasında atışma baş verdi. Bakı David Tonoyanın aqressiv mövqeyini göstərərək, bu əraziləri geri almaq üçün geniş miqyaslı hücuma başladı. Bu müharibə Türkiyəyə öz PUA-larının nə dərəcədə effektiv olduğunu nümayiş etdirməyə imkan verdi.

Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında bağlanmış sülh müqaviləsindən sonra isə Paşinyan bildirdi ki, döyüşlərin davam etdirilməsi Ermənistanı fəlakətə sürükləyəcəkdi.

 

 

Bakıdakı qələbə paradından sonra Azərbaycan və Türkiyə prezidentlərinin keçirdikləri müştərək mətbuat konfransında Ərdoğan söylədi ki, əgər Ermənstan regionda sülhün yaranması üçün lazımi addımlar atarsa, onda bu ölkə ilə sərhədlərin açılması mümkündür. Türkiyə prezidenti bildirib: “Biz erməni xalqına qarşı nifrət bəsləmirik, bizim onlarla problemimiz yoxdur, problem Ermənistan hakimiyyətilədir…””

 

“Dünyanınsəsi.info