Qərb Rusiyanın “qanını” qaşıq-qaşıq içir – sanksiyaların uzanmasının nəticəsi olacaqmı…

Manşet MÜSAHİBƏ
Spread the love

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə uzadıb, amma hələlik ayaqda dayana bilir; Qabil Hüseynli: “İlin sonuna qədər Rusiyada ümumdaxili məhsul 14 faizdən çox azalacaq”

Rusiyaya tətbiq edilən sanksiyalar onu ciddi silkələsə də, görünən budur ki, hələlik ayaqda dayana, hətta müqavimət göstərə bilir. “Yeni Müsavat” yazır ki, indiyədək tətbiq olunan sanksiyalar gözlənilən effekti verməsə də, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə uzadıb. Bu barədə məlumat qurumun rəsmi jurnalında dərc olunub.

Bununla Qərb Rusiyanı daim sanksiya altında saxlamağa çalışır və hesablayır ki, uzunmüddətli təzyiqlərə tab gətirə bilməyəcəklər, getdikcə zəifləyəcəklər. Yəni kollektiv Qərb Rusiyanın qanını qaşıq-qaşıq içir. “Avropa İttifaqı Şurası Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin pozulmasına görə  Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin 2023-cü il martın 15-dək uzadılması barədə qərar qəbul edib”, – sənəddə deyilir.

Bir maraqlı məqam isə odur ki, sanksiya siyahısından 3 rusiyalının – Vladimir Jirinovskinin (öldüyü üçün), Mixail Fridmanın həyat yoldaşı Olqa Aizimanın və Alişer Usmanovun bacısı Saodat Nərziyevanın adları çıxarılıb. Eləcə də bu günlərdə ABŞ-a viza qadağası qoyulanlar sırasından XİN başçısı Sergey Lavrovun və onun sözçüsü M.Zaxarovanın adı çıxarılıb.  O halda sanksiyalar bu günədək konkret hansı hədəflərə çatmağa imkan verib? Viza qadağalarının götürülməsi nə cür izah edilir? Rusiya MOİK-inin Direktorlar Şurasının rəhbəri Maksim Oreşkin ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı deyib ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları qüvvədə qalacaq, indi onları yüngülləşdirməyin vaxtı deyil. Qərbin cəza siyasətindən danışan İran prezidenti isə deyib ki, Rusiyaya qarşı sanksiyaları qəbul etmirik və birgə bu vəziyyətdən çıxacağıq. Hazırda Rusiya Çin, Hindistan, İran və ümumən Asiya ilə iqtisadi əlaqələrini artırır ki, Qərbdən olan hücumları kompensasiya etsin.

Rusiya Prezidenti Vladimir Putin ölkələri öz siyasətlərində “iqtisadi eqoizm” və qeyri-qanuni sanksiyalardan istifadəni dayandırmağa çağırıb. Putin bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) geniş tərkibdə keçirilən sammitində çıxışı zamanı deyib. “Bizim birliyimiz qeyri-blok xarakterlidir, biz dünyanın aparıcı iqtisadiyyatlarında maliyyə və energetika sahəsində bir sıra sistemli səhvlər nəticəsində yaranan dünyada artan enerji və ərzaq problemlərinin həllinə yardım edirik”, – deyə Rusiya Prezidenti vurğulayıb. Putin Rusiyanın siyasətində heç bir “eqoizm” olmadığını vurğulayıb: “Ümid edirik ki, iqtisadi əməkdaşlığın digər iştirakçıları da öz siyasətlərini eyni prinsiplər üzərində quracaqlar və proteksionizm, qeyri-qanuni sanksiyalar və iqtisadi eqoizm alətlərindən öz məqsədləri üçün istifadə etməyi dayandıracaqlar”.

Rusiya Prezidenti dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklərin baş verdiyini qeyd edib: “Dünya siyasətində və iqtisadiyyatında fundamental transformasiyalar formalaşıb və onlar geri dönüşü olmayan xarakter daşıyır”.

Hər şey qaydasındadır, yaxşıyam" -

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, sanksiyalar nəticə verməkdədir: “Bu ilin sonuna qədər Rusiyada ümumdaxili məhsul 14 faizdən çox azalacaq. İstehsalın elə sahələri var ki, onlar tamamilə dayanıblar. Artıq sayları hər gün artmaqda olan işsizlər ordusu yaranıb. Bu ilin sonunadək iqtisadi vəziyyətin daha da ağırlaşacağı gözlənilir, ilkin depressiya əlamətləri üzə çıxacaq. Bura əlavə etsək ki, Rusiyanın bir sıra bankları sıradan çıxıb, o halda işsizlərin sayının 14 milyon artacağı proqnoz edilir. Üstəlik, ölkənin valyuta gəlirləri də yarıbayarı azalıb. İlin axırına qədər valyuta ehtiyatları minimum həddə düşə bilər. Buraya cəbhədəki məğlubiyyətləri də əlavə etsək, vəziyyətin daha dramatik olduğu üzə çıxa bilər. Çünki Rusiya müharibəyə böyük pullar xərcləyir, amma ordusu Ukraynada istədiyi nəticəni əldə edə bilmir və 7 aydır ki, bataqlıqdadır”.

Dünyanınsəsi.Az