PUTİN ÜÇÜN NAVALNI TƏHLÜKƏSİ… – “Navalnını Moskvaya yollayanlar onu bilavasitə həbsxanaya hazırlayıblar”

Manşet SİYASƏT
Spread the love

“Navalnı nə zaman hərəkətə keçməyin lazım olduğunu yaxşı hiss edir”

Vladimir Putin hakimiyyətinə əsas müxalif şəxs sayılan Aleksey Navalnının Almaniyadan Moskvaya qayıtması və aeroportda həbs olunması nəinki Rusiyada, beynəlxalq arenada da böyük əks-səda doğurdu. Məlum olduğu kimi, artıq neçə ildir Navalnı iri çaplı məmurların və prezidentin yaxın dostlarının korrupsiya əməlləri barədə ifşaedici filmlər hazırlayır.

Onun sonuncu filmi isə birbaşa Vladimir Putini hədəf alıb. Bu da mübarizənin yeni və daha sərt müstəvidə aparılacağından xəbər verir. Xəbər verildiyi kimi, 23 yanvarda keçirilən aksiyalardan sonra artıq yanvarın 31-nə yeni mitinqlər təyin olunub.

Rusiyada Aleksey Navalnıyla bağlı cərəyan edən hadisələr dünya mediasının da gündəmindədir. Məsələn, mövzuyla əlaqədar Xorvatiyanın “Advance” saytı “Navalnı bu dəfə Putinə ciddi təhlükə törədə bilərmi?” başlqlı maraqlı məqalə dərc edib.

“AzPolitika.info”-nun tərcümə etdiyi həmin məqalədə deyilir: “23 yanvarda Rusiyanın bir çox böyük şəhərlərində müxalifətçi Aleksey Navalnının həbsinə qarşı iri miqyaslı etiraz aksiyaları keçirildi. Həqiqətən bu mitinqlər son illərin ən möhtəşəm anti-hökumət nümayişləri oldu. “Reuters” agentliyinin gəldiyi qənaətə görə, təkcə Moskvadakı etiraz mitinqinə 40 mindən çox adam toplaşmışdı.

Ümumiyyətlə, necə oldu ki, belə vəziyyət yarandı? Aleksey Navalnı hadisələrin məhz bu cür ssenariylə gedəcəyini aydın görürdü və elə ona görə də Vladimir Putinin 20 illik hakimiyyətindən narazı olanları küçəyə çıxmağa çağıran videoçarx yayımladı.

 

 

Bəli, artıq 20 ildir hakimiyyətdə qalan Vladimir Putin həm prezident, həm də baş nazir rolunda çıxış edib. Və on ildən çoxdur ki, Navalnı aktiv şəkildə onu hakimiyyətdən yıxmağa çalışır. Ötən illər ərzindən Navalnı keçmiş baş nazir Dmitri Medvedyev daxil olmaqla, demək olar ki, bütün tanınmış siyasətçilərin “üstünə yeriyib”. İndi isə növbə Putinə çatıb.

Rusiya hakimiyyəti uzun müddət ərzində bəzən Navalnıya əhəmiyyət verməyib, bəzən də onun özünü korrupsiyada, daha doğrusu maliyyə fırıldağında ittiham edib. Aleksey Navalnının siyasi fəaliyyətindəki başlıca məqsəd korrupsiya ilə mübarizə olub, Rusiyada isə korrupsiya tüğyan edir. Navalnı öz mübarizəsini geosiyasi arenada iri miqyaslı çəkişmələrin getdiyi bir şəraitdə aparıb. Məsələ ondadır ki, Rusiya ilə Qərb arasındakı mübarizə ilbəil daha da amansızlaşır.

Bəllidir ki, Qərbdə Navalnıya mühüm oyunçu kimi baxırlar. Onlar hesab edirlər ki, Navalnı Kremlin kartlarını qarışdıra bilər, bu isə ümumi yekunda Vladimir Putini devirəcək üsyana gətirib çıxaracaq. Lakin əslində, Navalnı Rusiyada heç zaman Qərbin təqdim etdiyi kimi populyar lider olmayıb. Navalnı sadəcə, inadkarlıq göstərib. Onu bir neçə dəfə həbsə atıblar, keçən il isə zəhərləyiblər. Komaya düşən Navalnını tezliklə müalicə üçün Almaniyaya apardılar. Almaniyadakı hərbi labaratoriyadan bildirdilər ki, rusiaylı müxalifətçini “Noviçok” adlanan maddəylə zəhərləyiblər.

 

 

Baş verən bu hadisədən sonra Aleksey Navalnının Rusiyada populyarlığının artmasını iddia etmək olarmı? Əlbəttə! Hazırda Navalnı böyük inadkarlıqla aktiv fəaliyyət göstərir. O, deyir ki, insanlar küçəyə onun üçün yox, öz gələcəkləri naminə çıxmalıdırlar. Sözsüz ki, onun çağırışları xalqda müəyyən fikir oyadır.

Navalnı həbs olunmamışdan öncə apardığı təhqiqatın nəticələrini paylaşdı. “Youtube” kanalında yerləşdirilən video materialda iddia olunur ki, Rusiya Prezidenti Vladimir Putin oğurlanmış dövlət pulları hesabına Krasnodar diyarındakı “Gəlincik” şəhəri yaxınlığında böyük saray tikdirib. Burada söhbət Monako knyazlığının sahəsindən 39 dəfə böyük olan ərazidəki tikililərdən gedir.

Həmin saray kompleksinin 1,35 milyard dollara başa gəldiyi deyilir. Filmdə həmçinin, Putinin məşuqələrinə toxunan detallara da yer verilib. Filmin müəllifinin kimliyini nəzərə alsaq, burada deyilənlərin nə dərəcədə həqiqət olduğunu söyləmək çətindir. Lakin bu film iki gün ərzində 20 milyon izləyici toplayıb(Hazırda izləyicilərin sayı 100 milyona çatıb). Başqa sözlə, Navalnının ixtiyarındakı güc, bax, budur.

 

 

Rusiya korrupsiya girdabındadır, Navalnı isə bunu bir daha yada salan şəxs rolunu oynayır. Sözsüz ki, o, həm də Qərbin ümid bəslədiyi kimi Vladimir Putinin mövqeyini laxlada biləcək müxalifətçi rolunda çıxış edir. Əlbəttə, bu mitinqlər “Putin-oğrudur!” şüarının səsləndiyi ilk etirazlar deyil. Amma bu etiraz yürüşləri çox maraqlı bir vaxtda başalyıb. Navalnı tərəfdarlarının Rusiyadakı anti-hökumət nümayişləri ABŞ-da hakimiyyət transferindən dərhal sonra başlayıb. Daha dəqiq ifadəylə desək, elə anlar olur ki, böyük staja malik müəyyən güclər qəflətən oyanırlar. Heç şübhə yoxdur ki, Aleksey Navalnı da onlardan biridir və o, nə zaman hərəkətə keçməyin lazım olduğunu yaxşı hiss edir.

Aydındır ki, Navalnının Almaniyadan Rusiyaya nə zaman qayıtmaqla bağlı seçim imkanı vardı və heç kim onu tələsdirmirdi. Və o, qayıtmaq üçün ən gərgin anı seçdi.

Bu gün Navalnı Putin üçün böyük problemdirmi? Əlbəttə! İndi insanlar soyuq havada küçəyə axışırlar. Rusiyanın 70-dən çox şəhərində etiraz yürüşləri keçirilib. Bu, az deyil!

Navalnı Putinə ciddi təhlükə yarada bilərmi? Çətin. Çünki, Putinin dəbdəbəli villalları barəsində söhbət çoxdandır ki, gedir. Bu mövzudakı növbəti reportaj Rusiyada dönüş anı olmayacaq.

Ancaq hər halda, fakt odur ki, Navalnı duruş gətirə bilir. O, öz missiyasını taleyüklü hesab edir və bunun naminə həyatını riskə atır. Axı, biz Rusiya barəsində danışırıq. Hazırda o, həbsxanadadır. Elə bu səbəbdən də Navalnı xüsusi xəbərdarlıq edərək bildirib ki, o, özünə qəsd etmək fikrində deyil“.

Türkiyənin “Cumhuriyyet” qəzeti də bu mövzuya toxunub. Qəzet “Navalnının həbsinə qarşı etiraz nümayişləri davam edərəkən, Putinin sarayı ilə bağlı iddia vəziyyəti daha da gərginləşdirdi” başlıqlı məqləsində Rusiyadakı iqtisadi vəziyyətin ağırlığına xüsusi diqqət yetirilir: “Rusiyada kütlələrin narazılığının birinci səbəb ölkədə uzun müddətdir ki, davam edən və epidemiya ilə daha da dərinləşən iqisadi durğunluqdan qaynaqlanır.

Rusiyanın 2014-cü ildə Ukraynaya müdaxiləsi və Krımı ilhaq etməsi beynəlxalq cəmiyyətdə kəskin etiraz reaksiyası doğursa da, Rusiyada Putinin reytinqi rekord səviyyəyə qalxmışdı. Bunun ardınca Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi xalq kütləsini Putinə daha möhkəm bağladı. Ancaq bu hadisələrin üstündən altı il vaxt ötüb və sonuncu nümayişlər “Krımın təsirinin” xeyli zəiflədiyini göstərdi.

İkincisi, iqtisadi çətinliklərlə yanaşı, son zamanlar bu ölkədə regionlarla mərkəz arasında münasibətlərdə problemlər baş qaldırır. Bunun ən konkret nümunəsi keçən il ölkənin şərqində yerləşən Xabarovsk diyarının seçilimiş qubernatorunun yerinə Kremlin başqa birisini təyin etməsinə qarşı baş qaldıran etiraz aksiyasıdır.

Üçüncüsü, Rusiya cəmiyyətinin əksər hissəsi 1990-cı illəri yada salaraq, Putini ölkəni iqtisadi və sosial çöküşdən qurtarmış lider hesab edir. Amma bu gün 25 yaşındakı rusiyalı 90-cı illəri xatırlamır və “dəyişiklik” arzusunun gerçəkləşməsini istəyir. Bu, həmçinin böyük şəhərlədə yaşayanlara və xarici ölkələrlə sıx əlaqəsi olanlara da aiddir. Ona görə də Navalnı tərfdarlarının əksəriyyəti 90-cı illəri xatırlamayan gənclər və böyük şəhərlərin sakinləridir.

Beləliklə, ”Rus xalqı Putinə qarşıdır” tezisi həqiqətə uyğun gəlimir. Lakin onu da demək lazımdır ki, cəmiyyətin dinamik təbəqəsi etrazlarda iştirak edir. Daha bir mühüm məsələ ABŞ-ın təsiridir. Kremlə yaxın olan dairələr deyirlər ki, Navalnını ABŞ qızışdırır, çünki bu adam onların layihəsidir. Onlar bildirirlər ki, Baydenin təzəcə hakimiyyətə gəlməsilə Rusiyada dərhal etirazların başlaması faktına xüsusi diqqət yetirilməlidir.”

 

 

Serbiyanın “Politika” qəzeti isə “Navalnının həbsdə olması kimə sərf edir?” başlıqlı məqaləsində Aleksey Navalının həbsdə qalmasının kimlərəsə faydalı olacağı məsələsinə toxunur: ”Navalnının müxalifətçi stajının az olmamasını nəzərə alsaq, onun apardığı mücadilə mexanizminin heç də istənilən kimi işləmədiyini söyləmək olar. Belə ki, ya tikə çox böyükdür, ya da ki, Putin hakimiyyətini “udacaq ağız” çox kiçikdir. Həm Navalnının həbsi, həm də “zəhərlənməsi” onun əlaqədə olduğu (Bunu Rusiya hakimiyyət nümayəndələri söyləyir) xarici xüsusi xidmət orqanlarına sərf edir.

Çox güman ki, Navalnını Moskvaya yollayanlar onu bilavasitə həbsxanaya “hazırlayıblar”. Hakimiyyət Navalnını həbs etməklə, onu həm də seçkilərdə iştirakdan məhrum edib. Bundan əvvəl isə Navalnı tərəfdarlarının mütəmadi həbs edilməsilə onun Moskva küçələrini idarə etmək potensialını söndürüblər. Digər yandan, Navalnı öncəki müxalifətçilər kimi xarizmaya sahib deyil. İndi aydındır ki, bəzi keçmiş sovet respublikalarında həyata keçirilmiş rəngli inqliablar nəticəsində baş vermiş hakimiyyət dəyişikliyi ssenarisi Moskvada işləmir.

Keçən il müxalifət regional seçkilərdə müəyyən uğurlar qazanmışdı. Bu ilki Duma seçkilərində kimsə Putinin siyasi sonunu görmək istəyirsə, onda onlar üçün Navalnının həbsxanada və ya xəstəxana çarpayısında qalması daha faydalıdır”