Putin həşiş qaçaqmalçısı yəhudi qızı əfv edib, əvəzində Rusiya üçün Qüdsdə tarixi məkanı alıb

DÜNYA Manşet
Spread the love
Rusiya Federasiyası prezidenti Vladimir Putin ölkəsində həşiş qaçaqmalçılığını həyata keçirən israilli qadın Naam İssaharı əfv edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 25 yaşlı İsrail vətəndaşının azad olunması üçün baş nazir Benyamin Netanyahu və prezident Reuven Rivlin xahiş edib.
“The Times of İsrael” qəzetinin yazıdğına görə, N.İssahar baş nazir Benyamin Netanyahunun Vaşinqtondan sonra birbaşa Moskvaya gəldiyi zaman azad olunacaq. Burada B.Netanyahunun Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın açıqladığı Yaxın Şərq üzrə yeni planını müzakirə edəcəyi gözlənilir. Görüş sabah Kremldə baş tutmalıdır.
İsraildəki qeyri-rəsmi mənbələr Moskvanın öncə N.İssaharın azad olunması müqabilində yəhudi dövlətində tutulan rus haker Aleksey Burkovla mübadiləyə ümid etdiyini yazır. Lakin məlum olduğu kimi, Aleksey Burkov artıq ABŞ-a ekstradisiya olunub.
İsrailin “Maariv” portalının xəbərinə görə, Rusiya İsrail vətəndaşını əfv etməklə Qüdsdəki tarixi “Aleksandrovski evi”ni yenidən qazanıb.
Xatırladaq ki, Naam İssahar ötən ilin oktyabr ayında Moskva vilayəti məhkəməsi tərəfindən narkotik qaçaqmalçılğı üstündə 7 il azadlıqdan məhrum edilib. N.İssahar əslində Hindistanın Nyu-Deli şəhərindən Tel Əvivə uçurmuş. Lakin bunun üçün o, Moskvadan tranzit etməli olub. Şeremetyevo hava limanında yaxalanan İsrail vətəndaşının üzərindən rus gömrükçüləri 9,6 qram həşiş aşkar edərək götürüblər.