Prezidentin təltif etdiyi Goranboy sakinlərinə orden və medal təqdim edilib. APA TV-nin yerli bürosunun məlumatına görə, Goranboy şəhərində keçirilən təqdimat mərasimində şəhər İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin rəsmiləri, veteran döyüşçülər, Qarabağ qaziləri və digər ictimaiyyət fəalları iştirak edib. Tədbirdə Prezident İlham Əliyevin sərəncamı ilə vətən qarşısındakı xidmətlərinə görə təltif olunan və hazırda ehtiyatda olan hərbi qulluqçulara orden və medallar təqdim olunub. Mərasimdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və polkovnik Abdulla Qurbani goranboyluların Qarabağ döyüşlərində göstərdiyi xidmətlərdən söhbət açıb, Vətən qarşısında xidmətləri olan döyüşçülərin daim dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Daha sonra Telman Orucova “Azərbaycan Bayrağı” ordeni, Milli Qəhrəman Maşallah Abdullayevə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olunub. Qeyd edək ki, Goranboyun 9 Milli Qəhrəmanı var. Hazırda onlardan 2 nəfəri – Maşallah Abdullayev və Məhəmməd Həsənov sağdır, 7 nəfər isə dünyasını dəyişib.