Politoloqlar nazir Bayramovdan niyə narazıdırlar -TƏFƏRRÜAT

Manşet MÜSAHİBƏ
Spread the love

Ermənistanın Qarabağa gizli yollarla silahlı dəstələr göndərməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanat politoloqlar tərəfindən “dişsiz” bəyanat kimi qəbul edilib.

Tanınmış politoloq Elxan Mehdiyev XİN-ın son bəyanatını sərt tənqid edib.(mənbə “Turan”)

Politoloq hesab edir ki, bu bəyanat Azərbaycanın indiki zamandakı nə gücünə, nə iradəsinə və nə də qətiyyətinə uyğun mövqe deyil: “Yenidən hansısa beynəlxalq təşkilata yalvarır ki, erməni əsgərlərinin Azərbaycana gəlməsini əngəlləyin. 28 ildə beynəlxalq təşkilatlar ermənilərin hansı hərəkətini əngəlləyib və ya onlara etiraz edib?!

Elxan Mehdiyev: Həmsədrlər vəziyyətin bu cür saxlanması üzərində çalışır -  Meydan.TV

Elxan Mehdiyev: “Prezidentin çıxışlarına Xarici İşlər Nazirliyi heç qulaq asmırmı?!” 

Baxın, şəhər və kəndlərimiz onların gözünün qarşısında yer üzündən silinib. Hansı beynəlxalq təşkilat bu hala öz səsini çıxarıb?  Heç biri. Bu təşkilatların bizə qarşı alçaq mövqeyini davamlı izah edən Prezidentin çıxışlarına Xarici İşlər Nazirliyi heç qulaq asmırmı?!”

Politoloqun iddiasına görə, XİN Ermənistanın 10 noyabr bəyanatının müddəalarını tamamən  pozduğunu və bunun məsuliyyətini ağır şəkildə ödəyəcəyini bildirməli idi.

Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Prezidentin sürəti ilə ayaqlaşa bilmir. Müharibə günlərində olduğu kimi, Ermənistanla informasiya müharibəsinin yükü yenə dövlət başçısının  üzərindədir: “Dövlət başçısı Azərbaycana gələn jurnalistləri qəbul edib 4 saat onların suallarına cavab verdi. Prezidentin cavabları bu günə qədər xarici ölkələrdə yayımlanır, Ermənistanın özündə də müzakirə edilir. Əslində bu prosesdə xarici işlər naziri Ceyhun Bayramov da fəal iştirak etməlidir. Nazirin vəzifəsi yalnız səfirləri qəbul edib və xarici ölkələrə səfər etmək deyil. Xarici işlər naziri tez-tez açıqlamalar verib aktual məsələlərə aydınlıq gətirməli, dostlara və düşmənlərə gərəkli mesaj göndərməlidir. Ancaq açığı deyim ki, nazir Ceyhun Baryamovun elə bir açıqlaması yadımda qalmayıb ki, o gündəm yaratsın. Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu az qala hər gün açıqlama və müsahibə verir. Bu belə də olmalıdır. Ermənistanın xarici işlər naziri hər gün ağzına gələni danışır, təxribat xarakterlı açıqlamalar verir, biz də bunu müzakirə etmək məcburiyyətindəyik. Bunun qarşısının alınmasının yolu Ceyhun Bayramovun verəcəyi açıqlamalardır. Bizim də nazirin verdiyi açıqlamalar Ermənistanda müzakirə edilməlidir. Bütün məsələləri mətbuat katibinə yükləmək düzgün deyil. Keçmiş nazir Elmar Məmmədyarov da belə ”çalışırdı”. Fransanın keçmiş xarici işlər naziri Kuşner İrəvanda oldu, oradan qanunsuz olaraq Xankəndinə keçdi. Əlbəttə, buna görə biz rusiyalı hərbçiləri tənqid edə bilərik. Ancaq elə etmək olmazdımı ki, Azərbaycan XİN qabaqlayıcı addım atardı və Kuşnerin Xankəndinə qanunsuz gəlişinə mane olardı və ya elə edərdi ki, Fransanın xarici işlər naziri Bakıya da gəlib həqiqətləri dinləyərdi”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır" »  Azərbaycanın xəbər portalı - NEWS24.AZ

Elxan Şahinoğlu: “Xarici İşlər Nazirliyi Prezidentin sürəti ilə ayaqlaşa bilmir”

Politoloq onu da dedi ki, Azərbaycan Prezidenti Ceyhun Bayramovu nazir təyin edərkən onun qarşısında mühüm vəzifələr qoymuşdu: “Birincisi, XİN-də struktur dəyişiklikləri həyata keçirilməli, səfirliklər fəaliyyətlərini gücləndirməli idi. Bu istiqamətdə də aparılan işləri yetərli saymaq çətindir”.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə bildirdi ki, sözügedən məsələdə XİN-in rolu, sadəcə,  hüquq-mühafizə orqanlarının mövqeyini digər tərəfə çatdırmaqdır: “Yəni Laçın dəhlizində baş verən hadisələr Azərbaycanın ərazisində baş verir. Bu baxımdan Azərbaycan ərazisinin təhlükəsizliyi və orada sərhəddə nəzarətin tətbiq olunması məsələsində əsas məsuliyyət daşıyan qurumlar hüquq-mühafizə orqanları, sərhəd xidmətidir. Ona görə də məhz həmin qurumların bəyanatlarının olması daha yerinə düşərdi. Bu məsələdə XİN, sadəcə, vasitəçi kimi çıxış eləməlidir. Çünki daxili məsələlərlə Xarici İşlər Nazirliyi məşğul olmur. Təbii ki, bəlkə də daha məqsədəuyğun o ola bilərdi ki, DTX, DSX, Müdafiə Nazirliyi, DİN, Prokurorluq birgə hansısa bəyanat verəydi. XİN isə sadəcə olaraq, bu mövqeyi bəyanat şəklində Ermənistan tərəfə və dünyaya çatdıracaqdı. Amma gözləmək ki, XİN-in sözçüsü Prezidentin bəyan etmiş olduğu mövqeyə hansısa yeni elementləri daxil eləsin, bu da düzgün olmazdı. Şübhəsiz ki, Prezidentin məlum məsələ ilə bağlı mövqeyi daha sərt idi. Qarabağa Ermənistandan silahlıların gətirilməsi problemi gün-gündən aktuallaşır. Artıq bu barədə dövlət başçısı sərt formada danışırsa, məsələnin ciddiliyinə şübhə yeri qalmır. Dövlət başçısının açıqlamasından sonra hansısa nazirliyin bəyanatı əslində bir o qədər də böyük əhəmiyyət kəsb etmir”.

Bəs XİN-in mətbuat xidmətinin rəhbərinin açıqladığı bəyanatları adətən kim hazırlayır, kim yazır, nazir baxırmı?

Sabiq nazirin cavabı belə oldu: “Təbii ki, bəyanatları mətbuat xidməti təkbaşına hazırlamır. Bəyanatı təsdiqləyən, əlbəttə, nazirdir. Xüsusilə çox mühüm məsələ ilə bağlı bəyanatı hansısa idarə rəisinin ancaq öz bildiyi kimi hazırlayıb yaymasına mən təəccüb edərdim. Çünki XİN-in bəyanatları təkcə nazirliyin yox, dövlətin mövqeyini əks etdirən sənəd olur. Ona görə də bəyanatın hazırlanması ciddi nəzarət altında olmalıdır”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov: “Bəyanatı təsdiqləyən, əlbəttə, nazirdir”

T.Zülfüqarov nazir olduğu zamanlarda XİN-in bəyanatlarının necə hazırlandığını da xatırlatdı: “Nazir olaraq icraçını çağırırsan yanına, onunla bir yerdə bənd-bənd müzakirə edə-edə bəyanatı tərtib edirsən. Bəzi bəyanatların hazırlanmasına isə nazir müavinləri də cəlb olunur. Bəzilərinə idarə rəisləri cəlb olunur. Bu, şübhəsiz ki, indi də belədir”.

Dünyanınsəsi.Az