“YPG hələ də Suriya ərazisini tərk etməyib. ABŞ və Rusiya Suriya mövzusunda verilən vədləri yerinə yetirsə, Türkiyə də razılaşmalara riayət edəcək”. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Lakin Ərdoğan bildirib ki, Vaşinqton və Moskva ilə əldə olunan razışlaşmaların əksinə olaraq, YPG Suriya ərazisini hələ də tərk etməyib.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxış edən Ərdoğan ABŞ-ı ittiham da edib: “ABŞ hələ də Suriya ərazisində YPG ilə birgə neft istehsal etməyin yollarını axtarır. Amma terrorçular məhv olana qədər Türkiyə Suriya torpaqlarında fəaliyyətini davam etdirəcək və hər kəs bunu yaxşı başa düşməlidir”, – deyə Türkiyə lideri vurğulayıb.
Türkiyə prezidentinin bu açıqlamaları bir sıra müzakirələr doğurub. Qardaş ölkənin hər iki güclə münasibətlərinin Suriya məsələsinə görə getdikcə gərginləşəcəyi ilə bağlı ehtimallar səslənir. Eyni zamanda “Sülh çeşməsi” əməliyyatının dayandırılması üçün ABŞ və Rusiyanın YPG-nin Suriya ərazisindən çıxacağı barədə Türkiyəyə söz verməsini və bununla bağlı razılaşmaya əməl olunmamasını xüsusi vurğulayaraq, Ərdoğanın fikirlərinə haqq verənlər kifayət qədər çoxdur.
Politoloq Əhəd Məmmədli öncəliklə məsələnin Rusiya tərəfini şərh etdi: “İndiyə kimi Rusiyaya yönəlik kifayət qədər bu tipli açıqlamalar olub. Məsələn, Türkiyə dəfələrlə açıq şəkildə Krımın Ukraynanın ərazisi olduğunu bildirib, Krım türklərinin liderlərini qəbul edib və s. Ərdoğan bununla demək istəyir ki, ”Barış çeşməsi” əməliyyatı hər an davam edə bilər. Sonuncu terrorçu məhv edilməyənə qədər Türkiyə ordusu Suriyanı tərk edən deyil. Ərdoğan gözəl taktikdir. O, heç zaman eyni vaxtda bir neçə cəbhədə savaşmaz. Bir cəbhəni sakitləşdirən kimi, o biri cəbhəyə keçir. Həmçinin Türkiyə gücə çevrilməkdədir. Yəni eyni vaxtda həm ABŞ, həm Rusiya Türkiyə ilə hesablaşmağa məcburdur. Türkiyə həm ABŞ-a, həm də Rusiyaya bir-biriləri ilə mübarizədə lazımdır. Ərdoğan da bu fürsətdən maksimum dərəcədə yararlanır, buna Əbdülhamid siyasəti deyək. Artıq Türkiyə dünya və regionda vazkeçilməz partnyora çevrilib. Türkiyə reallığı ilə ABŞ da, Rusiya da hesablaşmağa məcburdur. Ərdoğanın sözlərinin, mesajlarının dalında güc dayanır. Və bu güc Türkiyənin nəyə qadir olduğunu ən yaxşı ABŞ-la Rusiya bilir. Ərdoğan əla diplomatdır. O nə vaxt hara qədər və necə gedəcəyini yaxşı bilir. Ona görə Türkiyənin eyni vaxtda həm ABŞ, həm də Rusiya ilə ciddi gərginləşmə durumunu yaşayacağını gözləmirəm”.
Politoloq Suriyada məsələnin təkcə terrorçular olmadığını düşünür: “Məsələ kürdlər deyil, Türkiyənin qarşısını almaqdır. Bu, xristian dünyasının əsrlərdir apardığı siyasətdir. Bu siyasətdə Türkiyə ərazisində yerləşən etniklər həmişə böyük güclər tərəfindən piyada rolunda oynadılıblar. Osmanlı vaxtında serblər, bolqarlar, yunanlar, ərəblər, ermənilər, indi də təəssüf ki, həmin güclər kürdlərdən istifadə edirlər. Məsələ Türkiyənin qarşısını almaqdır, qalanı təfərrüatdır. Ona görə kürdlərdən Qərbdə, Rusiyada belə bərk yapışıblar. Türkiyə YPQ tam tərk-silah olmayana qədər Suriyadan çıxan deyil. Bu açıq mesaj bütün tərəflərə verilib. Tərəflər türk əsgərinin Suriyanı tərk etməsini istəyirsə, ən azından YPQ-ni tərk-silah etməli və göstərilən ərazilərdən çıxartmalıdır. Əks təqdirdə, türk əsgəri hələ Suriyada çox qalmağa məcbur olacaq. Bu da Türkiyədən başqa heç kəsə sərf etmədiyi üçün YPQ probleminin çözülməsində digər tərəflər də maraqlı olmalıdırlar, ən azından Türkiyənin Suriyadan çıxmasına nail olmaq üçün. Dövlətlərin terror təşkilatları ilə əlbirliyi daim olub. Qərb də, Rusiya da bu təcrübədən çox istifadə edib, indi də edirlər. ABŞ-YPQ iş birliyi heç kəsə sirr deyil. Suriyada neft yataqları ABŞ-ın nəzarətindədir. Ona görə amerikalılar kürdləri dəstəkləyirlər. İŞİD-lə də neft ticarəti olub. Bu, sınanmış metoddur. Böyük dövlətlər terror təşkilatlarının nəzarətində olan neft yataqlarından birgə, səmərəli istifadə edir. Ərdoğanın ABŞ-a yönəlik səsləndirdikləri çox ciddi ittihamdır. Qardaş ölkə PKK-YPQ məsələsində çox qətiyyətlidir. Bunu keçirdiyi antiterror əməliyyatları ilə göstərir. Nəticələr göz önündə. Türkiyə ilə sərhəddə Kürdüstanın qurulmasına imkan verilmədi. Qarşıdakı hədəf PKK-YPQ-nin tam məhv edilməsidir”.