Paytaxt toyxanalarında canlanma: deyirlər ki, toy olacaq…

Hit ÖLKƏ
Spread the love

Artq  1 ilə yaxındır Azərbaycanda toy mərasimlərinin keçirilməsi qadağan edilib. Məlum səbəbdən, yəni dünyanı bürümüş pandemiya üzündən. Nəticədə xəbər lentlərində tez-tez bu və ya digər rayonda , evlərində “gizli toy, nişan mərasimləri keçirənlərin” aşkarlanması və cərimələnməsi haqda xəbərlərə rast gəlirik. Axı insanlar vəziyyətin mürəkkəb olmasına baxmayaraq həm də ailə qurmaq, oğul-uşaqlarını evləndirmək, onların xoşbəxtliyini görmək arzusundadır. Digər tərəfdən Azərbaycanda “toy sektoru” həm də çoxlu iş yerləri deməkdir və bu “sektorda” işləyənlər də toylara icazə verilməsini səbrsizliklə gözləyirlər.

Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxmaların azalmasını və vaksinasiyanın başlamasını nəzərə alaraq yanvarın 25-dən etibarən sərt karantin rejimini mərhələlərlə yumşaldır. Bu baxımdan əhali arasında toylara da icazə veriləcəyi haqda söhbətlər yayılmaqdadır. Hətta qapıları bir ildir bağlı olan şadlıq saraylarında bu söz-söhbətlərə görə artıq müəyyən canlanma da yaranıb. Gələn ay üçün yerlər sifariş verənlər artıb. Hətta bir çox  şadlıq evlərində mart-aprel ayları üçün boş yer qalmayıb.

 

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Royal” şadlıq evindən virtualaz.org-a bildiriblər ki, mart ayı üçün yerlər rezerv olunub, yalnız aprel ayı üçün 2-3 boş yer qalıb. “Həftəsonları artıq rezerv olunub. Hələlik operativ qərargahın qərarını gözləyirik. Buna görə də qiymətlər və menyu ilə bağlı qərar verməmişik”, -şadlıq evinin özünü təqdim etmək istəməyən əməkdaşı deyib.

Metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən “Gilavar” şadlıq sarayında da boş yer tapmaq çətindir. Sarayın inzibatçı Fərid Əhmədli bildirib ki, qərar verilərsə ilkin mərhələdə köhnə müştərilərə yer veriləcək. “Pandemiyadan əvvəl yer tutanlar çoxdur, onlar hələ də gözləyirlər. Ara məsafənin qorunması ilə nişan, toy təşkil etmək mümkündür. Məsələn, bizim zalın sahəsi  1200 kvadratmetrdir, 10 nəfərlik masaya 6 nəfər yerləşdirə bilərik”,-inzibatçı belə deyib.

 

Amma ara məsafənin qorunması ilə toy keçirilməsi ev sahibinə baha başa gələ bilər. Əhmədov deyir ki, məsələn, masanı dodurmaq üçün əlavə qidalar qoyulmalıdır. Buna görə də indidən qiymət danışa bilmirlər: “Pandemiya toy biznesini çökdürdü. Nə qədər insan bu sahədən evinə çörək aparırdı. Bir dəfəyə 50-60 kiloqram meyvə, ət, toyuq alınırdı. Bazar da ziyan çəkdi. Amma digər tərəfdən, qiymət artımına da gedə bilməyəcəyik,  çünki rəqabət çoxdur, hamı pandemiyadan sonra müştəri tutmağa çalışacaq”.

“Cıdır düzü” sarayının inzibatçısı Habil Ağayev də son yumşaltma tədbirlərindən sonra müraciətlərin artdığını təsdiqləyib. Onun sözlərinə görə, apreldə toylara icazə veriləcəyinə ümid edirlər. “Amma 50-60 nəfərlik mərasimlər də sərfəli deyil. Məsələn, 250 nəfərlik zalı 50 nəfər üçün doldurmaq olmaz. Hamı masanın boş olmamasını istəyəcək. İnsanları da qınamaq olmur”,-Ağayev deyib. Əlavə edib ki, müştəriləri arasında hər ay zəng vurub yerlə maraqlananlar var: “İlk olaraq keçən ildən sifariş verənləri yerlə təmin edəcəyik. Hələ də behini geri almayanlar var. İnsanlar fikirləşirlər ki, illərlə toya gediblər, niyə indi övladlarının şad günlərini görmək qismət olmasın? Toy edib cehiz alanlar var”.

“Grace Hall” şadlıq sarayının inzibatçısı Əli Nağıyev isə bildirib ki, martın 15-dən yer sifariş verənlər var.

“Xəzinə” şadlıq evində isə deyiblər ki, tək mart-aprel ayları, deyil, yay ayları üçün də indidən yer tutanlar var.  “Təkcə toy sahibləri deyil, ofisiantlardan tutmuş aşbazlara qədər hamı toyların başlamasını gözləyir. Toylara icazə vermək nə qədər adamın dolanmasıdır. Buna görə də səbirsizliklə verilən qərarı gözləyirik. Şərtlər açıqlanandan sonra menyunun qiymətinə də baxılacaq, hələlik qiymət dəyişikliyi yoxdur.

Qeyd edək ki, operativ qərargahın qərarı ilə karantin tədbirləri aprelin 1-dək uzadılıb.

 

Ü.Xudiyeva