Parisdə “xaos bombası”nın fitili çəkilib: “Partlayış” irqçiliyə çevrilib, Avropaya sıçraya bilər

DÜNYA Manşet
Spread the love

Sosial-iqtisadi narazılıq Fransanın daxili dinamiklərini hərəkətə gətirib və etiraz dalğasının yaxın gələcəkdə genişlənəcəyi gözlənilir…

Fransada liberalizmin çökmə prosesi ilə populyarlaşmaqda olan ultramillətçilər ölkəni ələ keçirə bilərlərsə, bu, “qoca qitə” üçün çox pis bir örnək olacaq…

Eyni problemləri yaşayan Avropaya “irqçiliyin ixracı” müasir siyasi sistemin dağılmasına, onsuz da mövcud olan milli-dini zəmində toqquşmaların intensivləşməsinə, “sosial xaosun hegemonluğu”na yol aça bilər…

Epidemiya dünyada bir çox anlayışı dəyişdi. Və dəyişməkdə də davam edir. “Yeni dünya”nın ilkin əlamətləri hələ yenicə ortaya çıxmağa başlayıb. Bu baxımdan, “yeni dünya”nın necə olacağını indidən təsəvvür etmək bir qədər çətindir.

Ancaq şübhə doğurmayan bəzi anlayışlar da artıq yox deyil. Belə ki, “yeni dünya”nın hamının vərdiş etdiyindən yaxşı olmayacağını artıq əminliklə söyləmək mümkündür. Əksinə, “yaşıl planet”də hər şeyin əvvəlkindən müqayisə edilməyəcək səviyyədə daha pis olacağı proqnozlaşdırılır.

fransa-mitinq-toqqusma.png (436 KB)

Maraqlıdır ki, son vaxtlar Fransada, xüsusilə də, paytaxt Parisdə baş verənlər diqqətlə izlənməkdədir. Hətta bir çox dünya ölkəsi üçün Paris iğtişaşları böyük narahatlıq qaynağıdır.

Təbii ki, bu narahatlıq öz növbəsində “Parisdə nə baş verir” sualını ön plana çıxarır. Hətta Parisdə baş verənləri gizli məmnunluq ilə müşahidə edənlər belə, özlərini gələcək təhlükələr barədə düşünmək məcburiyyətində hiss edirlər.

Onu da qeyd edək ki, Fransa, o cümlədən də, Paris Avropa üçün həmişə böyük hadisələrin başlanma məkanı olub. Bu ölkədə baş verən siyasi-ictimai formasiya dəyişiklikləri adətən, “qoca qitə”də örnək rolunu oynayıb. Hətta Fransanı “inqilablar ölkəsi” də hesab edirlər.

Onu da qeyd edək ki, sosial-siyasi təlatümlər adətən, daxili və ya xarici faktorların təsir mexanizmlərinin hərəkətverici qüvvəyə çevrilməsi ilə baş verir. Məsələn, “sarı jiletlilər” hərəkatı xarici faktorların təsiri ilə ortaya çıxmışdı. Bunu Fransanın Makron hakimiyyətinə “dərs vermək” istəyən ABŞ prezidenti Donald Tramp da etiraf etmişdi. Yəni, Fransanın daxili dinamikləri xarici təsir mexanizmləri ilə hərəkətə gətirilmişdi.

Ancaq bu dəfə situasiya ciddi şəkildə fərqlənir. Daxili dinamiklər elə daxili narazılıq faktorları ilə hərəkətə gəlmiş kimi görünür. Bu isə daha təhlükəli nəticələr vəd edir.

polis-121547.jpg (19 KB)

Çünki xarici müdaxilyə qarşı mübariz metodları, daxili narazılıqdan qaynaqlanan etiraz dalğasının yatırılmasında effektiv deyil. Birinci halda, atılan sərt addımlar daxili dəstək qazana bilər. Ancaq ikinci halda, istənilən sərt addım daxili dəstəyin istiqamətini etiraz dalğasına doğru yönəldir. Etiraz dalğasını daha da gücləndirir.

Onu da qeyd edək ki, Fransa müasir Avropanın ən önəmli sistem ölkələrindən biridir. Bu ölkədə başlaya biləcək istənilən siyasi-ictimai proses dövlət sistemi tərəfindən xeyli öncədən dəqiqliklə proqnozlaşdırılır.

Təbii ki, Makron hakimiyyəti də Paris iğtişaşlarının baş verəcəyini əvvəlcədən tam dəqiqliyi ilə bilirdi. Hətta bunun bir başlanğıc olduğunu və yaxın aylarda daha təlatümlü mərhələnin start götürəcəyindən də əmindir.

Düzdür, bəzi preventiv addımlar da atıldı. Belə ki, gözlənilən daxili etiraz dalğasını əvvəlcədən dini məzmunla yükləməyə də cəhd etdilər. Yəni Fransa cəmiyyətində müsəlmanlara qarşı qəzəb və nifrət yaradıb, dinlərarası qarşıdurma mühiti formalaşdırmağa çalışdılar. Və bununla da daxili narazılıq enerjisinin bu qarşıdurma sayəsində boşala biləcəyinə ümid bəsləyirdilər.

makron1.jpg (287 KB)

Ancaq baş tutmadı. Dinlərarası qarşıdurma ssenarisi iflasa uğradı. Məhz bundan sonra Makron hakimiyyəti yeni təlatümlərə fərqli hazırlıq prosesi başlatdı. Gələcəkdə daha sərt idarəçilik sisteminə keçidi təmin etmək üçün polisin qoruma altına alınmasına çalışdı. Yəni, kütləyə qarşı qəddarlıq edən polislərin sosial şəbəkələrdə və ya hər hansı internet resurslarında cəmiyyətə təqdim edilməsi qadağan edildi.

Bir sözlə, hər hansı polis nəfərinin cəmiyyətin qəzəbinə tuş gəlməsi və cəzalandılması ehtimalını əvvəlcədən önləmək cəhdi göstərildi. Və dərhal da sərt etirazlarla qarşılandı, bununla bağlı qəbul edilən hüquqi sənəd ləğv edildi.

İndisə, Makron hakimiyyəti birbaşa fransız xalqı ilə üz-üzə qalıb. Etirazlar da Makron hakimiyyətinin sosial siyasətinə qarşıdır.

Üstəlik, bu dəfə artıq Makron hakimiyyəti ilə fransız xalqı arasında Fransanın müsəlman toplumu dayanmayıb. Fransızlar sosial-iqtisadi durumun sürətlə pisləşməsinə etiraz edirlər. Və bu, Makron hakimiyyəti üçün olduqca xoşagəlməz situasiyadır.

Çünki ona etiraz edənlər artıq mühacirlər deyil, əksinə, ölkənin rahat həyat şərtlərinə vərdiş etmiş fransız əhalisidir. Onlarla qarşı isə müsəlmanlarla və yaxud Fransanın müstəmləkəsi olmuş Afrika ölkələrindən gələn digər mühacirlərlə davranılan metodlar o qədər də effektiv deyil. Və bu, Makron hakimiyyəti üçün faciəvi nəticələr verə bilər.

makron2 (2).jpg (80 KB)

Maraqlıdır ki, bəzi beynəlxalq ekspertlər Fransanın gələcəyi baxımından, o qədər də ürəkaçan qənaətdə deyillər. Onların fikrincə, daha böyük təlatümlər hələ qarşıdadır. Hətta yeni etiraz dalğasının genişlənərək, ölkəni dərin böhrana düçar edə biləcəyini də düşünürlər. Ehtimallar sırasında daha irəli mərhələ üçün qorxunc daxili xaos variantı da yer alır.

Ancaq Fransanın yeni və daha dərin daxili təlatümlərə düçar olması bütün dünya, xüsusilə də, Avropa üçün də təhlükə qaynağıdır. Çünki bu, Fransanın ultramillətçi siyasi cərəyanların təsiri altına düşməsinə də yol aça bilər.

Məsələ ondadır ki, prezident Emmanuel Makron maliyyə-iqtisadi dairələr tərəfindən hakimiyyətə gətirilmiş dövlət başçısıdır. Onun siyasi karyera yüksəlişində nənəsi yaşındakı zəngin arvadının xərclədiyi paralar önəm daşısa da, prezident seçilməsi Fransanın maliyyə-iqtisadi çevrələrinin birbaşa dəstəyi ilə reallaşıb.

Həmin ərəfədə Fransa ultramillətçi siyasi cərəyanların böyük sürətlə populyarlaşması mərhələsini yaşayırdı. Hətta tezliklə onların tezliklə hakimiyyəti ələ keçirə biləcəkləri də istisna olunmurdu. Və bunun qarşısını vaxtında almaq lazım idi.

Təbii ki, qarşısını aldılar. Emmanuel Makronun prezident seçilməsini təmin etdilər və təhlükə müvəqqəti də olsa, arxa plana keçirilmiş oldu. Eyni zamanda, E.Makron Fransada liberalizmin sonuncu siyasi təmsilçisi də hesab olunur.

makron3.jpg (33 KB)

Bəzi ehtimallara görə, Makron hakimiyyətinin iflası Fransa liberalizminin də çöküşünü şərtləndirə bilər. Yəni, əksər qənaətlərə görə, indiki situasiyanın müsbətə doğru dəyişməyəcəyi təqdirdə, Makron hakimiyyətini ultramillətçi siyasi cərəyanların sərt idarəçiliyinin əvəzləyə biləcəyi qətiyyən istisna deyil.

Maraqlıdır ki, hazırda bu ehtimaldan fransızlardan daha çox digər Avropa ölkələri narahatdırlar. Səbəbsə, çox sadədir. Belə ki, Fransada baş verən inqilabi siyasi dəyişikliklər digər Avropa ölkələrinə də öz birbaşa təsirini göstərir. Hətta Fransa Avropa ölkələrinə inqilablar ixrac edən ölkə də hesab olunur.

Ona görə də, əksər Avropa ölkələrində Fransada cərəyan edən ictimai-siyasi proseslər böyük həyəcan və diqqətlə müşahidə edilməkdədir. Hətta bəzi ölkələrin rəsmi dairələri ehtimal olunan “fransız sürprizi”nin ən pis variantına indidən hazırlaşmağa çalışırlar.

Məsələ ondadır ki, əgər, Fransada ultramillətçi siyasi cərəyanlar sosial-iqtisadi narazılıqdan bəhrələnib, hakimiyyətə gələ bilərlərsə, onda bu ölkədə qeyri-fransız əhalisinin, xüsusilə də, müsəlman mənşəli mühacirlərin hədəfə çevriləcəyi şübhə doğurmur. Çünki ultramillətçikərin sosial-iqtisadi problemləri həll edə biləcəkləri qətiyyən inandırıcı görünmür.

Bu isə o deməkdir ki, alternativ variant kimi, ölkədə milli-dini zəmində qarşıdurmaların və qara propoqandanın ön plana keçirilmə ehtimalı yüksəkdir. Yəni, ultramillətçilər irqçiliyi təbliğ etməklə, ölkənin bütün problemlərinin günahkarı qismində qeyri-fransızları hədəfə çıxara bilərlər.

muhacir-595d5a9479ba53a.jpg (137 KB)

Bu isə yalnız Fransaya xaos vəd etmir. Eyni zamanda, bütün Avropanı içinə çəkə biləcək bir prosesin başlaya biləcəyindən xəbər verir.

Məsələ ondadır ki, indi Fransa kimi, digər Avropa ölkələri də sosial-iqtisadi çətinliklərlə üz-üzə qalıb. Və bu vəziyyət bütün Avropada ultramillətçi və irqçi cərəyanlar üçün geniş imkanlar açır. Əksər problemlərin günahını gəlmələrə yükləməyə çalışan siyasi cərəyanlar sürətlə populyarlaşır.

Belə vəziyyətdə Fransada liberalizmin çökməsi ilə ultramillətçilər ölkəni ələ keçirə bilərlərsə, bu, “qoca qitə” üçün çox pis bir örnək olacaq. Fransa bir anda Avropaya irqçiliyi ixrac edən ölkəyə çevriləcək. Bu isə müasir Avropanın siyasi sisteminin çöküşünə paralel olaraq, onsuz da mövcud olan irqçi toqquşmaların intensiv xarakter alması deməkdir.

Ona görə də, hesab etmək olar ki, Fransa  hazırda Avropa üçün “fitili çəkilmiş xaos bombası” rolunu oynayır. Əgər, bu “bomba partlayarsa”, dalğası bütün Avropa vura bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)