“NİKOL ERMƏNİSTAN İQTİSADIYYATININ DİBİNİ QURDALAYIR” – Rusiya mediası da işğalçı ölkənin çökdüyünü yazır

Hit İQTİSADİYYAT
Spread the love

Rusiyalı jurnalist: “İqtisadiyyatı çökmüş ölkənin müharibə aparması üçün iki çıxış yolu olur…”

Rusiya mətbuatında Qarabağ müharibəsinin onsuz da bərbad gündə olan Ermənistan iqtisadiyyatını çıxılmaz duruma saldığına dair məqalə və şərhlərə getdikcə daha tez-tez rast gəlinir.

“Dünyanınsəsi.info” xəbər verir ki, rusiyalı jurnalist İqor Nikiforovun qələmə aldığı və Rusiyanın “NEWS.RU”, “Nezavisimaya Qazeta” və digər media orqanlarında dərc olunan məqaləsində Ermənistan iqtisadiyyatının müflisləşmə ərəfəsində olduğu bildirilir.

“Paşinyan Ermənistan iqtisadiyyatının dibini qurdalayır” başlıqlı məqalədə qeyd olunur ki, Ermənistan müharibəni davam etdirmək üçün maliyyə mənbələrinə malik deyil və bu mənbələrin axtarışı da heç bir nəticə verə bilməz: “İqtisadiyyatın çökdüyü bir şəraitdə müharibə üçün pul tapmaq problemini adətən iki yolla həll edirlər – əlavə nağd pul çap olunması və xarici borclanma. Heç də əsassız olmayaraq “Sorosçu” hesab edilən Ermənistanın hazırkı hakimiyyəti üçün ikinci variant faktiki olaraq, əlçatmazdır – kreditləri qaytaracaq heç nə yoxdur. Elə birinci variant da yaxşı heç nə vəd etmir. Belə ki, pul emissiyası hiperinflyasiyaya, qiymətlərin sürətlə artmasına və bundan doğan ağır nəticələrə gətirib çıxaracaq.

Daha sonra müəllif diqqəti Azərbaycanın məhv etdiyi erməni hərbi texnikasının miqyasına yönəldir: “Sentyabrın 27-dən başlayaraq, Azərbaycan hərbi qüvvələri Qarabağdakı döyüşlərdə Ermənistanın 2 milyard dollarlıq hərbi texnikasını məhv edib və qənimət kimi ələ keçirib. Təkcə bir “S-300” raket-zenit kompleksinin qiyməti təxminən 115 milyon dollardır. İstənilən halda, Ermənistana hətta köhnə hərbi texnikasının “reanimasiyası” üçün böyük vəsait lazımdır. Qarabağdakı müharibənin konfiqurasiyasını nəzərə aldıqda, yeni bərkidilmiş dayaq nöqtələrinin, ştabların, silah ambarlarının təşkili üçün də vəsaitə ehtiyac var. Ancaq bunun üçün pulu haradan tapmaq olar? Bu, böyük sualdır.”

 

 

Məqalədə eləcə də Ermənistanın maliyyə rezervlərinə, xarici borcuna və büdcə kəsirinə aid rəqəmlər təqdim edilərək, işğalçı ölkənin iqtisadiyyatının çöküş ərəfəsində olduğu vurğulanır: “Pandemiya onsuz da Ermənistan iqtisadiyyatını ağır duruma salmışdı. Gəlir vergisi 41.4 faiz, xaricdən köçürmələr isə 15.3 faiz azalmışdı. Təkcə Rusiyadan köçürmələr 28.2 faiz azalıb. Yalnız kredit xəttilə Ermənistan Rusiyadan 2015-ci ildə 200 milyon dollar, 2018-ci ildə isə 100 milyon dollarlıq silah alıb. 2020-ci ildə ölkənin hərbi büdcəsi isə cəmi 634 milyon dollar olub.

Qarabağdakı gərginlik onsuz da xarici köçürmələrin xilas etdiyi erməni iqtisadiyyatında neqativ tendensiyaları daha da gücləndirib. Mütəxəssislər 2020-ci ilin sonuna büdcə kəsirinin 670 milyon dollar olacağını proqnozlaşdırır. Bu, ÜDM-in 5 faizi deməkdir. Hökumət bildirirdi ki, büdcə kəsirini xaricdən borclanma hesabına örtmək mümkündür. Lakin Qarabağ ətrafındakı gərginlik nəzərə alınsa, xarici maliyyə institutlarına güvənmək mənasız görünür. Hələ iyul ayında xarici borc 8 milyard dollara çatmışdı ki, bu da ölkə tarixində rekord göstəricidir. Bunun qarşılığında Ermənistanın valyuta rezervləri cəmi 2.6 milyard dollardır.”

Ermənistanın Rusiya üçün “baş ağrısı”na çevrildiyini bildirən İ.Nikiforov bu ölkənin iqtisadiyyatının hələ müharibədən əvvəl əsas problemlərindən birinin xarici investisiyaların getdikcə azalması olduğunu qeyd edir. Və xüsusi vurğulayır ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistana əsas investisiya yatıran ölkə olan Rusiya İrəvanla iqtisadi münasibətlərinə yenidən baxmalı olub: “Misal üçün rusiyalı investorlar Paşinyan hökumətinin ölkədəki “Qazprom” və Rusiya Dəmir Yolları kimi şirkətlərin nümayəndəliklərinə qarşı cinayət işi qaldırmasını nəzərə alaraq, bütün risqləri hesablamalı olurlar. Nəticədə təkcə 2020-ci ilin birinci yarısında Ermənistan iqtisadiyyatının real sektoruna yatırılan xarici investisiyaların həcmi 38.6 faiz azalıb.”

 

 

Nəhayət, məqalənin sonunda müəllif bildirir ki, Rusiya Soros xəttini tutan Paşinyan hökumətinə və dövlət olaraq Ermənistana etibarlı tərəfdaş kimi baxa bilməz. Və xüsusi olaraq qeyd edilir ki, bu münaqişədə Rusiyanın Azərbaycanla geniş, inkişaf etmiş siyasi əlaqələrə malik olması və bu əlaqələrin “strateji tərəfdaşlıq” səviyyəsində qiymətləndirildiyi mütləq nəzərə alınmalıdır.

Göründüyü kimi, Ermənistan iqtisadiyyatının çökdüyünü və Azərbaycanla nəinki uzun, hətta nisbətən orta müddətli savaşa belə tab gətirə bilməyəcəyini artıq Ermənistanın əsas havadarı sayılan Rusiyada da etiraf edirlər. Elə Paşinyanın və ümumilikdə erməni cəmiyyətinin çığır-bağırı, eləcə də işğalçı ölkənin baş nazirinin Vladimir Putinə son yalvarışlarının da əsas səbəblərindən biri budur.

 

Dünyanınsəsi.Az